Bu gün keçirilən qurultayda Xalq artisti, professor Firəngiz Əlizadə yekdilliklə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib.
Bunu Teleqraf.com-a açıqlamasında İttifaqın mətbuat xidmətinin rəhməti Səadət Təhmirazqızı deyib.
O bildirib ki, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda gerçəkləşən XI qurultayında mədəniyyət naziri Adil Kərimli, ABİ-nin İdarə heyəti, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
"Qurultayda qurumun sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadənin hesabat məruzəsi dinlənilib. Firəngiz Əlizadə Azərbaycan bəstəkarlarının son illərdə qazandığı uğurlardan, ittifaq tərəfindən həyata keçirilən layihələrdən, gənc musiqiçilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, 2019-2024-cü illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslar öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişafına töhfə veriblər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan musiqi sənətinin qədim tarixə və zəngin ənənələrə malik olduğunu bildirib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi qayğıdan danışan Adil Kərimli deyib ki, ölkəmizdə ayrı-ayrı sənətkarlarla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının da fəaliyyətinə dəstək verilir. Bu qayğının sayəsində klassik və müasir bəstəkarlarımızın əsərləri dünyanın məşhur səhnələrində səsləndirilir.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi və şanlı Ordumuzun qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Tarixi Qələbəmiz digər yaradıcılıq istiqamətləri ilə yanaşı, musiqi əsərlərində də yaşadılmalı, Vətən övladlarının misilsiz qəhrəmanlığı musiqinin dili ilə vəsf olunmalıdır".
Bildirilib ki, digər çıxışlardan sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə ilə Xalq artisti, professor Firəngiz Əlizadə yekdilliklə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib.
Qurultayda eyni zamanda ittifaqın İdarə heyəti və Nəzarət-təftiş komissiyasının tərkibi də müəyyənləşib.