9 İyul 2014 18:41
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsində 2014-cü ilin 1-ci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, müşavirəni giriş sözü ilə açan Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili işlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib.

Nazir Ramil Usubovun rəhbərliyi ilə əldə edilən bu nailiyyətlərdə nazirliyin əsas strukturlarından biri olan Bakı şəhər Baş Polis İdarəsinin də xüsusi xidmətləri olduğunu diqqətə çatdıran Rafiq Abbasov hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatın qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd edib.

Müşavirədə qeyd olunub ki, hesabat dövründə paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qabaqlayıcı profilaktiki tədbirlər ön plana çəkilib, yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə gücləndirilib, nəticədə qeydə alınmış hadisələrin sayı 8,5% (485-dən 444-dək), yaralananların sayı 12,2% (499-dən 438-dək), hadisə nəticəsində ölənlərin sayı isə 13,7% (161-dən 139-dək) azalıb, qeydə alınmış 139 ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 93,0%-nin açılması təmin olunub.

Mövcud qaydaları davamlı və kobud şəkildə pozan, ictimaiyyətə açıqca hörmətsizlik edən avtoxuliqanlara qarşı aparılan mübarizə kifayət qədər səmərəli olub, 81 avtoxuliqan yaxalanaraq məhkəməyə verilib.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən mərasimlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.

Rafiq Abbasov əməliyyat müşavirəsinə yekun vuraraq nöqsanların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib. Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisinin şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq.

Hacı Zeynalov


Müəllif: