Bu gün Bakı Apelyasiya Məhkəməsində NİDA vətəndaş hərəkatının üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Rüstəmzadənin vəkili Elton Quliyev çıxış edib. O, bildirib ki, İlkin Rüstəmzadə xəstəliyi ilə əlaqədar müayinə olunmalıdır. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsin müayinə olunması üçün Penitensiar Xidmətdə və Bakı İstintaq Təcridxanasında şərait yoxdur.
Vəkil İlkin Rüstəmzadənin müayinə olunması üçün qərar qəbul edilməsini xahiş edib. Hakimlər vəsatəti baxılmamış saxlayıb.
Daha sonra vəkillər ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kasasiya şikayəti verdiklərini deyiblər. Onlar kasasiya şikayətində apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər.
Məhkəmə iyulun 18-də davam etdiriləcək.
Xatırladaq ki, “Nida”nın 7 üzvü həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində onlar barədə Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.
İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, Üzeyir Məmmədli 7 il, Rəşadət Axundov 8 il, İlkin Rüstəmzadə 8 il, Bəxtiyar Quliyev 7 il, Məmməd Əzizov 7 il 6 ay, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, indiyə qədər “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Elsevər Mürsəliyev prezident İlham Əliyevə müraciət ediblər.
Hacı Zeynalov