Mümkündür ki, bunun əsas səbəbi “Rövşən Lənkəranski”yə yaxın olmuş kriminalların “Hacı Beyləqanski” ətrafında cəmləşmək variantıdır...
Son günlər Rusiyanın kriminal aləmində yeni çalxalanma müşahidə olunmaqdadır. Rusiyadakı kriminal cəbhələr arasındakı savaş indilikdə “informasiya müharibəsi” səviyyəsində gedir. Hətta bu mübarizə indi özünü “qara piar” və dezinformasiya xarakterli məlumatlarda göstərir.
Bu əsnada bir-birinə qarşı duran tərəflər-"Lotu Quli" kimi tanınan “qanuni oğru” Nadir Səlifovun və ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” “Rövşən Lənkəranski” (Rövşən Canıyev) qruplaşmaları arasında mübarizə daha da qızışıb. “Lotu Quli” uzun illərdir ki, “Lənkəranski” klanı ilə mübarizədədir. “Lənkəranski”nin qətli və “Şakro”nun həbsə düşməsindən sonra “Quli” tərəfdarları xeyli fəallaşıb. Bu fəallıq isə “Lənkəranski” klanında əsas fiqurlardan biri olan “Hacı Beyləqanski” kimi tanınan “qanuni oğru” Hacıbaba Talıbxanlının hədəfə alınmasında özünü göstərir.
Müşahidələr göstərir ki, Rusiyanın kriminal aləminə yaxın KİV-lər də əsas hədəf indi məhz “Hacı Beyləqanski”dir.
35 yaşlı “Hacı Beyləqanski” “Lənkəranski” klanında indi ən parlaq fiqurlardan biri və bəlkə də birincisidir. Bu səbəbdən də onun indi daha çox hədəf seçilməsi təsadüfi ola bilməz. Yada salmaq lazımdır ki, ötən ilin avqustunda məlum sui-qəsd təkcə “Lənkəranski”nin yox, həmin vaxt yaxınlıqda olmuş “Hacı Beyləqanski”nin də öldürlməsinə hesablanmışdı. Bu baş tutmadıqda, bu dəfə onu hətta guya onun sui-qəsdə əli olması barədə Türkiyə mediasına “istinadən” versiyalar ortaya atılmışdı. Amma bu “qara piar” alınmadı, tezliklə onu azadlığa buraxdılar.
Hələ o zaman kriminal dairələrdə “Hacı Beyləqanski”nin “Lənkəranski”dən sonra klana rəhbərlik edə biləcəyi haqda danışılmağa başlanmışdı. Maraqlıdır ki, “Lənkəranski”nin varidatı və obyektləri uğrunda dartışmalar getdiyi haqda mediada saysız-hesabsız məlumatlar yayılsa da, onun adı heç vaxt bu kimi “bölgülərdə” hallanmadı. Bu da “Hacı Beyləqanski”nin “Lənkəranski”nin əsl dostu olduğu barədə xəbərləri doğruladı.
Onun “Lənkəranski” ilə dostluğunun tarixi 2000-ci ilə təsadüf edir. 1982-ci il martın 29-da Beyləqanda anadan olmuş Hacıbaba Talıbxanlı 2000-ci illərin əvvəllərində Moskvaya gedib. Gənc olmasına baxmayaraq, tezliklə ən nüfuzlu “qanuni oğru”ların diqqətini özünə çəkə bilib. Elə Moskvada da “Rövşən Lənkəranski” ilə tanış olub.
Bu, o ərəfələr idi ki, “Lənkəranski” özü “qanuni oğru” adını yenicə almışdı. Rövşənlə qarşılıqlı dostluq münasibətləri onu sonradan təkcə MDB məkanında deyil, digər Avropa ölkələrində də söz sahibinə çevrilmiş “Lənkəranski” klanına bağladı. Onun adı mediada çox hallanmırdı, amma o, həmişə “Lənkəranski”nin yanında, yaxınında ən yaxın adamı olub. Belə məlumatlar da var ki, “Lənkəranski” doğurdan da ona təkcə sirlərini deyil, həm də dost kimi kürəyini etibar edirmiş...
“Qanuni oğru”lar arasında savaş qızışanda “Lənkəranski” Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçür və “Hacı Beyləqanski” də onunla bərabər bu ölkəyə gedir. Ona “qanuni oğru” adı da Dubayda verilib. İndiki dövrün ən taınmış “qanuni oğru”ları 2012-ci ilin dekabrında onu “taclandırıblar”. Onu “taclandıranlar” arasında “Rövşən Lənkəranski” ilə yanaşı Tariyel Oniani (“Taro”), Qivi Tbilisski, Koba Baqdatski, Timoxa Qomelski, Siripa Kutaisski, İka Suxumski, Cemo, Romik Kurd kimi “qanuni oğru”lar olub. (bax: foto-2).
İstanbuldakı məlum sui-qəsdən sonra “Hacı Beyləqanski” “izini itirdi” və onun indi harada olması haqda mediada dəqiq bilgi yoxdur. Amma son günlər onun adının mənfi planda hallandırılması yeni də “Hacı Beyləqanski” yə diqqəti artırıb. İddia olunur ki, onun “qanuni oğru” adı kriminalların jarqonu ilə ifadə etsək, kimlərsə tərəfindən “tormozlandırılıb”. Burada əsas fiqur kimi “qanuni oğru” Valter Caçeyanın adı hallanır. Səbəb? Bunla bağlı isə yazılan iddialarda heç bir səbəb göstərilmir, həmin “qərarın” niyə verildiyi əsaslandırılmır. Əsaslandırma isə kriminal aləmdə ən vacib məsələdir. Həm “qanuni oğru” adı verildikdə, həm bu ad “geri alındıqda” əsaslandırma mütləqdir.
Məlumata görə, əslində Valter özü, onun bacısı oğlu Tengiz Kursaqiya və yeznəsi Dato Sva(onlar da “qanuni oğru”lardı) “Hacı Beyləqanski”nin yaxın dostlarıdır və onu dəstəkləyirlər. Üstəlik, xəbərlərdə deyilir ki, “Şakro” və “Tyurik” kimi tanın çox nüfuzlu “qanuni oğru” Vladimir Tyurinin də “Hacı Beyləqanski” ilə yaxşı münasibətləri var, ona dəstək verirlər.
Xatırladaq ki, 2012-ci ildə “Ded”in adamları “Lənkəranski”nin titulunun əlindən alınmasına cəhd etmişdilər. Qərar qiyabi qəbul edilmişdi, amma heç bir qüvvəyə malik deyildi. Çünki “qanuni oğru”nun özü olmadan onun titulu barədə hər hansı bir qərar qəbul etmək düzgün deyil.
Belə versiya irəli sürmək mümkündür ki, Rusiyadakı azərbaycanlı klanı nəhayət toparlanmaq niyyətindədir. Mümkündür ki, indi Rövşənə də ən yaxın olan kriminalların “Hacı Beyləqanski” ətrafında cəmləşmək variantı olsun. Bu səbəbdən də indi onu hədəf seçib barəsində doğru olmayan xəbərlər yayırlar...
Musavat.com