21 İyul 2014 15:36
1 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daha bir yeni doğulmuş uşaq ölümü qeydə alınıb.

Alınan məlumata görə, hadisə Ağdam Mərkəzi Rayon Xəstəxanasında baş verib.

İyulun 19-da 1990-cı il təvəllüdlü Aynur Səfərova doğuş üçün xəstəxanaya yerləşdirilib. Atası Fikrət Səfərovun sözlərinə görə, yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyz olmayıb: “Nəhayət, küveyz tapıldıqdan sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildirdilər. Bərdədən həkimi də gətizdirdik. Gördük ki, burada problem olur, təklif etdik ki, ya Bakıya, ya da Gəncəyə aparmağa göstəriş versinlər. Dedilər ki, bizim buna ixtiyarımız yoxdur”.

F.Səfərovun sözlərinə görə, daha sonra Bakıya aparmaq üçün uşaqları atasına veriblər: “Lakin bunun üçün hansısa təcili yardım avtomobili verilməyib. Əkizləri taksi ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətiriblər. Uşağın biri yolda dünyasını dəyişib. Bakıdakı həkimlər bildirdilər ki, əgər uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi”.

F.Səfərov həmçinin qeyd edib ki, ananın vəziyyəti normaldır, xəstəxanadan çıxarılıb.

Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova isə bildirib ki, Aynur Səfərovanın ailəsi məcburən, həkimlərin icazəsi olmadan uşaqları xəstəxanadan çıxarıb: “1 kq və 1 kq 200 qram çəkidə doğulan uşaqlar idi. Yarımçıq doğuş idi. Onların yaşamaq şansı çox az idi. Ona görə də o uşaqların nə Bərdəyə, nə də Bakıya aparılmasına icazə vermirdik. Bizim xəstəxanada küveyz var. Uşağın ikisi də küveyzə qoyulmuşdu. Lakin uşaqların qohumları təkid edirdi ki, uşaqları Bərdəyə aparırıq”.

G.Səfərova əlavə edib ki, A.Səfərova hamiləliyi dövründə onların xəstəxanasında müalicədə olunmayıb: “Aynur Səfərova bizim xəstəxananın ərazisində yaşasa da, 7 ayına qədər Bərdədə müalicə olunub. Buna baxmayaraq, xəstəxanaya gətiriləndə biz onu qəbul etdik, gec saatlarda olmasına baxmayaraq, həkimi Tərtərdən geri qaytardım. Ana xəstəxanaya ağrıları başlamış vəziyyətdə gətirilmişdi. Biz ona sevindik ki, əsas ana xilas oldu. Çünki çox çətin vəziyyətdə idi. Doğuşdan iki gün əvvəl ana qarpızdan zəhərlənmişdi. Ola bilər ki, ana zəhərləndiyi üçün də erkən doğuş olub”.

/APA/


Müəllif:

Oxşar xəbərlər