20 Aprel 2019 14:48
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadın alveri etməkdə ittiham olunan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Gülbəniz Quliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əli Məmmədovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə iclası başlanacaq.

İstintaq orqanı tərəfindən Gülbəniz Quliyevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.

İttihama görə, ötən ilin noyabrın əvvəllərində Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Gülbəniz Quliyeva tutularaq istintaq orqanına təhvil verilib.

Məlum olub ki, Gülbəniz Quliyeva Azərbaycan vətəndaşı olan bir qrup qadını Türkiyəyə aparıb. Orada həmin qadınları kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə edib.

2018-ci ilin əvvəlində Azərbaycana qayıdan zərərçəkmiş qadınlar baş idarəyə şikayət ediblər. Şikayətlər araşdırılıb, Gülbəniz Quliyevanın insan alveri cinayəti törətməsi məlum olub, həmin ilin əvvəlində onun barəsində axtarış elan edilib.

Gülbəniz Quliyeva bu günlərdə keçirilən əməliyyat nəticəsində həbs edilib.

Gülbəniz Quliyeva evlidir, orta təhsilli olub və əvvəllər məhkum olunmayıb.

Onun qadın alveri ilə məşğul olan mütəşəkkil dəstənin başçısı olduğu qeyd edilir.

Bu cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər