26 Noyabr 2020 14:04
2 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bacısını öldürməkdə təqsirli bilinən Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Babək Fərzalıyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Babək Fərzalıyev qeyri-rəsmi nikah münasibətində olub azyaşlı övladı ilə birgə anasına məxsus evdə yaşayan bacısı Aytən Fərzalıyevanın əxlaqsız həyat tərzi keçirməklə ayrı-ayrı kişilərlə mütəmadi intim münasibətdə olmasından şübhələnib.

O, bacısından əməllərindən çəkinməsini və onunla birgə yaşamasını dəfərlərlə tələb etsə də, bunun faydasız olduğunu görüb. Bu səbəbdən bacısını öldürmək qərarına gəlib.

Aytən qardaşından mərhum bacısı və anasının qəbirlərini ziyarətə aparmaq xahişini edib. Babək planlaşdırdığı cinayət əməlini başa çatdırmaq üçün əlverişli şərait yarandığını görüb.

24 noyabr 2019-cu il saat 12 radələrində Babək Fərzalıyev “20 yanvar” metrostansiyası yaxınlığında bacısı ilə görüşüb, onunla birlikdə taksi ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlığa gəlib.

Məzarları ziyarət edərkən yenidən Babək Fərzalıyev bacısından əxlaqsızlıqdan çəkinməyini, onunla birlikdə yaşamağı təklif etsə də, bacısı ona kobud cavab qaytarıb, öz həyatını yaşayacağını bildirib.

Bundan hiddətlənən Babək Fərzalıyev bıçaqla bacısının sinə nahiyəsinə çoxsaylı zərbələr yetirib. 23 bıçaq xəsarəti alan qadın hadisə yerində ölüb.

“Anam və bacım intihar etdi”

İstintaq orqanı tərəfindən Babək Fərzalıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək Fərzalıyev bildirib ki, atası Asəf Fərzalıyevlə birlikdə yaşayıb və Yasamalda 1 nömrəli cüdo-sambo idman məktəbində müəllim işləyib:

“2014-cü ilin avqust ayının əvvəllərində kiçik bacım Aytən mənə məlum olmayan səbəbdən evdən getdi. Təxminən 10 gün sonra evə qayıtdı. Aytən evə qayıtdıqdan sonra 12 avqust 2014-cü il tarixdə anam Kifayət Abbasova və bacım Yeganə yaşadığımız evin 9-cu mərtəbəsindən özlərini ataraq intihar etdilər.

Həmin hadisə ilə bağlı anam ilə bacımın ölümündə atam təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu”.

“Özünü günahkar bildi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, anasının məhkəməsinin gedişi zamanı hərbi xidmətdə olub: “İfadə vermək üçün məhkəməyə gətiriləndə bacım Aytən heç bir zaman mənimlə üzbəüz gəlmədi. Aytən atama qarşı ibtidai istintaqda və məhkəmədə ifadə verdi, anamla bacımın ölümündə atamı günahlandırdı.

Mən hərbi xidmətdən qayıdanda atam cəzaçəkmə müəssisəsində idi, Aytən isə həmin vaxt uşaq evindən yeni çıxmışdı. Aytən məni “İnstagram”da tapdı, görmək istədiyini dedi. Aytənlə görüşəndə hər şeyin ona görə olduğunu bildirdi.

Aytən evdən çıxıb getdiyinə görə bacıları ilə analarının ölümündə və atalarının həbs olunmasında özünü günahkar bildi. Sonra Aytənlə birlikdə yaşamağı təklif etdim, ona baxacağımı dedim. Aytən isə öz həyatı olduğunu, ona heç kimin qarışa bilməyəcəyini söylədi”.

“Bacımı gecə klublarından birində gördüm”

Babək Fərzalıyev qeyd edib ki, bu söhbətdən bir il keçdikdən sonra Aytən ona “WhatsApp” danışıq proqramı vasitəsilə yazıb və görüşmək istədiyini deyib: “Aytən həmin görüşə rəfiqəsilə gəldi. Ümumi söhbət etdikdən sonra Aytənə 50 manat verdim. Bundan 1-2 gün sonra yenidən Aytənlə görüşdüm. Bu dəfə bacım görüşə tək gəldi, məndən 100-150 manat pul istədi. Mən də həmin məbləğdə pulu bacıma verdim.

Təxminən 7 ay əvvəl Binəqədi rayonunda yerləşən adını xatırlamadığım gecə klublarından birində bacım Aytəni gördüm”.

“Videosunu mənə atmışdı”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Aytən yanında 2-3 qızla birlikdə qəlyan çəkirmiş: “Bunu görən kimi həmin yeri tərk etdim. Daha sonra gecə klubunda məhz Aytənin olub-olmamasını bilmək üçün yenə ora getdim. Bacımı yenə orada gördüm.

Aytən mənimlə telefonla danışanda heç kimin onun həyatına qarışa bilməyəcəyini təkrar etdi. Təxminən 5 ay əvvəl Aytən mənimlə telefonla danışanda uşağı olduğunu, adını Hüseyn qoyduğunu demişdi, videosunu da mənə atmışdı. Onda bilmişdim ki, bacımın övladı var”.

“Uşağın atasının həbsdə olduğunu bildim”

Babək Fərzalıyev qeyd edib ki, hadisədən təxminən bir həftə əvvəl Aytən telefonda ondan yenə 100 manat pul istəyib:

“Çay evində işlədiyimi, həmin obyektin kirayə pulunu verə bilmədiyimi dedim. Həmin danışıqdan sonra axşam saat 19 radələrində Aytənlə “Başkənd” kafesində görüşdüm. Növbəti dəfə ona baxmaq istədiyimi, mənimlə yaşamasını təklif etsəm də, bunu qəbul etmədi. Bu dəfə Aytən məndən 400 manat istədi. Mən də həmin məbləğdə pulu ona verdim. Aytənin uşağının atasının həbsdə olduğunu da onda bildim”.

“Məqsədim bacımı öldürmək olub”

Babək Fərzaliyev deyib ki, hadisədən bir neçə gün əvvəl Aytən yenə zəng edib, meyvə-tərəvəz dükanından borc pul götürdüyünü deyib: “Məndən 100 manat istədi, mən də həmin məbləğdə pulu ona verə biləcəyimi dedim.

Aytənlə hadisə baş verən gün, yəni 24 noyabr 2019-cu il tarixdə, saat 11 radələrində “20 yanvar” metrosunun yanında görüşdük. Aytən yenə tək yaşamaq istədiyini, onun həyatına kimsənin qarışa bilməyəcəyini dedi.

Həmin görüşə gedəndə təxminən 4-5 gün əvvəl “Sədərək” bazarında tanımadığım bir satış məntəqəsindən aldığım əllə açılan bıçağı da götürmüşdüm. Bıçağı almaqda məqsədim bacımın gecə həyatından imtina etdirə bilməsəm, onu öldürmək idi”.

“Atamızı təhqir etdi”

Babək Fərzaliyevin ifadəsinə görə, sonuncu görüş zamanı, yəni hadisə günü görüşdükdən sonra Aytəni öz istəyi ilə anası və digər mərhum bacısı Yeganənin qəbrini ziyarət etmək üçün Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlığa aparıb: “Taksi bizi orada düşürtdükdən sonra getdi. Qəbiristanlıqda həmin vaxt bizdən başqa heç kim olmayıb. Aytən anam Yeganənin qəbrini ziyarət edəndə ağlamağa başladı və atamızı yenə də günahkar bilərək təhqir etdi”.

“Boğazını bıçaqla üzdüm”

Babək Fərzalıyev qeyd edib ki, bu vaxt artıq əsəblərini cilovlaya bilməyib və üzərində özü ilə gətirdiyi bıçaqla anasının qəbrinin sinə daşının qarşısında birinci Aytənin qarın nahiyəsinə sol əli ilə bıçaq zərbəsi vurub:

“Aytən dizini yerə atdı, səsini çıxarmayaraq xırıldadı. Sonra yerə yıxılmış vəziyyətdə olan Aytənin sinəsinə, kürəyinə və bədəninin xatırlamadığım müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vurdum. Sonra Aytən bir az ayağa qalxmaq istədi, həmin an Aytənin boğazını bıçaqla üzdüm. Ancaq başı bədənindən ayrılmadı.

Sonra ayağından tutaraq sürüyərək qəbirlərin yerləşdiyi yerin ayaq tərəfinə apardım. Orada Aytən öldü. Aytənin öldüyünə əmin olduqdan sonra hadisəni törətdiyim bıçağı özümlə gətirdiyim sellofan torbaya bükərək gödəkcəmin cibinə qoydum və yaşadığım evə getdim. Əynimi dəyişdikdən sonra könüllü olaraq evin yanında yerləşən Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə getdim, bıçağı təhvil verərək hadisəni olduğu kimi etiraf etdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babək Fərzalıyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov