Bakının Nəsimi rayonunda 1987-ci il təvəllüdlü Paşa sevgilisi Gülşəni (adlar şərti verilib – red.) döyüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 11-də saat 23.30-da baş verib.
İstintaq orqanı tərəfindən Paşanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Paşa ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, dekabrın 11-də saat 21.00-da Gülşənlə "28 May" mətrostansiyasının yaxınlığında görüşüb və gəzə-gəzə Maliyyə Nazirliyinin yanına gəliblər: “Saat təxminən 23.30-da həmin yerdə aramızda mübahisəsi yarandı, Gülşəni söydüm. O da məni söydü. Onu döydüm, oradan getdi”.
Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb.
Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.
Bu səbəbdən Paşanın barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib.