1 İyul 11:28
2 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin keçmiş həyat yoldaşı Nərminə Ələkbərova ifadə verib.

Qeyd edək ki, Çingiz Mehdiyev ilə Nərminə Ələkbərova hələ rəsmi olaraq boşanmayıblar. Bu barədə Nərminə Əkbərovanın nümayəndəsi məlumat verib. Məhkəmə prosesinin gedişində hakim Leyla Əsgərova-Məmmədova şahidin ifadəsini elan edib.

Nərminə Ələkbərova ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib.

Nərminə Ələkbərova istintaqa verdiyi ifadəsində ərinin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına Amerikada bahalı mülklər aldığını deyib.

O, əri ilə üzləşməsində də onu ifşa edib. Nərminə həmçinin Çingizin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə yüklü miqdarda pullar köçürməsindən də danışıb.

Daha sonra Çingiz Mehdiyevin vəkili Faiq Nəcəfov Nərminə Əkbərovaya bəzi suallar ünvanlayıb. Nərminə Əkbərova məhkəməyə sürücü Mais Malik oğlu Abdullayevin ailəvi sürücüsü olmağının tarixçəsini danışıb.

Məlum olub ki, Mais Abdullayevlə onların ailəsini Nərminə Əkbərovanın iş yoldaşları tanış edib.

Həmçinin Mais Abdullayevin fiziki şəxs kimi hesabı "Unibank"da, yəni Nərminə Əkbərovanın işlədiyi bankda olub: "2018-ci ildən isə Çingiz Mehdiyevin qanunsuz işləri barədə məlumat topladım, 2023-cü ildə onun əməlləri barədə istintaq orqanına məlumat verdim. Hətta uşağımı da əlimdən aldı".

Vəkil Faiq Nəcəfov isə uşaqla bağlı məhkəmə psixoloji ekspertizası təyin olunduqdan sonra qızın Nərminə Əkbərovanın əlindən alındığını bildirib.

Çingiz Mehdiyev də qızının onda qalmaq məsələsinə aydınlıq gətirib: "2019-cu ildən Nərminə Əkbərova ilə ayrı yaşasaq da, 2023-cü ildə mən boşanma ilə bağlı məhkəməyə müraciət etdim. Uşaq da məhkəmənin qərarı ilə mənə verilib, qızım mənimlə qalmaq istədi, mənim yanıma gələndə 15 yaşı var idi. Artıq iki ildir qızımı mən saxlayıram. Boşanmaya ərizə verdikdən sonra Nərminə xanım şəxsi qərəzlik edərək məndən istintaq orqanına şikayət etdi".

Bundan sonra vəkil Faiq Nəcəfov bir neçə vəsatət verib. O deyib ki, Çingiz Mehdiyevin əmlaklarının üzərinə həbs qoyulub, ancaq həmin əmlaklar Çingiz Mehdiyevin anasına məxsusdur və bu hadisədən uzun illər qabaq alınıb: "Əmlakların dəyəri 1 milyondan artıqdır, ancaq onun üzərinə qoyulan mənimsəmə 400 min manat civarındadır, onun da 100 min manatını ödəyib. Qoy onun bir evi, qiymətləndirici şirkət tərəfindən 510 min manat dəyərləndirilən evin üzərində həbs qalsın, qalan əmlakların üzərindən isə həbs götürülsün. Çünki Çingiz Mehdiyevin qazanc yeri yoxdur, həmin əmlaklarını satıb müəyyən problemlərini həll etmək istəyir".

Dövlət ittihamçısı Orxan Səmədov vəkilin vəsatətinin təmin edilməməsini istəyib. Hakim vəsatəti təmin etməyib

Növbəti prosesi iyulun 22-də davam edəcək.

İttihama görə, Çingiz Mehdiyev İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.

Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesablna 1.436.735,18 manatı köçürməklə leqallaşdırıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur. Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.

Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.

İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb.

Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər