4 Noyabr 11:52
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxsin - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin şikayətləri qismən təmin olunub.

Qərara göeə, Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Elçin Əliyev və Sənan Maşıyevin hər birinin cəzası 3 ay azaldılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsinin qərarı qismən nəzərə alınmaqla, təqsirləndirilən Ruslan Mikayılov 6 il 7 ay, Sənan Maşıyev 4 il 7 ay 10 gün, Cabir Qəhrəmanov 6 il 5 ay 5 gün, Elçin Əliyev isə 5 il 5 ay 5 gün azadlıqdan məhrum etmə cəzası hesablanıb.

Hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.

Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib.

Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər