22 Dekabr 2015 19:05
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdən çıxan gənc oğurluqdan əldə etdiyi pulları yol xərci edərək tanışının yasına getdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Əlixan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Əlixan Hüseynov 29 iyul 2014-cü il tarixdə saat 18 radələrində Şəmkir şəhəri "Xırman" adlanan yaşayış massivində Habil Həşimova məxsus tikintidə usta işləyən Əbülfət Vəliyevin 40 manat dəyərində bir ədəd "lobzik"i, 40 manat dəyərində bir ədəd elektrik rəndəsini və 80 manat dəyərində bir ədəd elektrik mişarını oğurlayıb.

Bundan başqa, o, avqustun 6-da gecə saat 3 radələrində Əli Qasımovun Şəmkir şəhəri Məhəmməd Əsədov küçəsində yerləşən evindən bir ədəd 90 manat dəyərində qızıl qadın üzüyünü, 35 manat pulu, sonra isə Əli Qasımovun evə bitişik olan gündəlik tələbat malları mağazasından 4 manat 80 qəpik dəyərində 3 ədəd "KENT-8" markalı siqareti ələ keçirib.

Daha sonra, Əlixan Hüseynov avqustun 8-də, saat 20 radələrində Rəşad Pirverdiyevin Şəmkir şəhəri Rövşən Rəhimov küçəsində saxladığı VAZ-21063 markalı avtomaşınında olan 45 manat dəyərində "Pioneer" markalı maqnitofonu təkrarən gizli talayıb.

Əlixan Hüseynov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü (oğurluq) maddələri ilə ittiham edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Əlixan Hüseynov bildirib ki, iyulun 29-da cəzaçəkmə məntəqəsindən icazə alıb və Şəmkir şəhərinə gəlib: "Həmin gün saat 18 radələrində yaşadığım evin yaxınlığında sonradan adını bildiyim Habil adlı şəxsin "Xırman" adlanan ərazidə yerləşən evinin qarşısından keçdim. Həmin evdə usta işlədiyini bildiyim üçün içəri daxil oldum və onlardan çəkməyə siqaret almaq istədim. Bu məqsədlə evin həyətinin giriş qapısını açmaq istədim, amma qapının dəstəyini burarkən bağlı olduğunu gördüm. Ustaların evdə olmadığını, içəri daxil olaraq ətrafı nəzərdən keçirməyi, siqaret və qiymətli əşya olarsa oğurlamağı düşündüm".

"Pulum olanda borcu verəcəyimi dedim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu məqsədlə evin küçəyə tərəf olan pəncərəsinin yuxarı hissəsinin "arko" tipli düzəldilməsi üçün uçurulduğu hissəsindən birbaşa evin içərisinə daxil olub: "Evin zal otağında təmir alətləri olan bir ədəd "lobzik", bir ədəd elektrik rəndəsi və bir ədəd elektrik mişarını gördüm. Həmin alətləri oğurlayaraq satıb pulunu xərcləmək qərarına gəldim.

Həmin alətləri orada gördüyüm qara rəngli iri sellofan torbaya yığdım və oradan getdim. Oğurladığım əşyaları evdən 20-30 metr aralı küçənin baş tərəfinə apararaq, orada olan kolluğun içərisində gizlətdim. Sonra həmin ərazidən uzaqlaşdım.

Həmin gün oğurladığım əşyalara müştəri axtardım, lakin tapa bilmədim. Ertəsi gün, səhər saatlarında küçədə tanışım Camal Xudaverdiyevlə rastlaşdım. Camal məndən borclu olduğum 80 manatı istədi. Camaləddinə hələ pulum olmadığını, pulum olanda borcu qaytaracağımı dedim. Lakin Camaləddin məndən pulunu tələb etdi.

Həmin vaxt bir gün əvvəl oğurladığım təmir alətləri xatırladım, onları borc pulun əvəzinə Camaləddinə verməyi düşündüm. Camaləddinə atamın evdə təmir alətləri olduğunu, satmaq istədiyimi, lakin sata bilmədiyimi və borcumun əvəzinə həmin alətləri ona verməyi təklif etdim.

Camaləddin təklifə razı olanda bir az məni gözləməsini xahiş etdim. Ondan aralanaraq bir gün əvvəl oğurladığım təmir alətlərini gizlətdiyim yerə getdim. Kolluğun içərisindən həmin alətləri götürüb piyada küçənin baş tərəfinə apardım. Alətləri Camaləddinin idarə etdiyi VAZ-2107 markalı avtomaşının arxa yük yerinə qoydum. Camaləddin dedi ki, bunları sata bilsəm satacam, mənə olan 80 manat borcundan çıxacam, sata bilməsəm, özünə qaytaracam, mənim pulumu bütöv verərsən. Axşam Camaləddinlə əlaqə saxladım və o, alətləri bir nəfər dülgərə 60 manata satıb pulu götürdüyünü dedi. Camaləddin ona 20 manat borcumun qaldığını söylədi".

"Əlinin arvadı ilə yatdığını gördüm"

Əlixan Hüseynov bildirib ki, avqustun 5-də yenə cəzaçəkmə məntəqəsindən icazə alaraq evə gəlib. Onun sözlərinə görə, avqustun 6-da, gecə pulu olmadığı üçün qonşusu Əli Qasımovun evindən oğurluq etmək qərarına gəlib: "Əli mağaza işlətdiyi üçün onun pulunun olduğunu düşündüm. Avqustun 6-da, saat təxminən 3 radələrində Əlinin yaşadığı evin qarşısına gəldim.

Evin bayır qapısının üst tərəfindəki şüşəsiz pəncərə çərçivəsindən evin həyətinə daxil oldum və Əli Qasımovun yaşadığı evin giriş qapısına yaxınlaşdım. Həmin vaxt qapının pəncərəsinə şüşə yerinə vurulmuş sellofanı aralayaraq içəri girdim. Sonra zaldan sola girişi olan birinci yataq otağına daxil oldum. Həmin vaxt Əlinin arvadı ilə yatdığını gördüm. Onların yatdıqları iki nəfərlik çarpayının sol tərəfinə keçdim. Əlinin orada olan şalvarının ciblərini axtardım. Lakin pul tapa bilmədim".

"Uşaq otağında olan paltar dolabında gizləndim"

Əlixan Hüseynovun sözlərinə görə, sonra sakitcə yataq otağında axtarış etməyə başlayıb və güzgülü termonun üstündə bir ədəd qızıl qadın üzüyünün olduğunu görüb: "Üzüyü götürərək şalvarımın cibinə qoydum, sonra yataq otağından çıxaraq, digər otağa, yəni uşaq otağına daxil oldum. Otaqdakı şkafı açıdım, kassa kimi istifadə olunan 1 litrlik şüşə bankanın içərisində olan dəmir pulları götürdüm. Həmin otağın mağazaya tərəf olan açıq pəncərəsindən mağazaya daxil oldum və əlimdəki alışqanın fənərini yandıraraq ətrafı axtardım. Oradan 3 ədəd Kent-8 markalı siqareti götürdüm. Siqareti götürdükdən sonra ərzaq malları və spirtli içkilər olan rəfin üzərinə ayağımı qoyaraq pəncərədən uşaq otağına daxil olmaq istədim. Həmin vaxt ayağım spirtli içkilərə dəydi və spirtli içkilər yerə tökülürək qırıldı.

Spirtli içkilər qırılan zaman səs-küy yarandı və kiminsə gələcəyini düşündüm. Buna görə də uşaq otağında olan paltar dolabında gizləndim. Paltar dolabında bir neçə dəqiqə durduqdan sonra oradan çıxdım və yaşadığım evə getdim. Kassa kimi istifadə olunan şüşə bankadan götürdüyüm dəmir pulları saydım və 35 manat olduğunu bildim".

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 6-da sərnişin avtobusu ilə Şirvan şəhərinə tanışının qardaşının yas mərasiminə gedib: "Şirvan şəhərinə çatarkən Əli Qasımovun evindən oğurladığım üzüyü satmaq üçün bazarın yaxınlığında yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına daxil oldum. Orada Əlizadə adlı şəxsə həmin üzüyü göstərdim, ailə üzvlərimə məxsus olduğunu, pula ehtiyacım olduğu üçün satmaq istədiyimi bildirdim. Həmin şəxs üzüyü qızıl tərəzisində çəkdi. Üzüyün 3 qram olduğunu və 54 manata alacağını dedi. Qiymətlə razılaşdım və üzüyü 54 manata ona satdım. Pulu isə yas mərasimində iştirak edəndən sonra Şəmkirə qayıdarkən yolda xərclədim".

"Siqaret almağa pulum olmadığı üçün oğurluğa qərar verdim"

Əlixan Hüseynov bildirib ki, avqustun 8-də, saat 20 radələrində evdən çıxaraq Şəmkir şəhərində dostu Rzanın bacısının toy məclisindən bir gün əvvəl keçirilən ciyər axşamına gedib: "Elşən adlı şəxsin mağazasının yaxınlığında yerləşən yaşayış evinin qarşısında VAZ-2106 markalı avtomaşının dayandığını gördüm və siqaret almağa pulum olmadığı üçün oğurluq etmək qərarına gəldim. Bir qədər ətrafa baxanda məni heç kimin görmədiyini dəqiqləşdirdim. Sonra avtomaşına yaxınlaşanda qabaq sağ qapısının nəfəsliyinin açıq olduğunu gördüm. Qapının nəfəsliyindən əlimi içəri salaraq böyük şüşəni aşağı endirdim. Əlimi həmin pəncərədən salaraq maqnitofonu yerindən dartaraq çıxardım. Yenidən əlimi nəfəslikdən salmaqla böyük şüşəni yuxarı qaldırdım və maqnitofonu götürəndən sonra oradan uzaqlaşdım. Həmin maqnitofonu 7-ci küçənin hərbi hissəyə tərəf olan döngəsində ağacların altında gizlətdim. Sonra dostum Rzanın evinə gedərək ciyər axşamında iştirak etdim".

Əlixan Hüseynov bildirib ki, avqustun 9-da, səhər saatlarında Şəmkir rayon poçt binasının arxa tərəfində olan avtomaşın təmiri sexinin yanından keçərkən bir gün əvvəl oğurladığı maqnitofona müştəri tapmaq qərarına gəlib və sexin qarşısında dayanmış avtomaşınlardan bir neçəsinə yaxınlaşıb, avtomaşın maqnitofonu satdığını bildirib: "Nəhayət, Fərman adlı şəxs məndən maqnitofonun qiymətini soruşdu. İstifadə olunduğu üçün maqnitofonu 15 manata təklif etdim. Fərman həmin qiymətlə razılaşdı".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödədiyini və onlarla barışdığını bildirib. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxslərin ondan şikayətləri olmadığını deyiblər.

Məhkəmənin hökmü ilə Əlixan Hüseynov 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər