Bir ölkənin, bir xalqın tarixində neçə görkəmli adam olar? Bəlkə bunu konkret sayla, rəqəmlə ifadə eləmək çətin əmələ gələr, amma hər halda, onların sayı azdı, çox deyil. Hərdən düşünürəm, keçmişimizin görkəmli adamlar qalereyasını yaratmalıyıq, bizə mənəvi güc vermiş, günü bu gün, indinin özündə də qüdrət paylayan qəhrəmanları bir araya gətirməliyik. Zira onlara həmişə ehtiyacımız var.
Azərbaycanın XIX-XX əsrlərində bir Hacı da yaşayıb. Hacı Zeynalabdin Tağıyevi demirəm, hərçənd deyirlər dost olublar. Deyirlərsə, yəqin elədi. Hər ikisi varlı-pullu kişiydi, hər ikisi bakılıydı, aralarında yaş fərqi də böyük deyildi. Hacı Zeynalabdin 1823 təvəllüd idi, Hacı Hacıağa 1828. Ancaq Tağıyev neftxudaydı, Dadaşov tacir.
Deyirlər Hacı Hacıağa neftdən gələn mənfəətin halallığına bir az şübhəylə yanaşarmış. Onun qazancı neftdən yox, sudan çıxırmış. Gəmiləri, tərsanələri, mehmanxanaları, karvansaraları varmış. Əsas gəlir mənbəyi gəmilərmiş, mülkləri, otelləri də öz yerində. O, bir taciridi. Qutsal məkanda – İçərişəhərdə doğulmuşdu.
Bir qədər xəsis kimi tanınsa da, bu, zahiri dəyərləndirmədi. Həm rəyasət, həm varidat – mal-mülk, əmlak sahibiydi, bütün bunların qovşağında xeyriyyə işlərinə pul xərcləyirdi. XIX əsrin ikinci yarısı, XX əsrlərin əvvəllərində bütöv xalq və onun mədəniyyəti sanki xeyriyyəçiliyin maddi-mənəvi sütunları üzərində dikəlirdi.
1876-cı ildə Azərbaycan tacirləri üçün birinci və ikinci tacirlik dərəcələri təyin olunanda bu rütbəni ilk dəfə o, almışdı. Rus imperatoru III Aleksandrın tacqoyma mərasiminə qatılmışdı. Çarın mülki müşaviri rütbəsinə layıq görülmüşdü, uzun müddət Bakı Dumasının qlasnısı (nümayəndəsi) olmuşdu...
Ancaq heç bir rütbə, şan-şöhrət onu xeyriyyəçilikdən uzaqlaşdırmamışdı, həmişə insana, insanlığa əyilmişdi, bəlkə bir qədər gurultulu çıxacaq – xalqın əyər-əskiyini düzəltməyə, yırtıq-söküyünü yamamağa çalışmışdı.
Bakıya Şollar suyunun çəkilişinə lazım olan maliyyənin 25 faizini o ödəmişdi. Qori Müəllimlər Seminariyasının himayədarlarından biri onlar – Dadaşovlardı. Hacı Hacıağanın oğlanları Yusifağa və Əlabbas da bu cür işlərdə kənarda dayanmırdılar.
Bilgəhdə qocalar və yetimlər evi açmasının bir qəribə tarixçəsi var. Bir dəfə övladlarının evdən qovduğu bir kimsəsiz qoca onun yanına gəlib sığınacaq istəyir. Hacı bundan sarsılır və Bilgəhdəki evini yetim və qocalara verir. Bir dəfə İrana gedəndə Lənkəranda acınacaqlı vəziyyəti görüb orda uşaq evi tikdirir.
İçərişəhərdə – indi Vahidin heykəli qoyulan yerdə su quyusu qazdırır və o quyular indi də yerində qalır.
Bakıda baş verən məşhur qadınlar üsyanında özünün bütün ərzaq anbarlarını açıb xalqa paylayır. Ac ailələri təmsil eləyən qadınlar boş qazanla küçəyə çıxır, qazanları döyəcləyib danqıldadır, etiraz edir, yardım istəyirlər... Çar hökumətinin polis qüvvələri qadınların üstünə ayaqlananda Hacı Hacıağa səxavət kisəsinin ağzını, daha doğrusu, anbarlarının qapısını açır.
İndiki Ədəbiyyat və İncəsənət Muzeyinin binası onun mülküydü. Həmin mülki icarəyə verib ordan gələn gəliri kimsəsiz uşaqlara xərcləyirmiş. Buzovnada isə korlar evi tikdirmişdi. Bakıda açılan Avropa tipli ilk oğlanlar məktəbi də ona məxsus idi.
Bütün bunların müqabilində Azərbaycanda Hacı Hacıağanı az adam tanıyır. Bütövlükdə Dadaşovların xalqa xidmətindən hamı xəbərdar deyil və görünür, 70-dən artıq tanınmış ictimai xadimin Hacı Hacıağa Dadaşovun xatirəsini əbədiləşdirmək təşəbbüsü ilə müvafiq qurumlara müraciəti də təsadüf sayılmamalıdı.
Heç bu yazı da təsadüfi deyil. 23 sentyabr Hacı Hacıağa Dadaşovun xatirə günüdü. O, 1905-ci ildə 77 yaşında dünyayla vidalaşıb.
Onu xatırlamağa dəyər...