Həm 1918-ci ildə qurulan Cümhuriyyətin tədqiqatçısı olmağı, həm də 1991-ci ildə bərpa edilən Cümhuriyyətin xalq tərəfindən seçilən ilk prezidenti ilə çalışmağı.
Həm Məhəmmədəmin Rəsulzadənin orijinal əlyazmaları, fotoları əsasında işləmək nəsib olub, həm də Əbülfəz Elçibəylə uzun illər dostluq edib, ondan tarixi müsahibələr alıb, haqqında kitablar yazıb, bərabər çalışıb.
Tanrı müstəqillik dövründə türk dilində, latın qrafikasında təhsil kitablarının hazırlanması səlahiyyətini də onun taleyinə yazıb. Təhsil nazirinin müavini ikən qurduqları komissiya bir ildə 82 adda təhsil kitabı hazırlayıb.
Tanrı mənə bu şəxsiyyətlə görüşməyi, zəngin bilgisindən yararlanmağı, təvazökarlıqdan uzaq olsa da, tərif eşitməyi qismət edib.
Söhbətin professor Ədalət Tahirzadədən getdiyini bildiniz.
***
Onu şəxsən 2013-cü ildə tanıdım. Publika.Az portalında çalışarkən “Həyatımın kitabları” layihəsinin müəllifi idim, ondan müsahibə almaq istəyirdim. Bu barədə həmkarım, dostum Ruslan Rəhimova məlumat verdikdə onu tanıdığını, görüşdürə biləcəyini söylədi. Beləliklə, əlaqə yaradıldı və bizi evinə çağırdı.
Niyə evinə çağırdığını mənzilə yetişdiyimizdə anladım. Ədalət bəyin yazı otağının ölkəmizin ən zəngin kitabxanalarından biri olduğunu gördüm. İllərdir yığdığı kitabların çoxunu müxtəlif arxivlərə bağışlayan professor, sadəcə əvəzedilməz dəyərə sahib olan kitabları saxlayıb, hər biri qiymətli mənbədir. Fikrim bu zəngin kitabxananın yanında qalsa da, müsahibəni alıram, amma qiymətli kitablardan hədiyyə almağın da yollarını fikirləşirəm.
Görünür, bu düşüncəmi o qədər açıq şəkildə büruzə vermişəm ki, professor kitabxanasından 1930-cu illərdə Abbas Səhhətin latın qrafikası ilə çap olunmuş kitabını hədiyyə edir. Sonrakı dövrdə yenidən evinə getdiyim zaman mütləq şəkildə kolleksiyam üçün bir kitab hədiyyə edir.
Ədalət bəylə tanışlığımız beləcə kitabla bağlı bir müsahibə üzərində quruldu. Feysbukda dost olduq, mail adresini aldım və məni maraqlandıran suallar göndərdiyimdə böyük məmnuniyyətlə, diqqətlə ətraflı şəkildə cavablandırdı.
Onun bu səmimiyyətindən, gəncliyə olan dəstəyindən ürəklənərək əldə etdiyim hər bir materialın, fotonun nə olduğunu dəqiqləşdirmək üçün ona göndərməyə başladım. Açığı, onu təəccübləndirmək, yeni bir fakt təqdim etmək mənə də xoş gəlirdi, beləcə inamını qazanırdım.
Mühacirət irsimizlə bağlı zəngin qaynaqlar əldə etdiyimdə ilk dəstəyi də ondan gördüm. Onun yönləndirməsiylə ilk zəngin materialları əldə edə bildik, “Fərqlilər” adlı kitabımızı yazmağa başladıq. Kitabdakı ərəb əlifbalı mətnləri, xüsusən, Əli bəy Hüseynzadənin məktubunu o transliterasiya etdi.
Daha sonra ürəklənib tamamladığım və kolleksiyam əsasında hazırladığım “Mühacirlərin dönüşü” kitabımın elmi redaktoru olmasını istədiyimi bildirdim. Qəbul etdi və bu gün kitabın uğur qazanmasının önəmli səbəblərindən biri də budur.
***
Ötən il İstanbula gələrkən həm xeyir-dua almaq, həm də son çap olunmuş kitabını əldə etmək üçün mənzilinə getdim. “Azərbaycan Cümhuriyyəti tələbələri” kitabını imzalayıb hədiyyə etdi. Özümlə Bakıdan gətirdiyim kitablardan biri də bu oldu. Bakıdan kənar yerdə tələbəlik həyatında Cümhuriyyətin yüz tələbəsinin həyatı haqqında oxumaq çox maraqlı olacaqdı.
Belə də oldu.
Ədalət bəyin TEAS Press Nəşriyyat Evində çap olunan bu kitabı on illərin zəhmətidir, kitabda mindən çox foto və sənəddən istifadə olunub. Tələbələr haqqında zamanla məqalələr yazılsa da, ilk dəfə idi ki, geniş həcmli bir kitab halında oxuculara təqdim olunurdu.
Yüz nəfər şəxsin hər birinin həm ölkədəki, həm mühacirətdəki, həm də sürgündəki həyatı haqqında yazmaq asan deyildi.
Bu insanların sağ qalan ailə üzvləri, övladları, nəvələri, qohumları ilə görüşmək, Rusiya, Ukrayna arixvlərində çalışmaq asan deyildi.
Bu həm geniş əlaqə, həm maddi imkanlar, həm də ki böyük sevgi tələb edir. Xüsusən, sonuncusu.
Ötən dəfə bunu bir müsahibədə demişdim. Cümhuriyyət və mühacirət mövzusu ilk başda sevgi tələb edir. Bu, olmadığı təqdirdə heç bir halda yazılan kitablar, məqalələr keyfiyyətli olmur. Cümhuriyyəti quranların taleyini öyrənmək, onları yazmaq üçün Azərbaycan sevgisinin olmağı şərtdir.
Mən Ədalət Tahirzadədə bunu görmüşəm.
Tələbələrin həyatı ilə yanaşı neçə ildir ki, Cümhuriyyət parlamentinin üzvlərinin həyatını araşdırdığını da bilirəm.
Onların hər birinin portretini də hazırladığını bilirəm.
Onlarla bağlı kitabı tamamlamaq üçün necə çalışdığını bilirəm.
Amma bunun üçün başqa dəstəyə də ehtiyacı var ki, bunu özü dəfələrlə səsləndirib.
Ədalət Tahirzadə 1918-ci ildə qurulan Cümhuriyyətin bu gün ən inanılan, qəbul edilən sözçüsüdür.
Bu gün gənclər tərəfindən fikri öyrənilən, əsərləri, kitabları qəbul edilən bir alimdir.
Bu da həqiqətdir ki, ölkədə Ədalət Tahirzadə kimi alimlərin sayı çox deyil.
Gələn il Azərbaycan Cümhuriyyətinin yüzüncü ildönümüdür. Ümid edirəm ki, Ədalət bəyin parlament üzvləri ilə bağlı hazırlamaq istədiyi kitab gələn ilin sonuna qədər oxumaq imkanımız olacaq.
P.S. Bu gün Ədalət Tahirzadənin doğum günüdür. Onu təbrik edirik, sağlamlıq, uzun ömür arzu edirik. Onunla Cümhuriyyətin 99-cu ildönümü ilə bağlı aldığımız müsahibəni isə 28 may tarixində Teleqraf.com-da oxuyacaqsınız.