O qədər xoş xatirələri qalıb ki bizdə... Bu xatirələrin içində ötən əsrin tarixinə işıq tutan xeyli maraqlı epizodlarla yanaşı, Arəstə xanıma aid elə əhvalatlar var ki, o zamanlar bizə məzəli gəlirdi...
Yevlaxın Kövər kəndində mülkü vardı. Vaxtilə Sovet hökumətinin təqiblərindən yaxa qurtarıb orada, onların nəslini tanıyanlardan iraq guşədə babam Xansuvar bəylə yurd salmışdı. Hər tətildə, bayramlarda onu ziyarət edər, orada içindən enli su arxı keçən gözəl bağ-bağatlı həyətində kef çəkərdik. Kövərlərdə müxtəlif illərdə ferma müdiri, kolxoz sədri, partiya komitəsinin katibi kimi vəzifələrdə çalışdığına görə (bu vəzifə pillələrinin maraqlı, macəralı tarixləri var, bəzi məqamlar mətbuatımızda işıqlandırılıb, nə zamansa gərək mən də yazım) bütün Yevlax-Bərdə ərazisində camaatın öz dərdlərinə çarə üçün müraciət etdiyi ağbirçəyə çevrilmişdi. Sözü yerli hökumət qurumlarında keçirdi. Adamların sevə-sevə Arəstə xala dedikləri nənəmin yanına gəlib gedənləri çox olurdu: işdən çıxarılan kim, cinayət məsuliyyətinə cəlb olunan kim, əri ilə, arvadı ilə problemi olan kim... Elə müşkül olmazdı ki, o müdaxilə edəydi də, məsələ həll olunmamış qalaydı.
Camaatın ona sevgisinin qarşılığında isə bizə bir şey qəribə gəlirdi. Fikir vermişdik ki, işi düşüb yanına gələn kənd əhlindən eləsi vardı onu darvazanın ağzındaca garşılayıb dinləyir, oradaca nəyisə onunla müzakirə edib yola salırdı. Eləsi vardı onu həyətin ortalarınadək gətirir, söhbətini evinin qarşısındaca axıra çatdırır, gələnlə oradaca sağollaşıb pillərlə qalxırdı evinə. Eləsi də vardı, evə - stol arxasına dəvət edir, qulluqçusuna, yaxud da gəlininə deyirdi, çay dəstgahı-filan düzəltsin və söhbəti də evin içində başa vurub gələni daha üstün protokol qaydası ilə yola salırdı. Gəlini, anam Tamara xanım irad tutanda ki, “yaxşı deyil axı, filankəsi qapıdan yola saldın, içəri də dəvət etmədin, filankəsi bir xeyli həyətin içində saxlatdın, onu da evə gətirmədin...”, deyərdi, “sən bilməzsən, hərənin öz yeri var...” və bu “yerin” nədən ibarət olduğunu da bildirməzdi. Ancaq burası da vardı ki, ondan narazı gedən olmurdu: yanına kim gəlirdisə, arxayın idi ki, Arəstə xala onun məsələsinə mütləq əncam çəkəcək, onu qapıdan peşman qaytarmayacaq.
Adamların dərdlərinə həssas ola-ola məişət davranışında onlara qarşı sərgilədiyi bu ayrı-seçkiliyin səbəbi getdikcə bizə aydınlaşırdı. Bir dəfə qohumlarımızdan biri Qasım Qasımzadənin iltifatlarına baxmayaraq, ona xəyanət etmiş, məsələnin üstü açılanda Arəstə xanım demişdi: “Heyf, qızımızı verdik rəiyyət (“rəiyyət” sözünü “raiyyat” kimi tələffüz edirdi) balasına, rəiyyət toxumundan belə nanəcib böyüyəcəkmiş də, daha nəyə təəccüb edirsiniz ki?”
Hərdən kiminsə ləyaqətsiz bir hərəkətindən şikayət edəndə bizə deyirdi: “Əşi, rəiyyətdir, fikir verməyin”, “rəiyyətdən nə gözləyirsən axı?!”. Və yaxud biz orada istirahət edəndə elə olurdu həyətə gələni bizlərdən biri, yaxud Qasım müəllim özü qarşılayır və şəksiz ki, evə dəvət edirdik. Qasım müəllimin sadə camaatla şirin-şirin söhbətləşməyi də vardı. Belədə Arəstə xanım müdaxilə etməzdi. Amma gələn şəxs getdimi, düşərdü Qasım müəllimin üstünə ki, “Qasım, sənin rəiyyətlə nə işin var, tay-tuşun deyil, filankəslə nə oturub bayaqdan söhbət edirsən?” Qasım müəllim gülümsəyirdi...
Sovetlərin gur vaxtlarında ciddi-ciddi dediyi bu sözlər, insanları dəyərləndirərkən bəy qızının münasibətini sinfi mövqedən ifadə etməsi bizi, həqiqətən, əyləndirirdi, gülüşürdük. Biz deyəndə də özümüzü, onun nəvələrini nəzərdə tuturam. Böyüklərimiz öyrəncəli idilər. Və artıq dəqiq bilirdik ki, məsələsini həll etdiyi, bu üzdən də ona duaçı olduğu şəxsi darvaza ağzından yola salırsa, deməli, onunla sanki təbəəsi imiş kimi davranır.
Qan düşmənçiliyi səviyyəsində münasibətləri korlanan insanları necə barışdırırdısa, adam heyran qalırdı. O qədər də ciddi olmayan səbəblər üzündən həbsə düşənlər üçün rayon rəhbərliyinə təkidli müraciətləri heç zaman cavabsız qalmazdı. Camaat içində hörmətini nəzərə alan rayon rəhbərliyi də ona ehtiram bəsləyirdi.
...Əldən düşdüyü vaxtlar idi, çox qocalmışdı, gözləri də çox zəifləmişdi, demək olar, görmürdü, gözünün müalicəsi üçün bir dəfə Qasım müəllimlə onu Moskvaya da aparmışdıq. Amma işində qalmaqda idi, deyən yox idi ki, “daha bəsdir, get otur evində”. Biz buna işarə edəndə deyirdi: “Bir az səbr edin, camaatın dərdini bilib əlac eləyən birisini tapıb öz yerimə qoyum, sonra işdən gedərəm”.
Bir gün elə olur rayon rəhbərliyi dəyişir. Bir müddət keçəndən sonra rəhbərlik qərara gəlir, Arəstə xanımı yaşlandığına görə işdən çıxarsın. Ümumi partiya iclası təyin edirlər. Belə iclaslarda adətən qərarı kollektiv çıxarsa da, rəhbərliyin mövqeyi mütləq nəzərə alınırdı. Arəstə xanıma çatdırırlar ki, rayon rəhbərliyi ümumi partiya yığıncağında sənin əleyhinə belə bir qərar çıxartdıracaq. Mənən sarsılır, deyir, məni bu qoca vaxtımda niyə axı belə urvatsız yola salmaq istəyirlər, işdən çıxmaqdı, çıxmaqdı da, nə problem var axı? Səni rayona rəhbər gətiriblərsə, lap yaxşı da, olsun, ancaq gərək məni çağıraydın, söhbət edəydin mənimlə, ən azından xidmətlərimi qeyd edəydin, yoxsa bu rəiyyətcəsinə hərəkət etmək nəyə lazımdır?..
Xülasə, iclasa qatılmır. Yığıncaqda camaat rayon rəhbərliyinin üzünə durur, Arəstə xanımsız işləməyəcəklərini deyir. Rayonun 1-ci katibi məcbur qalıb maşınını sürdürür Arəstə xanımın ünvanına. Onunla görüşür, azacıq üzrxahlıq-filan da edir, sonra çıxıb gedir. Və təsadüfən bir neçə gün sonra AzTV-nin “Günün səsi” proqramında həmin 1-ci katibin işdən çıxarıldığı, yerinə bizə uzaq qohumluğu çatan əslən Zəngəzurdan olan birisinin keçdiyi elan olunur. Camaatda ruh yüksəkliyi yaranır, sadəlövhcəsinə düşünürlər, əvvəlkini Arəstə xanıma görə çıxardıb yerinə onun öz adamını qoyublar. Arəstə xanım da yeni katib gələn kimi ərizəsini yazıb işdən çıxır. Rayon səviyyəsində isə ömrünün sonunadək hakimiyyətini (bu, əlbəttə, şərti ifadədir!) sürdürməkdə, yerli camaatın işinə yaramaqda davam edir...
Aristotelin etika məsələlərinə dair fikirlərində məşhur “practical wisdom” (“praktiki müdriklik”) anlayışı var. Bu “praktiki müdrikliyin” bəlirtilərini Arəstə xanımın, bu bəy qızının timsalında da görürəm. Ali təhsili olmaya-olmaya sovet reallıqları içində uzun müddət təsərrüfat rəhbərliyində uğurla çalışa bilən, əyalət səviyyəsində olsa da, o zaman üçün fərqli idarəçilik nümunəsi göstərərək camaatın problemlərini həll edən bir Qadının timsalında.