9 Avqust 2014 20:30
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çərxi fələk tərsinə dövran edir indi”. Böyük şair Mirzə Ələkbər Sabirin bu misrası niyəsə yadıma düşdü. A kişinin oğlu, vaxt vardı evdə birtəhər, ölüm-zülüm qalib gəldiyimiz, ya da bərabərə qalıb sevindiyimiz komandalara gedib səfərdə uduzanda bunu təbii proses kimi qəbul edirdik.

İndi vəziyyət xeyli dəyişib. Təmsilçilərimiz evdə ya uduzur, ya da bərabərə qalır, ondan sonra da gedib səfərdə udub, hamını türkün sözü, tərs köşəyə yatırdırlar. Əsas da “Neftçi” son günlər xalqı təəccübləndirməkdə davam eləyir.

Evdə “Koper”ə uduz, aləm dəysin bir-birinə. Yazıb-pozanlar, oxuyub hirslənənlər bir tərəfdə. Bir-birilərinə şillə-təpik atanlar o biri tərəfdə. Bu vurhavurda istefa verənlərdə oldu, “növbəti oyunun nəticəsi nə olur-olsun, istefa verəcəm” deyənlər də. Bir sözlə, ağız deyəni qulaq eşitmirdi.

Di gəl, bir həftə sonra Sloveniyada “Neftçi” “Koper”ə qalib gəldi, bununla da bütün səs-küy yatdı. Pis çıxmasın, elə bil, qurbağa gölünə bir daş tulladılar. İstefa xəbərləri də yaddan çıxdı, şillə-təpik söhbətini də heç kim dilinə gətirmədi.

Ardınca “Çixura” ilə oyun gəldi gündəmə. Bakıdakı “heç-heçə”dən sonra yenə xırda-xırda söz-söhbətlər yaranmağa başladı. Biri dedi elə olacaq, o birisi dedi, yox, sən bilmirsən, elə yox, belə olacaq. Bu hay-küyün içində vaxt keçdi, zaman yetişdi, sürprizlərin komandası “Neftçi” getdi Tiflisdə “Çixura”nı uddumu? Uddu. Həm də necə? İlk yarıdan sonra artıq rəqibin bütün ümidləri puç olmuşdu.

Bəs yaxşı, nətər olur ki, evdəki nəticələrlə azarkeşlərə min bir zülüm yaşadan komanda səfərdə belə rahatlıqla qələbə qazanıb mərhələ adlaya bilir? Çox düşündüm, bir yana çıxarda bilmədim. Mən də daha bu məsələləri çox qurdalamaq istəmirəm. Heç siz də qurdalamayın. Hərdən belə də olur, evdə, azarkeşlərin önündə yenə bilmədiyin rəqibi səfərdə rəqibin arxayınlığından yararlanıb rahatlıqla mübarizədən kənarlaşdırmaq olur. Bu qədər sadə.

Hər şey bir tərəfə, olan Tahir Süleymanova oldu. “Koper”lə oyunun güdazına gedən keçmiş referi “Neftçi”də tutduğu vitse-prezident postundan istefa verdi. Hərçənd bu onun ilk belə qərarı deyildi. Buna qədər bir neçə dəfə istefa verib, ondan sonra da geri qayıdan Süleymanov deyəsən, yenə öz yerinə qayıdası olacaq. Artıq hər şey yoluna düşüb. “Nefçi” də yıxıla-dura birtəhər gəlib çıxıb UEFA Avropa Liqasının play-off mərhələsinə. Daha bunda sonra uzatmağa gərək yoxdu. Qayıtsın öz vəzifəsinə. Deyir, şər deməsən xeyir gəlməz, işdi olmadı elə, oldu belə, bundan sonra yenə nəsə bir uğursuzluq-zad yaşansa bəs kim istefa bəyanatı ilə çıxış eləyəcək?

Yenidən istefa vermək üçün gərək əvvəlcə vəzifənə geri qayıtmış olasan. Vallah, Böyükağa Hacıyevə çox da ümidli olmayın. O, istefa verən deyil.

Əvvəlcə söz verir, sonra da deyir ki, əsəbi olmuşdum, demişəm, indi də getmirəm. Yaxşısı elə Tahir bəydi. Qaytarın onu yerinə. Sabah çox lazımınız olacaq.

Hə, bir də unutmamış, mən “Neftçi” rəhbərliyinin yerinə olsam “Çixura” ilə oyunda 3 qol vurub komandasına təkbaşına mərhələ adladan Ernest Nfora yaxşı bir cəza verərəm. Niyə təəccübləndiniz? Ciddi deyirəm.

Ay zalım oğlu, madam ki, sənin belə bir qabiliyyətin var, niyə bunu daha əvvəl eləmirdin ki? Gərək aləm dəyəydi bir-birinə, ondan sonra vuraydın qolları? O vurduğun üç qolun hərəsini bir oyunda vurmuş olsaydın indi hər şey rahat, rəvan öz yolu ilə gedirdi.


Müəllif: Zaur Xudiyev