Azərbaycan Cümhuriyyətinin işğalından sonra mühacirətə gedən Məhəmmədəmin Rəsulzadənin qarşısında mühüm bir hədəf vardı: 28 May hadisəsini millətin hafizəsinə yazmaq!
Çünki bir millətin hafizəsinin olduqca mühüm olduğunu başa düşən Rəsulzadə rus işğalının bu və ya digər şəkildə bitəcəyinə inanırdı. Amma rus işğalından daha qorxulu hadisə vardı: bir millətin azadlığın nə olduğunu unutması.
Azadlığın unudulması bir xalqın tarix səhnəsindən əvvəl-axır silinməsi, tarixi torpaqların başqalarının tapdağı altında əbədiyyən qalması deməkdi.
Ona görə də Rəsulzadə İstanbula gələn kimi azadlığın simvolu olan 28 may gününün mühacirətdə qeyd olunması üçün əlindən gələn hər şeyi edirdi. Hər tədbirdə mühüm bir çıxış edir, 23 ayda baş verən hadisələri sadalayır, qələbənin mütləq şəkildə əldə ediləcəyinə inam aşılayırdı.
Rəsulzadə azadlığın simvollarının qorunması, yaşadılmasının da necə əhəmiyyətli olduğunu başa düşürdü. Bunları onun 28 may tədbirlərində etdiyi çıxışlardan aydın şəkildə görmək olur.
Rəsulzadə buna da əmin idi ki, bir gün qələbə çalındığı təqdirdə tarix və qaliblər əsarət illərində kimin hansı mövqedə olduğunu, şübhəsiz ki, ayıracaq. 28 may çıxışlarının birində bunu açıq şəkildə dilə gətirir: “Ey Azərbaycan xalqı, məyus olma, qarşıdakı mübarizələri unutma, əlindən gələn fədakarlığı əsirgəmə, şübhə və tərəddüd səni çürütməsin, vəzifəni ifa et, bil ki, bu gün vəzifəsini ifa edənlərlə ifa etməyənləri zəfəri gerçək olacaq idealın şanlı mübarizləri fərqləndirəcəklər”.
Rəsulzadə əsarət illərində azadlığın simvollarının gizli şəkildə qorunmasını azadlıq illərindəkindən daha müqəddəs olduğunu söyləyir. 1925-ci ildə 28 mayla bağlı çıxışında belə deyir: “1918-1919-cu illərdə hər evin üstündə dalğalanan mavi, qırmızı və yaşıl rəngli bayraq indi yalnız Çekanı xor görən qəhrəmanların evində gizli şəkildə açıla bilsə də, onun bu gün ifadə etdiyi məna o gün ifadə etdiyi məfhumdan daha qüvvətlidir”.
Mühacirətin ağır şərtləri, Əlimərdan bəy Topçubaşı başda olmaqla dəyərli dövlət xadimlərinin vəfat etməsi, əsarət altında olan vətəndə azadlıq fədailərinin güllələnməsi fonunda Rəsulzadə yenə də inamını itirmirdi. Cümhuriyyətin 17-ci ilini Parisdə qeyd edən Rəsulzadə “Sosyete Savan” cəmiyyətinin salonlarının birində təşkil edilən tədbirdə nitq söyləyir: “Millətimizin ruhdan düşməyərək istiqlalını geri qazanmaq əzmində olduğunu isbat etmək üçün, milli ideal uğrunda qurban gedən minlərlə şəhidimizi, sürgünlərdə və zindanlarda çilə çəkən hədsiz-hesabsız qəhrəmanlarımızı və mühacirliyin yoxsulluğu içində milli davanı və milli bayrağı bacardıqları qədər yüksək tutmağa çalışan vətənsevərləri və onların arasında mərhum rəis Əlimərdan bəy olmaqla, vətənə həsrət qalaraq, müxtəlif ellərdə qara torpağa gömdüyümüz vətəndaşlarımızı göstərə bilərik”.
Mühacirət mətbuatını ardıcıl şəkildə izləmək imkanım olduğu üçün, əminliklə fikir yürütmək olur ki, Rəsulzadə bir tərəfdən mövcud şəraitin verdiyi imkanlar çərçivəsində Azərbaycanın azadlığı uğrunda siyasi addımlar atıb, digər tərəfdən istiqlal gününün millətin hafizəsində yaşaması üçün mətbuatda var gücü ilə çalışıb.
Təsadüfi deyil ki, 28 may tədbirlərinin birində ona verilən Azərbaycan bayrağını alarkən belə söyləyib: “İstiqlalımızla bərabər yaşadığımız məsud gündə “bir dəfə yüksələn istiqlal bayrağı bir daha enməz!” demişdim... Ey Vətənin idealist gəncliyi, bayrağımız enməmiş, o imanlı azəri gəncliyinin əlindədir, çox çəkməz o əl onu təkrar Azərbaycanın üfüqlərində dalğalandıracaqdır. Yaşa şanlı bayrağınla, ey Azərbaycan gəncliyi!”.
Necə ki, belə də oldu. Rəsulzadənin millətin hafizəsində yaşatmaq istədiyi 28 may gününün yüzüncü ildönümünü qeyd edəcəyik.