16 Aprel 2018 10:17
6 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir tarixi hadisə haqqında iki insan fərqli şeylər düşünüb yaza bilərmi?

Bu barədə elmi təcrübələr aparılıb.

Üstündən xeyli zaman keçdikdən sonra bir hadisəni şahidlər müxtəlif cür xatırlayıblar.

Məsələnin psixoloji və nevroloji tərəflərinə enmədən bir hadisəni xatırladacam.

Molla Nəsrəddin jurnalının quruluşunu.

Molla Nəsrəddin jurnalının qurucuları Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə əvvəllər “Şərqi-rus” qəzetində çalışırdılar.

Qəzetin sahibi Məmmədağa Şaxtaxtinski qəzetin mətbəəsini satmaq istəyir.

İki dost da pul tapıb bu mətbəəni almaq fikrinə düşürlər.

Bu iş üçün lazım olan qədər pulları yoxdur.

Hadisə 1905-ci ildə baş verir, xatirələr isə 30-cu illərdə yazılıb.

İndi eyni hadisəni Ömər Faiqdən dinləyək:

“Tiflisdə evə lazım olan ərzağı naxçıvanlı Məşədi Ələsgər Bağırovdan bir alverçinin dükanından alırdım. Çox vaxt da pulum olmazdı, nisyə götürürdüm. Lakin ayın başında borclarımı tamamilə verirdim.

Bağırov dinçi, inanclı, yumşaq və azsavadlı olsa da, milli və maarif işlərinə köməyi sevən qırx yaşında bir kişi idi.

Mətbəəni satın almaq işində Tiflisdə ondan başqa heç kim ağlıma gəlmədi. Tiflisdə oxumuş və ondan çox dövlətli alverçilər olsa da, maarif işində gələcəyi qaranlıq bir alverə birdən-birə güclü pul vermək heç kimin işi deyildi. Bu böyük hümmətin onda bulunacağını düşünə-düşünə yanına getdim, əhvalatı anlatdım. Qabaqcadan pulunun tələf olacağını deyib razı olmadı. Mən elə bir halda mətbəəni satıb puluna sahib olacağını təxmin edərək köməkliyini rica etdim. Uzun ricamın qarşısında boynunu büküb:

- Nə edim, sən özün ki, boyun olursan və söz verirsən. Çarə nə, kömək edək.

Bağırovla olan söhbətimizi Cəlilə anladıb mətbəəni almaq üçün onu Məhəmməd ağanın yanına yolladım. Cəlil mətbəəni öz adına 7000 manata aldı. Bu 7000 manatın hamısını Məşədi Ələsgər verdi. Doğrusu, bu dinçi adamın bu böyük qeyrət və hümməti unudulacaq hallardan deyildi.

Mətbəəni Mirzə Cəlil öz adına alsa da, biz üçümüz: mən, Cəlil və Məşədi Ələsgər öz aramızda yoldaş olub 1905-ci ilin mart ayından işlətməyə başladıq”.

İndi isə Cəlil Məmmədquluzadənin xatirələrində bu əhvalatın necə xatırlandığını qeyd edək:

“Bunu nəzərə almaq lazımdır ki, Məhəmməd ağanın idarəsinin qələm köməkçiləri Ömər Faiq idi və mən idim. Digər tərəfdən də Şərqi-rus qəzetinin iki min manata yaxın borcu var idi. Amma söz buradadır ki, Məhəmməd ağa yenə bir qədər pula möhtac idi və digər tərəfdən də bizim də pulumuz yox idi. Onun üçün biz mətbəəni ələ gətirmək və gələcəkdə ondan istifadə eləmək niyyəti ilə başladıq bir üçüncü yoldaş axtarmağa ki, bu qədər pula malik olsun. Və tapdıq da. Bu möhtərəm yoldaş naxçıvanlı Məşədi Ələsgər Bağırov oldu ki, o indi də, Tiflisdə ticarətlə məşğuldur. Həmin yoldaş Məhəmməd ağaya bir qədər pul verməyi boynuna çəkdi və verdi də. Və hə min vaxtda ki, 1905-ci ilin yay fəslinə təsadüf edir. Biz, yəni mən, Ömər Faiq və Məşədi Ələsgər bir tərəfdən Məhəmməd ağa notarius tərəfdən razılaşdıq ki, mətbəə qalsın bizim ixtiyarımızda bir şərtlə ki, qəzetin və mətbəənin iki min manat borcunu biz öhdəmizə götürək”.

Bu xatirələr hadisənin baş verməsindən uzun müddət sonra yazılıb. Bununla belə demək olar ki, xatirələrdə hər şey eynidir. Ömər Faiq bircə 2000 manat borcu yazmır, amma onu inkar da etmir. Söz mətbəədən, puldan və borcdan düşmüşkən bir əhvalatı da qeyd edək. Hadisə Mirzə Cəlilin “Xatiratım”ında qeyd olunub.

“Birinci nömrəni hələlik 1000 ədəd çap etməyi qərara aldıq. Və bu qədər az çap etməkdə iki nöqtədə qərar etdik. Biri pul məsələsi idi, heç bu 1000 ədəd üçün lazım olan 9 manatı tapa bilmirdik. Yadımdadır ki, bu pulu yavuq dostumuzdan istədiyimdə bu şərti qoydu ki, mən onu məcmuənin məzmunundan hali edim. Mən başladım əlyazmalarımı oxumağa. Baş məqaləni oxudum, pullu dostumuz qulaq asdı və dinmədi. Elə ki, keçdim abunə şərtlərinə və o yerə gəldim ki, idarədən müştərilərə nəsihət verilir ki, (murdar poçt xidmətçilərinin rütubətli əllərindən ehtiyat eləsin) dindar dostumuz burda başını aşağı saldı. Mən burda duydum ki, iş xarabdır, dostumuz pul verməyəcək. Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi oxuyam, qırmızısaqqal rəfiqim məni bu yerdə dayandırdı. Və xahiş etdi ki, mən dəxi özümə zəhmət verməyim, puldan yana da cavab verdi ki, indi nə onun daxılında 9 manat tapılar, nə də bu tez vaxtda cəm ola bilər. Mən çox xarab oldum. Bir saatın içində 9 manatı tapmasam, jurnal bir gün də ləngiyəcəkdi. İkinci məni məyus edən məcmuənin məzmunu oldu. Biz bu mətləbi burda yazmışdıq ki, cəmaəti-müslüm oxusun, mənim bu rəfiqim cəmaəti-müslümün əfradından biridir. Bu ki, nəinki özü, heç mənim oxuduğuma da qulaq vermək istəmədi, kimdən ötrü biz bu sözləri yazırıq. Bu ki, oxumayacaq. Qalan müsəlman qardaşlar da həmçinin.

Burdan naümid çıxdım və üz qoydum kağız mağazasına tərəf ki, bəlkə kağızı bir tövr nisyə alım. Burada da işim tutmadı. Kağız sahibi pulunu almamış malını buraxmadı. Ordan gəldim yoldaşım Ömər Faiqin yanına.

- Faiq yoldaş, kağıza pul tapa bilmirəm. Sahibi da nisyə buraxmır. Yoldaşımız məşədi də doqquz manat borc vermir.

- Necə vermir? Qələt eləyir, vermir, gedək, görək niyə vermir?

Gəldik, həmin rəfiqimizin dükanına. Qabaqca Ömər Faiqə də dedi ki, pulum yoxdur. Ömər Faiq bir qədər hirsli tələb etdi və hətta təkidlə tələb etdi və bəlkə də məzzəmmətlə başladı:

- Utanmırsan, doqquz manata qızırqanırsan? Sənin yanında bizim doqquz manatlıq hörmətimiz və xatirimiz yoxdur?

Məşədi daxılın qutusunu qabağa çəkib, ordan üç dənə üç manatlıq kağız pul çıxartdı və kağızın pulu düzəldi”.

Azərbaycan mətbuat tarixinin ən şərəfli dövrlərindən biri bəlkə də birincisi məhz bu cür başlanmışdı...


Müəllif: Qan Turalı