Ondan başlamaq istəməzdim ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda daha əvvəl keçirilmiş seçkilərlə bağlı rəyləri indikindən fərqlənmirdi. Az qala eyni preambula, eyni davamlılıq, eyni ton, eyni ittihamlar. Yalnız bir-iki cümlənin fərqli quruluşu. Bəs indi fərqlilik nədədir?
Azərbaycan fərqlidir. İllər keçdikcə daha fərqli - əmin və qətiyyətli olur. Ölkəmizə münasibətdə həyata keçirilən siyasət, istifadə olunan metodlar və vasitələr də tam fərqli xarakter alır. Meydana söyüşçülər çıxarılır, ən yaramaz, əxlaqsız ifadələr dövriyyəyə buraxılır. Bu metod daxildə təfriqə, qarşıdurma, inamsızlıq yaratmaq, dövlətə, dövlətçiliyə sadiq insanları ləkələmək, onların fəaliyyətinə münasibətdə tərəddüd toxumu səpmək motivləri ilə davamını tapır.
Azərbaycandan cibinə jurnalist vəsiqəsi qoyub getmiş potensial cinayətkar mahiyyətli birinə Fransada atəş açılır. Hadisənin jurnalistika üzərinə təqdimat tərzinin özü ölkəmizə yönəlik şantaj və böhtana köklənir. Bu dolaşıq labirintdə açılım nöqtəsi aprelin 11-də yaşanır. Xalq öz seçimini edir. Bəli, xalq öz seçimini edir və əslində elə bundan başlamaq lazım idi.
Təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun öz start nöqtəsi var. Sən demə başqa prezidentliyə namizədlər hazırda vəzifədə olan prezidentə qarşı əks-mövqe nümayişindən, onu tənqid etməkdən çəkiniblərmiş. Yəni belə bir cümləni yazacaq qədər qeyri-ciddilik var!
Görəsən, digər namizədlərin hazırkı dövlət başçısını tənqid etməməsi nə vaxtdan hesabata salınacaq fikir sayılır? Namizədlər Prezident İlham Əliyevi tənqid etməyiblərsə, bundan hansısa beynəlxalq təşkilata nə? Deməli, tənqid etsəydilər, ATƏT hesabatında bunu vurğulamalı idi? Vurğulayardımı? Məncə, yox! Ona görə yox ki, Prezidentin tənqidə məruz qalmasında prinsipcə təəccüblənəcək nəsə yoxdur. O səbəbdən ki, nəinki ATƏT-ə ümumən bir çox beynəlxalq təşkilatlara Azərbaycanla bağlı yalnız təhqir, böhtan və qərəz lazımdır. Heç tənqid də gərəkli deyil…
Bilməmişik, namizədlər hazırda vəzifədə olan namizədə od püskürməliymişlər. Ancaq bunu etməyiblər. ATƏT təmsilçiləri görəsən, nəyə görə səbəbi namizədlərin özündən soruşacaq və cavabları diqqətə çatdıracaq qədər obyektiv olmur? Nəhayət, namizədlərə efir verilmişdi. Özü də iqtidar namizədi ilə eyni. Hər hansı ayrıseçkilik olmamışdı. Hansısa namizəd tənqid səsləndirməyibsə, bu, həmin şəxsin öz baxışı deyilmi? Digər tərəfdən, namizədlərin çıxışlarında hökumətin fəaliyyətinin tənqidi də az yer almayıb. Görünür, ATƏT-ə bunu müşahidə etmək sadəcə lazım olmayıb.
ATƏT-in büro müşahidəçiləri telekanallarda əsas efir vaxtının prezidentə həsr olunduğunu vurğulayıblar. Təqdimat tonundan belə görünür ki, bu hal seçkinin nəticələrinə əhəmiyyətli təsir göstərən nöqsandır. Ancaq nəzərə alınmalıdır ki, telekanallarda prezidentin daha çox göstərilməsi təbiidir. Dövlətin işi yalnız seçki keçirmək deyil. Seçki keçirildiyi üçün başqa işlər görülməməlidirmi? Görülməlidir və ictimaiyyətə çatdırılmalıdır. Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyev ATƏT-in iddia etdiyi həmin o vaxt çoxluğu müddətindən yararlanıb hansısa rəqibi ilə bağlı mənfi fikir səsləndiribmi?
Telekanallarda Prezidentin gündəlik iş qrafiki təqdim olunub. Özü də müqayisəli yanaşsaq, seçki dövründə belə təqdimatların həcmi azaldılmışdı. Sırf təbliğat üçün ayrılmış vaxt isə paralel idi. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan «Yeni Azərbaycan» qəzetinin, hakim partiyaya yaxınlığı ilə seçilən iki nəşrin geniş və müntəzəm təbliğat təqdimatlarını nəzərə almasaq, digər qəzetlərdəki təbliğat materiallarının sayında bərabərlik müşahidə olunmuşdu. Hətta mətbuat orqanlanırda namizəd Prezidentin gündəlik iş qrafikinin təqdimatında da paralellik qorunmuşdu. O cümlədən informasiya agentlikləri və internet informasiya resursları bitərəflik prinsipinə kifayət qədər ciddi riayət etmələri ilə seçilmişdilər. Tam qətiyyətlə bildirirəm ki, əvvəlki seçki illəri ilə müqayisədə bu dəfə medianın müsbət çalarlarla zəngin tamamilə yeni seçki yanaşmasının şahidi olduq. ATƏT-in müşahidə missiyası görünür, bütün bunları görmək istəməyib (?).
«Dövlət orqanlarının işçilərinə və tələbələrə təzyiqlər ciddi hadisədir və qarşısı alınmalıdır». ATƏT/DTİHB müşahidə missiyası bunu necə görüb? Sadə məntiq, ABŞ-da ya hansısa Avropa ölkəsində keçirilən seçkilərin nəticələrinə qiymət verilərkən bildirilirmi ki, ölkədə polis zorakılığı var, dinc nümayişçilərə qarşı güc tətbiq edilir, onlarla amansızcasına davranılır? Amma kimsə deyə bilməz ki, Qərb cəmiyyətlərində bu cür xoşagəlməzliklər yaşanmır. Bəs ATƏT öhdəlikləri necə, yada salınırmı? Öhdəliklər heç qurumun təmsilçilərinin özlərinin yadına düşmür. Deməli, yuxarıda qeyd edilən şoblonların istifadəsi üçün nəzərdə tutulan ölkə Azərbaycandır. Seçki dövründə dövlət orqanlarının işçilərinə və tələbələrə hansı təzyiqlər olub ki, ATƏT bürosu belə bir yanaşma ilə çıxış edir?
Ancaq bir ölkənin - Azərbaycanın dünyada tanınan sərhədlərinə qəsb olunub, torpağı işğala məruz qalıb, işğal müddəti əsrin dördə birinə çatıb. Ötən zaman kəsiyində ATƏT bunu «jurnalistlər məcburi həbslərə və suçlanmalara məruz qalır» deyəcək qədər əminliklə bildiribmi? Budurmu öhdəliyə məsuliyyətlə yanaşmaq?! Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə nəzərən deyə bilərik ki, bir təşkilatın öz öhdəliklərinə tam laqeyd və etinasız münasibət göstərilməsinə seyrçi qalmasının, dözməsinin ATƏT nümunəsi sadəcə tapılmayıb!
Öhdəliklərə məsuliyyətlə yanaşmaq tərəfsizlik, dəqiqlik və obyektivlikdən keçir. Bunu təmin etmək üçün intensiv işləmək lazım idi. Köhnə məntlərdə azacıq düzəliş aparıb hesabat adı ilə sırımaq yox, həqiqətən seçki prosesi, seçkiqabağı təbliğat mühiti müşahidə edilməliydi. Tam əminəm ki, iş səmərəli aparılsaydı, missiya təmsilçiləri real nöqsanlar tapacaqdılar. Nöqsansızlıq, problemsizlik mümkünsüzdür.
Azərbaycan kimi seçki təcrübəsi baxımdan inkişaf etməkdə olan ölkələr üçün nöqsanlar xarakterik haldır. ATƏT və ona bənzər qurumların missiyası da bundan ibarətdir ki, problemləri yerindəcə görsün, müvafiq dövlət qurumlarının diqqətinə çatdıraraq dərhal həllinə nail olsun. Əlbəttə, aradan qaldırılmış problemləri mətbuat konfransında, brifinqdə, yaxud hesabatda diqqətə çatdırmaq, tövsiyələr səsləndirmək mümkündür. Konstruktiv mövqe nümayişi də əslində budur.
Yenə də deyirəm, hadisələrin konstruktiv məcra alması uçüq intensiv işləmək lazım idi. ATƏT isə əməli fəaliyyəti ilə artıq neçənci dəfədir isbatlayır ki, Azərbaycanda işləməkdə, daha səmərəli seçki mühitinin formalaşmasına, mövcud sahədəki təkmilləşmələrin aparılmasına dəstək göstərməkdə əsla maraqlı deyil.