Bilmirəm fikir vermisinizmi, son zamanlar qeyri-adi bir “yağ mafiyası” yaranıb. Bu mafiya üzvləri yalnız kənddən gəlmiş qarı nənələrdi. Onlar Bakının hər tərəfinə: bazarlara, küçələrə, həyətlərə səpələnərək saxta nehrə yağı satırlar. Mafiya başçısı kimdisə istedadlı adamdı, bu dekorasiyanı çox inandırıcı qurub. Adamlar “kəndskoy” geyinmiş qarı nənələrin saxta mal satmasına qəti inanmadığına görə hələ ki, “qarı mafiyası”nın işləri yaxşı gedir.
Bu yaxınlarda “yaxşı nehrə yağı var!” deyə qışqırıb həyətdə var-gəl eləyən nənənin nurani üzünə sevinərək onun yanına tələsdim. Gördüm, nənə yağları bir kilo-bir kilo paketlərə vurub. “Ay anam, bunun biri neçəyədi?” Dedi, oğul, 10 manata satırdım, ta səhər siftəsidi, sənə 9 manatdan verərəm. Yağa baxdım, sapsarı, çiçək kimi, ayranı da üzündən yağır. Sevinə-sevinə nənədən bir kilo yağ aldım.
Yağ əlimdə geri dönərkən rəhmətlik nənəm, uşaqlığım, kənddəki inəyimiz yadıma düşdü. Bir xaşalqarın inəyimiz vardı, bozumtul qırmızı rəngə çalırdı. Ancaq nənəm onun adını Ağca qoymuşdu. Axşam-sabah vedrəni altına qoyub sağanda gah inəyi əzizləyər, gah da onunla dalaşardı. Ağca balaca zavoda bənzəyirdi, çənəsi daima işləyir, hərdən fınxıraraq elə hey gövşəyirdi. Onun ağzının rahat durduğunu görən olmazdı. Gecələr sovxozun qoruq biçənəyində xəlvətcə otlayıb evə qayıdardı. İldə bir bala doğardı. Özü də növbə ilə, bir il erkək, bir il dişi bala bəxş edərdi.
Naxıra qatanda başqa inəklərlə sakit davranardı, ancaq ona toxunan heyvanı buynuzunda oynadardı. Örüşdən qayıdanda qapımızın ağzında bir dəfə mələyərdi, yəni mən gəldim. Bəlkə də inanmayacaqsınız, özünüz bilərsiniz, ancaq Ağcanın gülümsər bir sifəti vardı.
Uşaqlıq illərimin ən yaddaqalan mənzərələrindən biri də budu:
Nənəm alçaq kətildə üzü Ağcaya tərəfə oturub oxuya-oxuya onu sağır. Ağca mənə sarı boylanıb hərdən sakitcə “ımmööö!” eləyir. Buzovu yanında olduğuna görə çox xoşbəxtdi. Öz adəti üzrə quyruğunu yüngülcə bulayır. Nənəmin başındakı xırdaca qırmızı güllərlə naxışlanmış bənövşəyi şalı Ağcanın dərisinin fonunda çox gözəl görünür.
Burada bir tərəkəmə bicliyi də vardı. Nənəm buzova buruntaq verərək onu Ağcanın sütun kimi möhkəm ayağına bağlayardı. Vedrə südlə dolduqca Ağca elə bilirdi onu balası əmir. Nənəm onun balasını yanında saxlamasaydı, Ağca heç vaxt sağdırmağa qoymazdı.
Ağcanın yerlə sürünən, heç bir inəkdə görmədiyim uzun, gözəl quyruğu vardı. Quyruğunun qurtaracağı topa, qıvırcıq idi. Axşamlar evə qayıdanda nənəm onun quyruğunun bıtırğanlarını təmizləyərdi.
Sonralar başımıza Ağca ilə bağlı belə bir əhvalat gəldi. Günlərin bir günü atam Ağcanı bağın baş tərəfindəki gavalı ağacına bağlayır. İnək otlaya-otlaya ağacın başına fırlanaraq boğazındakı kəndiri və o uzun quyruğunu ağaca dolayır. Ağaca dolanmış Ağca tam sıxılaraq az qalır kəndirdə boğulsun. Boğuq səslə mələyərək nənəmi haraya çağırır. Atam uzaqdan görür ki, inək çatıda boğulur. Lakin yaxınlaşmaq istəyəndə Ağca hürküb dartınaraq öz nəfəsini daha da kəsirmiş. Atam qaça-qaça qayıdıb evdən baltanı götürür və gavalıya dolanmış kəndiri bir zərbə ilə kəsir. Boynu azad olan Ağca dartınan kimi quyruğunun ağaca dolanmış yeri qopur.
Biz məktəbdən gələndə gördük, artıq Ağcanın quyruğunun yarısı yoxdu. O, başını aşağı sallayaraq qarşımızda suçlu kimi dayanmışdı. Elə bil yaraşıqdan düşdüyünü özü də hiss eləyirdi. Nənəm onun üzündən öpüb, “əvvəl-axır sənə göz dəyməli idi” dedi.
Ancaq bir neçə gündən sonra üz-gözümüz gödəkquyruq Ağcaya da öyrəşdi. O, yenə gözəl və yaraşıqlı idi. Ağca hər il bir uzunquyruq bala doğmaqda davam eləyirdi...
Hə, həyətdəki nənə dedi, bala, oğlumun başı üçün, Bərdə yağıdı. Nehrəni özüm bu əllərimlə çalxamışam. Dedim, ay nənə, and içmək nə üçün, bilmirəmmi siz bizə pis şey yedirtməzsiz?
Qayıtdım evə, tələsik bir dilim çörəyi kövrəldib yağdan ləzzətlə üstünə çəkdim. Baxdım ki, nehrə yağı nə gəzir?! Nənə marqarin yağını ayranla yoğuraraq mənə nehrə yağı adına sırıyıb. Ancaq düşündüm ki, nənələr tək canına bu qədər yağı yoğurub düzəldə bilməzlər, bunun hardasa bir yekə mexanizmi var.