16 Avqust 2014 18:02
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan çempionatının ikinci turuna start veriləcək. İlk turda kifayət qədər maraqlı və sürpriz nəticələr izlədiyimizdən bu dəfə də diqqətlərimiz ölkənin müxtəlif arenalarında olacaq. Onsuz da “əndrabadi” olayların yaşandığı açılış turundan sonra həm azarkeşlər, həm də idman ictimaiyyəti hər cür nəticəli oyun gözləyir...

İlk oyun günü üç matç baş tutacaq ki, bunlardan ikisi paytaxtın, biri Lənkəranın payına düşür. Əvvəlcədən planlaşdırıldığı kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi gözlənilən ötən mövsümün çempionu, ilk turun isə bəxtsizi “Qarabağ”la vitse-çempion “İnter” arasındakı görüşün yeri və vaxtı dəyişdirilərək saat 19:00-a İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna təyin olunub.
“Qarabağ” rəhbərliyinin PFL-ə müraciətindən sonra Avrokubokları nəzərə alaraq ot örtüyünün korlanmasını önləmək məqsədilə təşkilat komitəsi belə bir qərar verib. Görüşün maraqlı keçəcəyini planlaşdırmaq olar, ancaq bir sıra nüansları da gözardı etməmək lazımdır.

- “Qarabağ” bir neçə gün sonra Avropa səviyyəli oyuna çıxacağından, ola bilər ki, çox da riskə getməyərək əsas oyunçularından bəzilərini qorumaq haqqında düşünsün. Ancaq “Sumqayıt”la oyunda yaşanan bəxtsiz olay Qurban Qurbanov və köməkçilərini iki dəfə düşünməyə vadar edəcək. Çünki indi itirilən xallar daha sonrakı periodda komandaya çox başağrısı yarada bilər.

- “İnter” ilk turda möhtəşəm “Qəbələ” zəfərindən sonra artıq iddiasını ortaya qoyub və yəqin ki, ağdamlıların da bu çaşqın vəziyyətindən yararlanaraq yenə də qələbə arzusunda olacaq.

Turun eyni vaxtda başlayan digər oyunu isə bir zamanlar möhtəşəmliyi ilə seçilən və hər bir turun mərkəzi görüşü olmağa layiq olan “paytaxt derbisi” - “Neftçi”-"Bakı" qarşılaşmasıdır. “Ağ-qaralar” gənclərlə çıxdığı oyunda “Araz Naxçıvan”a yenildiyindən bu oyuna sığorta imkanı kimi baxır. “Bakı”nın isə nə düşündüyü, məqsədinin nə olduğu hələlik bəlli deyil.

Lənkərandakı oyunda isə yaxşı heyətinə rəğmən, açılış oyununda AZAL-ı yenə bilməmiş “Xəzər Lənkəran” bəxti gətirən “Sumqayıt”la qarşılaşacaq. “Qarabağ”lı məşqçilərin məsuliyyətsizliyi ucbatından yoğurub, yapmadan hazır kökə tapan - üç xal qazanan gənclik şəhərinin təmsilçiləri bu dəfə şanslarını cənub torpağında sınayacaqlar. Lənkəranda “Qarabağ”ın elədiyi səhvi təkrar gözləmək sadəlövhlük olsa da, hər halda “Sumqayıt” üçün hardansa “gün doğmaq” ehtimalı hər zaman vardır.

Növbəti oyun günü isə Zaqatalada başlayacaq. İlk turu “Bakı”ya görə boş keçən “Simurq” AZAL-ı qəbul edəcək. Təyyarəçilərlə dueldə həm də çempionata start vermiş olacaq zaqatalalılar nəyə qadir olduqlarını meydanda göstərəcəklər. AZAL isə “Xəzər Lənkəran”a yenilməyərək yaxşı start verdiyi birinciliyi artan xətlə davam etdirmək niyyətindədir.

Tura Qəbələdə yekun vurulacaq. Uğursuz açılış eləyən şəhərin eyniadlı komandası “Neftçi”nin gənclərinin daşını daş üstə qoymayan “Araz Naxçıvan”ı qəbul edəcək. “Qırmızı-qaralar” həm debütanta öz yerini göstərmək, həm də ilk turdakı uğursuzluğu unutdurmaq üçün əllərindən gələni edəcəklər.

Naxçıvanlılar isə ilk turdakı nəticənin təsadüfi olmadığını sübut eləmək üçün çətin səfərdən ən azından bərabərliklə dönməyə çalışacaqlar.


Müəllif: Zaur Xudiyev