“Kəlbəcər. Xoş gəlmisiz!” – Kəlbəcərə gələn adam işğalın başa çatdığını xəbər vermək üçün bu sözü rayonun girişinə yazdırdı.
Yazı yazıldı qurtardı, Kəlbəcərə gələn adam yazının qabağında dayandı, bir az aralıdan baxdı, yaxınlaşdı, yaxından baxdı, əlini yazının daş gövdəsinə söykədi, sonra alnını söykədi, bir xeyli beləcə dayanıb durdu: “Kəlbəcər. Xoş gəlmisiz!”
Daşın daş yaddaşı oyandı, daşlar onu tanıdı.
Qayalar qəddini dikəldib əsgər sayağı farağat dayandı, qayalar onu tanıdı.
Dağlar gen sinəsini açıb yollara yol verdi, dağlar onu tanıdı.
Yollar qolunu uzadıb çayların üstünə körpü saldı, yollar onu tanıdı.
Körpülər onu çaylardan-sulardan ovcunda keçirtdi, körpülər onu tanıdı.
Çayların kefi dibinəcən duruldu, çaylar-sular onu tanıdı.
İllərin işğalında yapıxmış kəndlər silkinib mamırını tökdü, tozunu çırpdı, kəndlər onu tanıdı.
Evlər sınıq pəncərələrdən kirpiyini qaldırıb baxdı, evlər onu tanıdı.
Qapılar paslı cəftələrini qırıb atdı, qapılar onu tanıdı.
Meşələr saqqalını tərpətdi, bığaltı gülümsündü, meşələr onu tanıdı.
Atlar qulağını şəklədi, itlər quyruğunu buladı, quşlar yuvasından çıxdı, ceyranlar, cüyürlər yol qırağına yüyürüşdü, bulaqların gözü qaynadı, güneyə gün doğdu, quzeyə kölgə düşdü, cığırlar cığırlandı, yoxuşlar dartınıb yoxuş oldu, enişlər yayxanıb eniş oldu, dərələr dağların böyrünə yıxıldı, təpələr kəlləsini qabartdı, yaylaqlar yaylağına, qışlaqlar qışlağına qayıtdı, ağaclar başını yerdən qaldırdı, otlar kökü üstə dikəldi, çiçəklərin burnu ətirləndi, tikanlar itiləndi, kollar bir-birinə sarmaşıb kollandı…
Kəlbəcər. Xoş gəlmisiz!
Torpaq doğma qədəmlərin tappıltısını qurtuluş xəbəri kimi dağ boyu, dərə boyu yaydı.
Kəlbəcərə gələn adam özünü dağların dumanına vurdu, duman çəkildi, dağlar, dərələr aydınlığa çıxdı.
Dəlidağın zirvəsinə qalxdı, Dəlidağ dəli oldu.
Sarı yerdən keçdi, Sarı yerin rəngi saraldı.
Qara güneyi qara basdı, Göy dərə göyərdi, Ağ körpü ağardı, Taxta başının başına hava gəldi.
Ala qayanın gözü bərəldi, Dəmirçidamın gözü dörd oldu.
Uluxan qalası əcdad nəfəsi duydu, Comərd qalasının qanı coşdu, Bağırlı bağırdı, Zağalar nərə çəkdi.
Kəlbəcər. Xoş gəlmisiz!
İsti suyun donu açıldı.
Turş suyun dişi qamaşdı.
Tunelə işıq düşdü.
Xudavəng məbədi Tanrısını gördü.
İmam binəsi imana gəldi.
Dədə Şəmşirin sazı köynəyindən sıyrıldı.
Ağdabanın külü yarasına basıldı.
Məmməd Aslanın, Şamil Dəlidağın məzarları Bakıda nur saçdı, Göygöldə Bəhmən Vətənoğlunun, Sücaətin, Allahverdi Qəmkeşin qonşu məzarları bir-birinə baxışdı.
Kəlbəcərə gələn adam dağları, dərələri adıyla çağırdı, dağlar, dərələr adını eşidib hay verdi.
Yamacları, düzləri çağırdı, yamaclar, düzlər adını eşidib hay verdi.
Yaylaqlardan keçdi, yaylaqlar yaylaqlandı.
Qışlaqlardan keçdi, qışlaqların qırışığı açıldı.
Biçənəklərdən keçdi, biçənəklər dalğalandı.
Bağ-bostan yerlərindən keçdi, bağ-bostan yerlərinin damağına dad gəldi.
Yellicəni yel vurdu, Heyvalının çiçəyi çırtladı, Başlıbelin beli dikəldi, Bağlıpəyənin düyünü, Quzeyçirkinin bəxti açıldı.
Qalaboynu daha boynuburuq qalmadı, Susuzluq sərinlədi, Qızılqaya qızıl qırmızı, Tamaşa tamaşa oldu, Şənliyə şenlik doldu, Ağ yatağın könlü sinəsinə yatdı.
Kəlbəcərə gələn adam kəndləri, obaları çağırdı, ellər, obalar hay verdi, el-oba yerinə-yurduna axışdı.
Kəlbəcərdən gedən adamlar at belində, maşın üstündə, quş qanadında qayıtdı, Kəlbəcər Kəlbəcər oldu.
Qayıda bilməyənlərin ruhuna dualar oxundu. İtkinlərimizin sümükləri dağlardan, dərələrdən, meşələrdən yığıldı. Yağı pusqusuna düşəndə özünü qayadan atmış qız-gəlinlərin namusuna and içildi. Şəhidlərimizin qanı yerdən qalxdı. Qəbiristanlıqlarımız doğma ağıların laylasına uyudu.
Kəlbəcərə gələn adam, sənə qarğış eləyimmi? Heç Kəlbəcərdən qayıdan günün olmasın!