29 Oktyabr 2018 21:29
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü tamam olur.

Türkiyə Cümhuriyyətinin qurulmasında bir çox şəxsin rolu olsa da, ideya müəllifi, düşməni məhv edən ordunun komandanı, böyük zəka, hərbi məharət sahibi olduğu üçün Mustafa Kamal Atatürkün yeri ayrıdır, ucadır.

İstiqlaliyyət və Atatürk adı bir-biri ilə o qədər iç-içədir ki, bugün həm də Mustafa Kamal zəkasının təntənəsinin ildönümüdür.

Mustafa Kamal nə etmişdi?

Bunu hadisəyə şahid olan öz qurucumuzun dilindən eşidək.

Həm Osmanlı dönəmində, həm də Türkiyə Cümhuriyyətinin ilk illərində qardaş ölkədə yaşayan Məhəmmədəmin Rəsulzadə istiqlaliyyəti, Atatürk inqilablarını bu şəkildə izah edib:

“Kamal Atatürkün inqilabı sayəsində yalnız Osmanlı sülaləsi tarix səhnəsindən silinmədi. Xilafətlə bağlı qurumların da varlığına son qoyuldu. Bütün həyat tərzi ilə başdan-başa teokratik bir dövlət olan Türkiyə tam dünyəvi dövlətə çevrildi. Pozitivist mövqedə dayanan Türkiyə Cümhuriyyəti insan zəkasının və fikrinin orta əsrlər sxolastikasından, daşlaşmış dini ehkamların buxovundan həmişəlik azad etdi”.

Başqa bir yazısında Rəsulzadə Atatürkün inqilablarının həm Amerika, həm də Fransa inqilablarını ehtiva etdiyini yazıb:

“Fransa inqilabı müstəqil bir dövlət halında ikən bəşəri haqqını qazanmaqla hürr bir cəmiyyət halını almaq istəyən bir millətin hərəkatıdır. Amerika ixtilalı isə hürr bir cəmiyyət halında ikən müstəqil bir dövlət həyatı ilə yaşamaq əzmini göstərən bir millətin həmləsidir... XX əsrin Şərqi XIX əsr Qərb tarixinin qeyd etdiyi Amerika ixtilalı ilə Fransa inqilabını bir həmlədə həyata keçirmək zərurətindədir. Mustafa Kamalın böyüklüyü məhz tarixin bu zərurətini qavramasındadır”.

Tarixi zərurət…

Mustafa Kamal xilafəti ləğv etməsində, din-dövlət işlərini bir-birindən ayırmasında haqlı idi. Təriqətlərin dövlət işlərinə müdaxiləsinin necə amansız nəticəyə gətirəcəyini duyurdu.

Necə ki, bu gün Fətullah Gülən, Adnan Oktar kimi təriqət liderlərinin dövləti necə çökdürmək istəməsi, qanlı hərbi çevriliş planları hazırlamasını gördük.

Mustafa Kamal geyim, hərf, təhsil islahatları aparmaqda haqlı idi. Osmanlının son əhali siyahıyaalınmasından bəlli olmuşdu ki, imperiyada oxuma-yazma cəmi 10 faizdir. Bu faiz türklər və müsəlmanlar arasında isə 1,5 imiş.

Osmanlı çökmüşdü. Xilası mümkünsüz bir hala gəlmişdi. Osmanlı və zaman anlayışları artıq bir-birinə zidd idi. Ya Anadolu keçmiş zamanda tarixə gömüləcək, ya da üzərindəki köhnə qiyafətlərini çıxarıb yeni bir ruhla, yeni bir canla mübarizəyə atılacaqdı.

Mustafa Kamal bu qiyafəni və düşməni Anadoludan çıxartdı, çağdaş, modern dövlət yaratdı.
Elə bir dövlət ki, bugün nə qədər çalışsalar da, əski qiyafətləri onun boğazından keçirə bilmirlər…


Müəllif: Dilqəm Əhməd