17 Dekabr 2018 12:00
1 519

Günlərdir, bir dəli quyuya bir daş atıb, minlərlə ağıllı da o daşın “çıxarılması” ilə məşğuldur. Ölkəsinin və millətinin tarixini bilməyən, Qarabağdan xəbəri olmayan, milli olan bütün dəyərlərə nifrət edən, Xocalıda ermənilərin başını kəsdiyi körpələrin fəryadını eşitməyən, dərisi soyulmuş insanların əzabını anlamayan, son 100 ildə erməni qatillərinin Azərbaycan türkünə etdikləri zülmü təsəvvürünə belə gətirməyən kosmopolit bir nəslin nümayəndəsidir Nərmin Şahmarzadə qızımız.

Mubariz İbrahimovu aşağılamaq onun günahı deyil. Onu yetişdirən mühitin heç günahı yoxdurmu? Milli dediyimiz nə varsa, onu yox etməyə çalışan, əllərində böyük media holdinqləri olan və bu millətə gecə-gündüz “erməni heyranlığı” təbliğ edənlər az günah sahibidirlər?

***

Aşağılanması üçün “erməni” adlandırılmasından qayğılanmadığını yazır. Haqlıdır. Çünki onunla həmyaşıd olan heç bir erməni gənci öz milli qəhrəmanları haqqında Nərminin dediklərini söyləməz. Ən azı, erməni gəncləri öz millətini sevər və milli dəyərlərinə hörmətlə yanaşar, Nərminkimilərdən fərqli olaraq. Əgər bunun əksini göstərən nəsə varsa, qızımız desin, biz də bilək.

***

Nərminin yazdıqları mənim yadıma bir neçə il əvvəl Ramil Səfərov haqqında eyni fikirləri səsləndirən, bu millətə nifrətini gizlətməyən o vaxt da, indi də “media kapitanı” olan bir nəfəri xatırlatdı. Onları bu gün də bəsləyən düşüncəyə qarşı kim nə etdi ki?

Məncə, Nərmini linç etmək yerinə, onu yetişdirən mühiti və o düşüncənin təbliğatçılarını mühakimə etməliyik...
Ermənilərin düşmənliyinə gəlincə, biz onlara heç vaxt o gözlə baxmadıq. Onlar bizim torpaqlarımızı işğal edərək, Xocalıda insanlarımızın başlarını kəsərək düşmənlik etdilər və bu etdiklərindən sonra onlara dost gözüylə baxmaq üçün kosmopolit olmaq gərəkir... Qız-gəlinlərimizi əsir götürən erməni qatillərinə düşmən deməyək, nə deyək?
Görəsən, ata-anası Nərmin qızımıza bu məsələləri başa salmayıb? Vətən sevgisi ailədən başlayar. Doğrudan da, içəridə xain olarsa, o qapı bağlı qalmaz.

Allah bizi içimizdəki düşmənlərdən qorusun...


Müəllif: Tənzilə Rüstəmxanlı
Загрузка...