17 Dekabr 2018 16:33
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onunla cəmi bir dəfə görüşmək nəsibim olub. Tədbirlərin birində saytımız üçün qısa açıqlama almışdım. Daha geniş söhbət etməyə fürsət olmamışdı. Sonrakı illərdə nə qədər cəhd etsəm də, yenə də baş tutmamışdı. Bəzi dostlarımdan görüş üçün vasitəçilik xahişi etsəm də, yenə də qismət olmamışdı. Qədərə boyun əyib əsərlərini oxumağa davam etməyə başlamışdım.

Bu gün 94 yaşı tamam olur.

Haradasa bununla bağlı tədbir olacaq, qismətə bax ki, indi Bakıdan uzaqda olduğum üçün yenə imkanım olmayacaq.

Bir dəfə tənqidçi İradə Musayeva Feysbukda yazmışdı ki, Cümhuriyyət tədqiqatçıları xaraktercə Cümhuriyyət xadimlərinə oxşamağa başlayır. Səbəbi var.

Cümhuriyyət liderlərinin həyatını oxuduqca, onların fədakarlığını gördükcə, adamda onlara oxşamaq istəyi yaranır. Haqqında danışdığımız Şirməmməd müəllim də bu cür şəxsiyyətdir.

Yazının bu hissəsində yadıma düşdü, bir dəfə yağışlı və küləkli havada BDU-nun önündən keçərkən Şirməmməd müəllimi görmüşdüm. Paltosuna bürünmüş, başında papağı, gözlərini qıyaraq, harasa gedirdi.

Mən ilk dəfə bir adamın hərəkətini izləyirdim. Çünki yoldan təkcə bir insan deyil, şanlı bir tarix də bərabər keçirdi.

Şanlı tarix. Mənə görə bu, 23 aylıq Cümhuriyyət tariximizdir. Şirməmməd müəllim də onun yaşadanlardan biri.

Diqqət etmişəm, sovet dönəmini yaşayan, o dönəmin şərtlərinə uyğun əsərlər yazan alimlərin bəziləri müstəqillik illərində daha məhsuldar çalışmağa başladılar.

Sanki bu, onları həqiqi mənbələrdən, qaynaqlardan, dəyərlərdən ayıran keçmiş sistemə qarşı bir üsyan idi.

Şirməmməd müəllimin bu ay 100 illiyini qeyd etdiyimiz Azərbaycan parlamenti haqqında, sovet dönəmində də, şübhəsiz ki, məlumatı vardı. Amma bilib yaza bilməmək əzabını indi dərk etmədiyimiz üçün o zamanlar hansı sıxıntılar, hansı hisslər keçirdiyini təsəvvür etmək olar.

Şirməmməd müəllim yaşına baxmayaraq, "Azərbaycan" qəzeti əsasında parlamentimizin 3 cildlik tarixini yazdı. Həmin qəzetin redaktoru Üzeyir bəy Hacıbəylinin senzuradan keçməyən, nəşrlərdən kanarda qalan məqalələrını iki cildlik kitabda topladı. Eləcə də, "525-ci qəzet"də illərdir ki, tarixi, publisistik yazılarla çıxış edir.

Ən əsası, Şirməmməd müəllim Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 1920-ci ilədək olan bütün məqalələrini dövrün mətbuatından zəhmətlə topladı, əski əlifbadan transliterasiya edərək, millətimizə təqdim etdi.

Beş cildlik bu əsər Rəsulzadənin düşüncə yolunun öyrənilməsi üçün əvəzsiz mənbədir.

İnanıram ki, Şirməmməd müəllimin yaşının üstünə bir yaş gəlsə də, o yenə də yorulmadan tədqiqat aparacaq, bizləri unutduğumuz keçmişimizlə üzləşdirəcək və biz həm tariximizlə, həm də onun tədqiqatçısı ilə qürur duyacağıq.

Yeni yaşınız qutlu olsun, əziz ustad.


Müəllif: Dilqəm Əhməd