21 Yanvar 2019 13:45
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən uşaq olanda hər il yanvarın 20-də nənəm Vəzirov və Qorbaçovu qarğıyırdı. Bir dəri, bir sümük qalmış əllərini dizlərinə vura-vura deyirdi ki, “Allah Qorbaçovun evini yıxsın, Vəzirovu gorbagor olsun, evimizi yıxdılar”. Nənəm “Bu dünyanın evini yıxan, görüm, səni qanına qəltan olasan. Qanın dağa, daşa çilənsin, ay Qorbaçov”, deyəndə ürpənirdim. Nənəmin qarğışı daşı da ovub quma çevirərdi. Çox inanırdım onun içindən yandıraraq çıxardığı qarğışlarına...

Nənəmim qarğışlarından və televizordan eşitdiyim bu adları əzbərləmişdim. Küçədə uşaqlarla oynayanda yeri gəldi-gəlmədi deyirdim ki, “Allah Qorbaçovun evini yıxsın, evimizi o yıxdı”.

Başımız oyuna qarışıb evə qayıdanacan Qorbaçov da, Bakı da yadımdan çıxırdı. Elə ki, evə qayıdıb televizorun qabağında oturdum, əllərində qərənfillər tutmuş insanların axın-axın harasa getdiyini görəndə, Qorbaçov yenidən nənəmin dilində peyda olurdu. Nənəm şəhidlərdən, ruhlardan danışanda da çox qorxurdum. Elə bilirdim ki, işıqları söndürüb yerimizə girən kimi bu ruhlar məni özləri ilə aparacaqlar.

Bütün bu şeylər nənəm ölüb mən böyüyənədək davam etdi. Hər il Qorbaçov bizim evdə qarğanır, bizim evdə söyüş yiyəsi olurdu.

Həmin illərdə mənim üçün Qorbaçov və haqqında heç nə bilmədiyim Vəzirov erməni idi. Yanvarın 20-də Bakıda bizi ermənilərin öldürdüyünə inanırdım. Sonralar bildim ki, ruslar edib. Amma yenə də erməni erməni idi, qaniçən idi, düşmən idi. Elə buna görə də, düşünürdüm ki, Bakıdakı qırğını da hər daşın altından çıxan ermənilər törətmişdi.

Hər il yanvarın 20-də evdə böyüklər Bakıdakı qırğından danışanda tez-tez “Qırmızı ordu”nun adını çəkirdilər. Anam deyirdi ki, “Dünyanın daşını-daş üstündə həmin “Qırmızı ordu” qoymayıb, Lenini gorbagor olsun…”

Bu dəfə də Lenin peyda olmuşdu. Vəziyyət mənimçün mürəkkəbləşmişdi. Nənəm Qorbaçovu, anam Lenini qarğıyırdı. Canıma hopmuş “Qırmızı ordu” xofu isə yuxumu ərşə çəkirdi. Elə bilirdim ki, həmin “Qırmızı ordu” hər il Bakıda insanları qırır. Həmin naməlum ordu çarpayımın altında gizlənmiş və məni aparmaq üçün yuxuya getməyimi gözləyən əcinnəyə çevrilmişdi. Beləcə, hər il yanvarın 20-də evimizə, kəndimizə qaramatlıq çökürdü. Evlərdən qarğışlar ərşə yüksəlirdi. Gözlərim də kəndin yollarında qalmışdı, üstümdən əzib keçəcək tankların gəlməsini gözləyirdim. Qorxu o həddə çatmışdı ki, bütün ruslar da erməni olmuşdular, azərbaycanlı olmayan hər kəs erməni idi.

Həmin illərin qışlarından birində bizə Rostovdan əmimlə Yura adlı bir rus gəlmişdi. Yuranın rus olduğunu biləndən sonra onunla necə davranacağımı bilməmişdim. Qorxurdum, içimdə də bir nifrət vardı. Elə bilirdim ki, Bakıda olan bütün fəlakətlərin basikarı elə bu Yuradır, Vəzirov da odur, Qorbaçov da odur, erməni də, rus da, Lenin də odur.

Amma nənəm niyəsə, öz ayaqları ilə evimizin içinə qədər gəlib çıxmış bu “Qorbaçov”a qarğımırdı, üstəgəl, onu çəkib başda oturdublar. Mən odun sobasının arxasında dizlərimə qısılıb Yuraya baxırdım, mümkün qədər də baxışlarımızın toqquşmamasına çalışırdım. Elə ki, maraqla altdan-altdan onu süzdüyümü görəndə canıma üşütmə düşürdü. Bir tərəfdən də, başqa bir millətdən olan birinin bizə qonaq gəlməsi marağı məni yumşaldırdı.

Amma qəribə idi. Televizorda 20 yanvarla bağlı gedən verlişi yemək yeyə-yeyə bir rusla – onun uşaqlara “Qorbaçovun qohumu” olduğunu inandırdığım bir adamla izləmək çox qəribə olmalıydı. Həmin vaxt atama dedim ki, Yuraya başa salsın ki, bunu ruslar edib. Atam mənə qaşlarını çatanda başa düşdüm ki, sakitləşməliyəm. Atama gücüm çatmadı, anamın ətəyindən yapışdım ki, Yuranı başa salmaq üçün atamı yola gətirsin. Lakin 20 Yanvarın heyfini Yuradan çıxmaq üçün bu cəhdim də baş tutmayanda keçib, kirimişcə sobanın arxasında oturdum. Lakin Yura yemək yeməyə başlayanda ona yazığım gəlirdi. Çünki o, da insan idi və bizim kimi acırdı…


Müəllif: Mənsur Rəğbətoğlu