2 Aprel 2019 09:37
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamı İstanbuldakı seçkilərin nə ilə nəticələnəyini gözlərkən mən Bəxtiyar Vahabzadənin 1961-ci ilin fevralında yazdığı "İstanbul" adlı şeirini xatırladım.

5 il bundan əvvəl İstanbulda bir rəsmi mərasimdə çıxış etmək üçün mənə söz verdilər. Kürsüyə çıxıb iki ölkə arasındakı münasibətlərdən danışdıqdan sonra cibimdən çıxartdığım kağızdan B. Vahabzadənin aşağıdakı şeirini oxudum. Şeiri əvvəlki gün təsadüfən bir Türk şeir antologiyasından oxumuş və gözlərimə inanmamışdım. İnana bilmədiyim xüsus şeirin altındakı tarix idi - 1961. Həm şeirdən təsirlənmiş, həm də 1961-ci ildə şairin buradakı bəzi misraları yazarkən keçirdiyi duyğu yükünü, hiss etdiyi yanğını və onun sarsıntılarını yaşamışdım sanki.

Salonda ön sıradakı protokol yerində o vaxt Nəqliyyat naziri olan, sonrakı illərdə Baş nazir və Parlament sədri, bu günki İstanbul bələdiyyəsi sədrliyinə namizəd Binali Yıldırım oturmuşdu. Çıxışımı gurultulu alqışlar altında bitirdim. Bu alqışların ünvanı mən deyildim - böyük Bəxtiyar Vahabzadə idi.

Mərasimdən sonra Binali bəy mənə yaxınlaşıb, "Kulaklarında motor sesi/Dilinde Kuran suresi" dedi və arxasınca da "Çok etkilendim" əlavə etdi. Gözləri buğlanmışdı. Şeiri yazdığım kağızı istədi. Hansısa misranı axtarırdı, o yeri tapıb yavaşca təkrarlamağa başladı: "Yüreği, Şark yüreği/Aklı Garp aklıdır/Türk’ün/Bu tezattan sinesi dağlıdır/Türk’ün". Son misraları oxuyanda səsi titrəməyə başladı. Kağızı özü ilə götürmək istədiyini dedi. Yaxşı ki, şeirin Türkiyə türkçəsindəki variantını çap etmişdim. Binali bəy kağızı səliqə ilə büküb, döş cibinə qoydu. Nə təşəkkür etdi, nə də sağollaşdı - Çox mütəəssir olmuşdu...

Bu gün, 58 il əvvəl yazılmış bu möhtəşəm şeiri sizinlə paylaşır və təsvirsiz bir zövq alaraq bəyənəcəyinizi umuram...

İstanbul

Bosfor körfəzi…
İki qitə
Söykənmiş bir-birinə
Ortasında bu yolun.
Bir tərəfi Avropadır,
Bir tərəfi Asiya
İstanbulun…
Türk oğlu durub ortada
Seyr edir
Sağını,
Solunu.
Bir şəhərdə birləşir
İki qitə.
Birinin başlanğıcıdır,
Birinin sonu…
Sol tərəfində
Dəbdəbəli keçmişindən yadigar qalan,-
Başı göylərə ucalan
Cameləri, bürcləri, qələləri;
Durur min ildən bəri.
Sağ tərəfində
Modern evlər, banklar, otellər…
Türk oğlu
Gözlərindən suallar yağa-yağa,
Gah sola baxır, gah sağa.
İstanbulun keçmişi vüqarlı, şanlı,
Bu günü özünə yad.
Gələcəyi dumanlı…
Bu gün
Bir ayağı Avropadadır.
Bir ayağı Asiyada
Türkün.
Qulaqlarında motor səsi,
Dilində quran surəsi
Türkün.
Zaman onu dilləndirir,
Əsrin ahənginə səs verir
Düşünüb dərindən;
Ancaq babası çəkir ətəklərindən.
Çırpmır şəhər
İkilik içində.
Düyüm-düyüm olmuş fıkirlər
Əsrin keşməkeşində…
Bir şəhərdə görüşür
İki dünya, iki aləm.
Tapacaqdır, əminəm,
Türk oğlu haqq yolunu.
O, hələlik seyr edir
Sağını,
Solunu…
Ürəyi Şərq ürəyi,
Ağlı Qərb ağlıdır
Türkün.
Bu təzaddan
Sinəsi dağlıdır
Türkün
Durab hiss ilə ağıl arasında.
Həqiqətlə nağıl arasında.
İrəlimi getsin
Geriyəmi dönsün
Keçmişdən qopa bilmir
Bu günümü
Tapa bilmir
Axtarır
Axtarır
Axtarır
Qarşıda işıq var,
Axtaran tapar!...

Fevral, 1961


Müəllif: İbrahim Nəbioğlu