13 May 2019 11:10
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən çılğın futbol azarkeşləri ilə zəngin Böyük Britaniya elan edir ki, mayın 29-da Bakıda keçiriləcək oyuna getmək təhlükəlidir. Bunu o ölkə deyir ki, hər oyunda skamyalar başlarda sındırılır, ya da stadiona kəsici-deşici alətlər atılır. Ölkə liqasının oyunçuları ayrı-ayrı şəhərlərə oynamağa gedəndə az qalırlar ki, başlarına kaska keçirsinlər. Ya da görürsən ki, stadiondan çıxanda tez-tələsik soyunub-geyinmə otağına yox, birbaşa avtobuslara qaçırlar.

Özü də sadəcə bəyan etsələr yaxşıdır. Üstəlik, bunu onların qəzetləri dərc edir, sosial şəbəkələrdə geninə-boluna verirlər. Kimi qorxudursuz və kiminlə? Heç Formula-1 maşınlarının tüstüsü hələ Bakı səmasından getməyib. O yarış ki, bir adamın burnu qanamadı, üstəlik ən yaxşı otellərdə, ən yaxşı şəraitlə təmin olundular.

İnanın, bu məsələ səmimi deyilsəydi, hardasa qulaq asıb nəticə çıxarardıq. Qərəz ona görə göz qabağındadır ki, niyə bu cür bəyanatılar beynəlxalq səviyyəli yarışlar ərəfəsində verilir? Bəli, səmimi olanda biz nəticə çıxarırıq. Məsələn, əvvəl dediniz ki, Bakıda otellər 4-5 ulduzludur, azarkeşlər qala bilmir. Ondan sonra 2-3 ulduzlu otellər tikdik. Sonra bəhanə bu oldu ki, sizdə hostel industriyası yoxdur. Onu da təşkil etdik. İndi Bakıda hara baxırsan hostel yazılıb. Keçdiniz viza məsələsinə ki, sizə gəlmək üçün viza rejimi mürəkkəbdir. Prezidentin sərəncam və tapşırıqları ilə sadələşdirilmiş viza rejiminə keçdik. İndi uzaq Yaponiyadan tutmuş Alyaskaya qədər turistləri qəbul edirik. Hələ turistlər üçün xüsusi maşınlar da ayırdıq. Gördünüz yox, bəhanə tapmaq lazımdır. Dediniz ki, otellərdə verilən yeməklər təmiz qidalardan hazırlanmır. Xüsusi aşbazlar ayrıldı, menyülərə ən yaxşı qidalar salındı, Avropa mətbəxi yaradıldı, rəflərə brend içkilər düzüldü.

Hələ bu nədir ki…Sizin jurnalistlər paytaxtın gəzməli-görməli məkanlarını çəkmək əvəzinə gedib Əhmədlidə dağılmış asfaltları lentə aldılar, küçədə vurnuxan saqqallı adamları çəkdilər. Hər bir ölkədə elə saqqallı adamlar var. Amma bəzən bizim saqqallılar sizin körpülər altında yatan səfillərinizdən daha yaxşıdır. Bəli, biz Əhmədlidəki küçələri də asfaltladıq. Çalışdıq ki, bütün bəhanələriniz kəsilsin. Onda ehtiyat variantları işə salmağa başladınız. Burdakı gizli adamlarınıza tapşırdınız ki, hər beynəlxalq yarış ərəfəsində ölkəni biabır edən hadisələr çəksinlər.

Məsələn, Avroviziya mahnı yarışması ərəfəsində Bayıl sakinlərinin narazılığını çəkib göstərdiniz. Əsas fikir bu oldu ki, adamlar kompensasiya almayıblar. Beynəlxalq musiqi yarışmasını yola verəndən sonra kompensasiya məsələsi həllini tapdı, bəhanələr kəsildi. Elə bildik ki, kəsildi. Tapşırıq verdiniz ki, əlinizdə kadrlar saxlayın ki, beynəxalq yarışdan əvvəl verəsiniz. Bir dəfə yarış ərəfəsində itin öldürülməsi kadrlarını verdiniz. Bilirdiniz ki, avropalılar heyvanların öldürülməsinə pis baxır, incə damarlarını basmışdınız. Halbuki bilinmirdi ki, o kadrlar harada çəkilib, adını Azərbaycan qoydunuz. Formula-1 ərəfəsində isə İçərişəhər qala divarlarının dağılmasını əks etdirən fotonu yaydınız. Məlum oldu ki, bu çoxdankı fotodur. Aydın məsələdir ki, bu, sizin ölkələrin qısqandığınız ölkələrə qarşı alt qatda həyata keçirdiyiniz siyasətdir. Lakin adamı yandıran odur ki, bunu çox iyrənc şəkildə edirsiz. Neçə il əvvəlin fotosunu indiki kimi təqdim edirsiz, yaxud hər hansı heyvanın öldürülməsini başqa məkanda çəkib Azərbaycanın üstünə atıb vəhşi obraz yaratmağa çalışırsız. Təki Azərbaycan biabır olsun. Bunu kimlərin etdiyini və harada edildiyini sübut edənə qədər iş işdən keçir. İstənilən halda yarış keçirilir, pislik özünüzə qalır.

Beləliklə, Azərbaycan daha bir mühüm beynəlxalq idman turnirinə ev sahibliyi etmək ərəfəsindədir. Mayın 29-da Bakı Olimpiya stadionunda Avropa futbol liqasının final görüşü keçiriləcək. Böyük Britaniyanın iki məşhur klubu Azərbaycan paytaxtında meydana çıxacaq və qalibi müəyyən edəcəklər. Nə uydurursuz uydurun, oyun keçiriləcək. Özü də yüksək səviyyədə. Baxıb görərsiz.


Müəllif: Azər Qismət