O adın sehri 1986-cı ildə universitetin (o vaxt Azərbaycanda bir ali təhsil ocağı universitet adlanırdı – indiki BDU) jurnalistika fakültəsində oxuduğumuz ilk günlərdən başladı. Yuxarı kursların tələbələri Şirməmməd müəllimdən əfsanə kimi danışırdılar…
1-ci və 2-ci kurslara dərs demirdi Şirməmməd müəllim.
3-cü, 4-cü, 5-ci kursların dərs cədvəlində “dosent Şirməmməd Hüseynov” qeydinə boylanırdıq.
Dəhlizdə baş əyib biz olmayan auditoriyalara girməyini seyr edirdik…
***
Bizə növbə çatanda Şirməmməd müəllim professor rütbəsinə yüksəlmişdi. Amma bu, formal yenilik olmuşdu. Onun rütbəsi – adı idi.
…Dövran dəyişmişdi. Azad söz silkələnməsi sovet rejimini, sosializm sistemini sovurub aparırdı. Azərbaycana erməni təcavüzündən doğan xalq hiddəti hakim kəsilmişdi. Dinc zamanın tələbələri geridə qalmışdı. Avazı dəyişməyən müəllim auditoriyada duruş gətirə bilmirdi.
Ən pis dövrdə də çərçivəyə sığmamış Şirməmməd müəllim bizə qadağaların ovulub töküldüyü bir zamanda dərs deməyə başladı.
Mühazirələrinin bir-birindən gözlənilməz döngələri içində dərsin necə bitdiyini bilmirdin.
Tarixindən bixəbər olduğumuz Azərbaycan Xalq Cümhuriyyətindən – dövlətimizdən, bayrağımızdan soraq verirdi…
Adı batırılmış Müsavatı dirildirdi.
Yurdun tarixini nəql edirdi.
Sovet rejiminin, kommunist rəhbərlərin görünməyən qatını açırdı.
Formasiyalardan keçmiş, müharibələrdə ələnmiş dövlətlərin portretini cızırdı.
Dostu da tanıdırdı, düşməni də.
Hər tezisinin altında daşdan keçən dəlil, fakt, sənəd.
O uzun monoloqlar arada belə nəfəs dərirdi:
– Bildin nə deyirəm?
Bildiniz yox, bildin. Şirməmməd müəllim dərsi hamıya desə də, hər tələbəyə üz tutmazdı.
Bu cümləsində qəribə bir intonasiya vardı. Onu ifadə eləmək üçün gərək “Bildinmi nə deyirəm?” yazasan.
Hər həqiqət sərtliyi ilə dilə gəlirdi və biz bu azadlıq seli içində itib-batmamaq dərsi alırdıq…
***
Şirməmməd müəllim sovetin çox hücumuna sinə gərmişdi.
O yeni dövrün də öz basqıları oldu.
1989-cu ilin yanvarında sovet hökuməti Dağlıq Qarabağda xüsusi idarəetmə tətbiq eləmiş, torpağımızı birbaşa Moskvaya calamış, əslində Ermənistanın vilayətinə çevirmişdi.
Həmin ilin yayında Azərbaycan Xalq Cəbhəsinin yaranması ilə milli müqavimətin yeni dalğası başladı. 1988-ci ildə cücərib boy artmış hərəkat yenə kükrədi.
Davamlı mitinqlər, kütləvi tətillər payızda bəhrə verdi. SSRİ rəhbərliyi Dağlıq Qarabağdakı canişini Arkadi Volskini geri çəkdi, onun başçılıq etdiyi Xüsusi İdarəetmə Komitəsi ləğv olundu, vilayətin Bakının tabeliyinə qaytarılması üçün Respublika Təşkilat Komitəsi yaratmaq qərarı çıxarıldı.
Bu yeniliyi Qarabağı ram eləmək imkanı sayan Şirməmməd müəllim siyasi icmalçısı olduğu Azərbaycan Televiziyasından respublika rəhbərliyini və xalq hərəkatı liderlərini birliyə çağırdı.
Çağırış Şirməmməd müəllimin düşmən elan olunması ilə nəticələndi.
“Xalq düşməni” kampaniyasına universitetin bir çox cəbhəçi fəalı başçılıq edirdi. Jurnalistika fakültəsindən olan fəallar bu haqsız hücumlara qarşı çıxdı, amma azlıqda idik. Yadımdadır, AXC-nin universitet şöbəsinin konfransında Şirməmməd Hüseynovun adını Ağsaqqallar Şurası siyahısına saldıra bilmədik.
Barışıq istəməyən qüvvələrin əli hər yerə çatırdı.
Bir “milli liderin” o vaxt dediklərinə baxın:
– Şirməmməddir, Şiraslandır, nədir…
Mitinqdə, xalqın qarşısında dedi bu sözləri.
Şirməmməd Hüseynovu çıxdaş eləməyə çalışan “siyasət” bizi 20 Yanvara apardı.
Dərs çıxarmaq lazım gəldi…
***
1990-cı ilin martında Baltik respublikaları – Estoniya, Latviya, Litva müstəqillik elan etmişdi. Dərsdə Şirməmməd müəllimə “Azərbaycan da SSRİ-dən ayrılmaq üçün müraciət edərmi” sualını verdim.
Cavabı qısa oldu:
– Asılıdır barıtın çoxluğundan gücü bombanın…
Şirməmməd müəllim 1970-ci illərdə jurnalistika fakültəsinin dekanı olmuşdu. Bir yol tədrisin rus dilində aparıldığı hərbi hazırlıq kafedrasına baş çəkəndə dəhliz boyu bütün yazıların rusca olmasına irad tutur:
– Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Niyə bir stenddə də Azərbaycan dilində yazı yoxdur?!
Kafedra müdiri səhvin düzəldiləcəyini vəd edir.
Bir müddət sonra hərbi hazırlıq kafedrasına reyd eləyən Şirməmməd müəllim divarda belə yazı görür: “Asılıdır barıtın çoxluğundan gücü bombanın”.
Rusdilli adamların gücü hansısa silahın xarakteristikasını belə verməyə çatıbmış.
Şirməmməd müəllim o cümləni aforizmə çevirmişdi.
1990-cı ilin martında “Azərbaycan da SSRİ-dən ayrılmaq üçün müraciət edərmi” sualını eyni cür cavablandırdı:
– Asılıdır barıtın çoxluğundan gücü bombanın.
Yəni qeyrətimiz varsa, hər şey yaxşı olar.
O yaz fakültənin tədris qəzeti “Jurnalist”in yeni sayı bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə və yeni azadlıq mübarizəsinə həsr olundu.
Qəzeti bizim qrup hazırlamışdı. Şirməmməd müəllimin rəhbərliyi altında.
Bakıda fövqəladə rejim hökm sürürdü. Müxalif nəşrlər qapanmışdı.
Şirməmməd Hüseynov bədxahlarına belə dərs verdi…
***
1992-ci ilin yanvarında Şirməmməd müəllimlə şəhərdə rastlaşmağımı xatırlayıram. Universiteti bitirib “Azadlıq” qəzetində işə girmişdim.
Mənim şuşalı olduğumu bilirdi:
– Şuşaya “Qrad”ı kim aparıb?!
Reaktiv yaylım atəşi silahıdır “Qrad”. Bu qurğu Şuşaya təzəcə aparılmışdı. Xankəndini də vururdular.
Mənim cavabımı gözləmədi:
– Sən bilirsən “Qrad” nə deməkdir?!
Yenə cavab gözləmədi:
– Kütləvi qırğın silahı!
Əvvəl rusca dedi bu sözü, sonra Azərbaycan dilində təkrarladı:
– Kütləvi qırğın silahı! Görürsən Rusiya televiziyası necə qabardır bunu?! Azərbaycanlıların kütləvi qırğın silahı tətbiq elədiyini bağırır dayanmadan. Sən bilirsən bu nə deməkdir?!
Şuşadan bir neçə gün əvvəl çox nigaran qayıtmışdım. Ona görə donub qaldım.
Şirməmməd müəllim başını narazı-narazı bulayıb nöqtə qoydu:
– Səngər qazmaq lazımdır, səngər! Bildin nə deyirəm?
Onun məşhur “Bildin nə deyirəm?”inin nə demək olduğunu çox gözləmək lazım gəlmədi…
Ağır dərs oldu…
Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-si Şəki şəhərində anadan olub. İndiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini və Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasını bitirib.
1954-cü ildə tarix elmləri namizədi elmi dərəcəsi alıb, həmin vaxtdan Bakı Dövlət Universitetində baş müəllim, dosent vəzifələrində çalışıb.
1962-1969-cu illərdə filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə jurnalistika fakültəsinin dekanı, 1976-1988-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri, 1988-ci ildən həmin kafedranın professoru olub.
30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.
Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də vəfat edib.