15 İyul 2019 10:39
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda artıq 3 həftədir məqsədi və məramı bəzən aydın, bəzən isə qaranlıq qalan müxtəlif mövzular ətrafında etiraz aksiyaları təşkil olunur.

Tiflis küçələrində baş verən etirazların mənşəyi haqqında bir cümlə ilə ifadə etsək, müxtəlif iqtisadi qruplara bağlı hökumət nümayəndələri, televiziya və kütləvi informasiya vasitələri, iqtidarlı-müxalifətli siyasi qruplar, müxtəlif daxili və xarici donorlara bağlı QHT təmsilçiləri və s. bir sözlə, Gürcüstan cəmiyyətinin bütün təbəqələrinin iştirakı ilə eyni vaxtda müxtəlif məkanlarda müxtəlif etiraz aksiyaları keçirilir. Gərginliyin artan xətt üzrə inkişafında sosial media üzərindən səhifələr, bloqerlərin telefon və hətta dronlarla 24 saat canlı yayım etməsi, müxtəlif həssas mövzular üzərindən emosional müzakirə və debatların təşkili, müxtəlif manipulyasiya alətləri kimi bu dönəm üçün həssas mövzular ətrafinda video roliklərin paylaşılması və. s kimi təbliğat kampaniyalarının aparılması danılmazdır. Tiflis küçələrində baş verənlərin görünən və görünməyən tərəfləri və Gürcüstanda bu qədər geniş siyasi, iqtisadi və ictimai spektri hərəkətə gətirən səbəblər, haqqında yazmaq qərarını gəldim.

Etirazların ilk günlərində buna səbəb kimi Gürcüstan hökumətinin “Anakliya İnkşafı Konsorsiumu” ilə razılaşmanı ləğv etməyə hazırlaşması kimi xəbərlər elə həmtəsisçilər tərəfindən ortaya atıldı və ardınca müxtəlif qruplara bağlı hökumət nümayəndələrinin istefası tələbi ilə etirazlar başladı.

Gürcüstan hökumətinin razılaşmanı ləğv etməyə hazırlaşdığı Anakliya portunun tikintisi Trans-Xəzər dəhlizində həyata keçiriləcək layihələr üçün nəzərdə tutulan və 9 mərhələdən ibarət logistik mərkəz layihəsidir. 2014 cü ildən başlayan layihəni Gürcüstanın “TBC Bank” və ABŞ-ın “Conti İnternational LLC.” şirkətləri tərəfindən yaradılan və ardınca ABŞ-ın “SSA Marine”, İngiltərənin “British Wondernet Express” və Bolqarıstanın ABŞ investisiyalı “G-Star Ltd” şirkətləri də daxil olan "Anakliya İnkşafı Konsorsiumu" həyata keçirir.

Birinci faza üçün lazım olacaq 600 milyon dolların 100 milyonunu təsisçi şirkətlər, digər 100 milyonunu Almaniya və Hollandiya İnkişaf bankları hər biri 50 milyon dollar kredit verməklə, qalmış 400 milyon dolları isə Gürcüstan dövlətinin zəmanəti ilə EBRD- Avropa Yenidənqurma və İnkişaf Bankı, ADB-Asiya İnkişaf Bankı, AİİB- Asiya İnfrastruktur İnvestisiya Bankı və ABŞ-ın OPİC-Xarici Özəl İnvestisiya Korporasiyası kimi maliyyə institutlarının ayıracağı nəzərdə tutulmuşdu. Lakin Gürcüstan hökuməti "Anakliya İnkşafı Konsorsiumu” layihəsinə zəmanət vermədiyi üçün layihəni maliyyələşdirməli olan 4 maliyyə institutu əvvəlcədən razılaşdırılmış 400 milyon dollar vəsaiti ayırmaqdan imtina etdi.

Hazırda layihənin birinci fazasının 25 % işləri yekunlaşıb və dəniz dibinin dərinləşdirilməsi işləri başa çatıb.
Trans-Xəzər dəhlizində həyata keçiriləcək layihələr üçün nəzərdə tutulan "Anakliya Portu" layihəsinin coğrafi, strateji-logistik əhəmiyyəti nədir və ən əsası Gürcüstanın və regionun siyasi həyatında son günlərdəki gərginlikdə bu faktorun rolu nədədir?

Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin enerji mənbələrinin diversifikasiyası da daxil Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionun nəqliyyat layihələrinin strateji bəndi kimi Anakliya portu ilk baxışdan "Bir kəmər- bir yol " layihəsinin strateji bəndi kimi Çinin qitələr arası nüfuzunun artmasına xidmət edəcək layihə kimi görsənirdi. Bu isə həm də Şərqdən Qərbə və ya Qərbdən Şərqə qitələr arası nəqliyyat layihələrinin əsas oyunçusu və "filtrçi”si ( ərazisindən və təsir dairəsinə daxil koridorlarda Avropa İttifaqının müxtəlif mallarına sanksiya tətbiq etməklə) olan Rusiyanın maraqlarına xidmət deməkdir.

Bu üzdən Tiflis küçələrində baş verənlər və onların fəsadı kimi Gürcüstan hökumətində yaşanan indiki böhranın ünvani kimi ölkədəki Rusiyaya bağlı qüvvələrin rolu qabardılır. Etirazlarda Rusiya bağlı qrupların aktivliyi yeni portun xüsusi yüklü hərbi gəmilərə xidmət və Trans Sibir koridoru ilə daşınmaların çox cüzi də payının bölüşməsi faktorları üzərindən bu fikrə yaşama haqqı tanıyır. Tikintisinin yekunlaşacağı halda Anakliya portunun regiondakı digər kənar oyunçuların, məsələn, Aİ üçün əhəmiyyətini və bu faktorun Tiflis küçələrindəki etirazlardakı rolunu təhlil edək.

İlk növbədə, Gürcüstan dövləti üçün Anakliyada portun tikintisi ölkənin münaqişə zonası olan Abxaziya ilə sərhəddən cəmi iki kilometr cənubunda, parlament və bir sıra digər qanunverici orqanlarının yerləşdiyi Kutaisidən 90 km qərbdə yerləşən bölgədə Gürcüstan dövlətin mövcudluğunu gücləndirmək məqsədi daşıyır.

Xüsusi ilə Anakliya qəsəbəsini həm də azad sənaye və azad iqtisadi zona elan etməklə tikiləcək yeni portun yerləşdiyi qəsəbənin ətrafında infrastrukturun nəzərdə tutulan inkişafı ölkənin bu bölgəsində Gürcüstan dövlətin mövcudluğunu gücləndirmək strategiyasının bir hissəsidir.

Tikiləcək portunun Trans-Xəzər koridor layihələrində iştirak edən Gürcüstanın digər portları - Poti və Supsadan fərqi onun bir sıra texniki üstünlüyünün nəzərdə tutulmasıdır.Yeni portun digərlərindən əsas üstünlüklərindən biri terminalların dəniz sahilində yerləşməsinin nəzərdə tutulmasıdır ki , bu da Supsa və Poti portlarında terminalların limandan- dəniz sahilindən 30 - 45 km uzaqda yerləşməsi üzündən yükdaşımalardakı artıq vaxt və maliyyə itkisinin qarşısının alınmasına hesablanmışdır.

Yeni portun digər iki portdan ən böyük fərqi isə heç şübhəsiz Anakliyada yük gəmilərindən başqa həm də xüsusi yüklü hərbi gəmilərin qəbulu üçün texniki imkanların nəzərdə tutulmasıdır.

Anakliya uzunmüddətli hesabda Gürcüstanı Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin enerji resurslarının diversifikasiyası da daxil Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionun əsas logistik mərkəzinə çevirməlidir.

Yeni portun Avropa üçün əhəmiyyəti haqqında danışsaq, Aİ 2014 cü ildən ambisiyasına görə heç də Çinin " Bir Kəmər- bir yol " layihəsindən geri qalmayan və Çinin qitələr arası iqtisadi nüfuzunun önlənməsinə alternativ layihə kimi görünən "Şərqə genişlənmə " proqramı çərçivəsində Aİ, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrini birləşdirən "TransAvropa Nəqlıyyat şəbəkəsi " infrastruktur ( TEN-T ) layihəsi həyata keçirməyi qərara alıb. İlkin olaraq TEN-T TransAvropa Nəqlıyyat şəbəkəsi" infrastruktur layihəsi Şimal-Cənub, Şərq-Qərb və Dioqonal dəhlizlər şəbəkəsi ilə Aİ və Şərq Tərəfdaşlığı ölkələrini əhatə etsə də, Mərkəzi Asiya istiqamətində mövcud aralıq koridorlarında Aİ-nin müxtəlif mallarına sanksiya tətbiq edilməsi səbəbi ilə 2014 cü ildən layihəni Şərqə genişlənmə proqramı ilə birləşdirməklə genişlındirmək qərarını alındı.

TEN-T layihəsi 2050 ci ilə qədər Aİ və Şərq Tərəfdaşlığı ölkələri ərazısındə 94 port, 38 aeroport və 15 min km sürətli dəmir yol xətti daxil ilan yeni nəqliyyat sisteminin qurulmasını nəzərdə tutur. Layihənin 24 milyardlıq ilkin fazası gələn il 2020 ci ildə yekunlaşır.

Bu layihənin Avropa Komissiyası və Dünya Bankının təqdim etdiyi indikativ investisiya fəaliyyət planı çərçivəsində Gürcüstan hissəsində əsas diqqət məhz Qara dəniz portları və onların yol infrastrukturu sahəsinə cəmlənib. Avropa Komissiyası və Dünya Bankının təqdim etdiyi indikativ investisiya fəaliyyət planı çərçivəsində Anakliya portuna yeni avtomobil yollarının çəkilməsi, portun yeni bir dəmiryol xətti ilə mövcud Poti - Tiflis dəmir yol marşrutuna birləşdirilməsi və Kutaisidə müasir və böyük logistik mərkəzin tikilməsinin maliyyələşdirilməsi nəzərdə tutulur.
Bu isə o deməkdir ki, Gürcüstan hökuməti belə bir taleyüklü strateji layihədə üçü xarici olmaqla dörd fərdi investorun söz sahibi olmasını istəməyib və ölkənin milli maraqlarına uyğun olaraq bunu Gürcüstan dövləti adından hökumətin etməsinə qərar verib. Anakliya İnkşafı Konsorsiumunun təsisçisi olan 4 fərdi investordan 2 sinin birbaşa, 1 nin isə dolayısı yolla ABŞ iqtisadi dairələrinə aid olmasını nəzərə alsaq , ölkədə son həftələr davam edən etirazlarda ABŞ səfirliyi də daxil, donor və maliyyə qaynaqları və ABŞ-a bağlı QHT nümayəndələrinin canfəşanlığı anlaşılır. Etirazların 23 cü günündə ABŞ-ın Gürcüstandakı səfiri Elizabet Rud artıq ikinci dəfə hökuməti Tiflis küçələrindəki etirazçılara, xüsusi ilə 21 iyun gecəsi parlament önündə mitinqin dağıdılması zamanı etirazçılara tətbiq olunan gücün və təzyiqin araşdırılması haqqında çağırışları buna misaldır.

Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən, Mərkəzi Asiya ölkələrinə qədər genişlənməsi planlaşdırılan TEN-T layihəsinin alternativ layihə kimi iki əsas məqsədi: Çinin qitələr arası iqtisadi nüfuzunun artmasının önlənməsi və ən əsası "Bir Kəmər-bir yol" layihəsində qitələrarası əsas ticari oyunçu və "filtrçi" kimi Rusiyanın Aİ mallarına tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədini güdür.

Aİ-nin Rusiya sanksiyalardan ziyanı haqqında danışsaq , birliyin təməl iqtisadi konsepsiyasının işlənməsində iştirak edən Avstriya İqtisadi Tədqiqatlar İnstitutunun hesablamalarına görə 2014 cü ildən sonra Aİ-nin sanksiyalarına cavab olaraq Rusiyanın öz ərazisi və ya özünün təsir dairəsindən keçən koridorlarda tətbiq etdiyi sanksiyalar önümüzdəki illərdə Aİ üçün 100 milyard avroluq ziyan və 2 milyondan çox insanın iş yerlərini itirməsi ilə nəticələnəcəkdir. Eyni yanaşma Aİ komissiyalarının iqtisadi hesabatlarında risklərlə bağlı hesabatlarında da görə bilirik. Bu isə sanksiyalardan zərər görən üzv dövlətlərdə BREXİT lə bütövlüyü artıq zədələnmiş Aİ-yə üzvlüyün və ümumilikdə birliyin bütövlüyünü sual altına alan əsas faktorlardan birinə çevrilir.

Bu üzdən Aİ üçün sərhədlərini Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinə birləşdirəcək " TransAvropa Nəqlıyyat şəbəkəsi " infrastruktur ( TEN-T ) layihəsini çərçivəsində yeni portda daxil azad iqtisadi və azad sənaye zonası kimi Anakliya qəsəbəsi ətrafı infrastruktur layihələrinin maliyyələşdirilməsi uzun müddətli hesabda həyatı əhəmiyyətli addımlardandır.

2014 - 2020 ci illəri əhatə edən TEN-T proqramının birinci fazası və bu zaman ərzində Aİ müxtəlif nəqliyyat şəbəkəsi infrastrukturu üçün 22,4 milyard avro , enerji şəbəkələri müasirləşməsi üçün 4,7 milyard avro və telekommunikasiya xətləri üçün 0,3 milyard avro maliyyə ayırmışdır.

Tiflis küçələrində etirazlarlarla paralel Aİ rəhbərlərinin Gürcüstan üçün yeni imkanlar vəd edən şirnikləndirici çağırışlar və həmçinin etirazlarda Avropa iqtisadi dairələrinə yaxın QHT və cəmiyyət nümayəndələrinin Aİ-yə intqrasiya çağırışları ilə müşayiət olunan bol aktivliyini və s. kimi fəaliyyətləri Aİ nin Gürcüstan hökumətinə təzyiq üsullarından biridir.

Bu təsir üsulları Gürcüstan hökumətinə TEN-T layihəsi infrastruktur layihəsi çərçivəsində Aİ qtisadi dairələrinin daha çox pay bölgüsü məqsədi güdür.Gürcüstanda bu qədər geniş siyasi, iqtisadi və ictimai spektri hərəkətə gətirən, Tiflis küçələrində və ümumilikdə regionda baş verənlərin görünməyən tərəflərini aşkar edən məqamlardan biri də məhz budur. Digərləri haqqında növbəti yazımda.


Müəllif: Yeganə Hacıyeva