COVİD-19 virusunun yayılması rəsmən pandemiya elan ediləndən indiyədək – təxminən 3 aydır ki, yazırıq, deyirik, efirlərdə çıxış edirik. İnanın ki, fərdi söhbətlər də aparırıq. İnanmayanları inandırmağa çalışırıq ki, koronavirus çox təhlükəli infeksiyadır. Sürətlə yayılır. Bir nəfər yoluxarsa, ətrafında, ailəsində, iş yerində ünsiyyətdə olduğu hər kəsi asanlıqla yoluxdura bilər.
Yaşlı və müəyyən xəstəlikləri olan insanlar xüsusi risk qrupu hesab olunur. Amma hətta cavanları və uşaqları da öldürə bilər. Vaksini-zərdabı yoxdur. Yalnız güclü immunitet, orqanizmin dayanıqlı müqaviməti və həkimlərin fədakarlığı, peşəkarlığı sayəsində bu xəstəliyə qalib gəlmək mümkündür.
Yazırıq, deyirik.., xeyri yoxdur. Göz görə-görə cəhalətin qurbanı olur dəyərli insanlarımız.
Koronavirusdan ölənlər arasında əvəzolunmaz mütəxəssislər, öz sahəsinin peşəkarı olan həkimlər, alimlər, siyasətçilər, sənət adamları var. Bütün insanlar, hətta belə deyim, bütün canlılar çox qiymətlidir, dəyərlidir, şübhəsiz. “Yoluxmayaq”, “qorunaq”, “sağlam qalaq” deyərkən, heç bir fərq qoymuram, hansısa “seçilmişi” də nəzərə tutmuruq. Amma reallıq budur ki, bir peşəkar həkimin, fizikin, kimyaçının yetişməsi, formalaşması üçün ən azı 30 il lazımdır. Bu adamlar yalnız öz ölkəsi üçün yox, dünya çapında lazımlıdırlar, gərəklidirlər, əvəzolunmazdırlar.
Koronavirus statistikasını hər gün izləsəniz, görərsiz: bütün dünya itirir peşəkar kadrlarını, istedadlı insanlarını... Amma bunu, çox təəssüflər olsun ki, öz qədrlərini bilməyən, özlərini dəyərləndirməyən və yaxud sadəcə düşünmədən yaşayanlara, laqeydlik edənlərə anlada bilmirik.
Böyük sənətkar Teymur Mustafayev dünyasını dəyişir, deyirlər, yaşlı adam idi, necə sübut edərsiniz ki, koronavirusdan öldü?
TƏBİB açıqlama yayır, rəsmən elan edir ki, xalq artistimiz koronavirusdan dünyasını dəyişib! İnanmırlar, əvəzində “1 saylı Klinik Xəstəxanada dünyasını dəyişib, ordan aparılıb dəfnə” sözlərinə dərhal inanırlar. Araşdırırıq və məlum olur ki, T.Mustafayev “Semaşko”da yox, “Yeni klinika”da yatıb, orada da vəfat edib.
Ölkəmin dəyərli ziyalılarından, intellektuallarından biri, istedadlı aktyor Bəhram Bağırzadə ECMO cihazına qoşulub, yaşamaq uğrunda mübarizə aparır. Ailəsi danışır, həkimi vəziyyəti detallarına qədər izah edir, koronavirusun ağciyəri məhv etdiyini birəbir başa salır, anladır, hətta reanimasiyadan aktyorumuza aid olduğu iddia edilən görüntü yayılır (fərqi yoxdur o görüntü kimindir, fakt odur ki, həmin xəstə yaşlı deyil, cavandır və koronavirus xəstəsidir), yenə inanmırlar.
Hətta jurnalist etikasını pozub, koronaviruslu xəstələrin reanimasiyada necə dəhşətli vəziyyətdə olduğunu əks etdirən görüntüləri yayırıq ki, bəlkə narahat olalar, bəlkə təsiri olar...
Deyirlər ki, yox e, Bəhramın xəstəliyi başqadır, mən bilirəm, korona deyil!
Sən həkimsən, uzman doktorsan, koronavirus üzrə təcrübə keçmiş mütəxəssissən, infeksionistsən? Kimsən axı sən? Bəhramın müalicə aldığı xəstəxananın qapısını bəlkə də tanımırsan və həkimin mövzu ilə bağlı fikirlərini izah edərkən işlətdiyi terminlərin az qala yarısını başa düşmək üçün lüğətə baxırsan (baxırıq)! Bəs bu nə əminlikdir?
Əlbəttə, skeptikləri anlayıram, skeptisizm Şərq fəlsəfəsində də kökü minillərə dayanan böyük düşüncə tərzidir. Böyük Cavid deyirdi ki,
Şübhədir hər həqiqətin anası
Şübhədir əhli-hikmətin babası...
Amma bir yerə qədər, reallığı görüb-anlayanadək!
Məgər siz görmürsünüz gözümüzün önündəki itkiləri?
Ötən gün atasını koronavirusdan itirən həmkarımın hadisə haqda qeydlərini ürək ağrısı ilə oxudum: yeri-göyü də suçlu bilən həmkarıma haqq da qazandırdım.
Yəni aydın deyilmi ki, xəstəxanalar dolub, reanimasiyalarda boş yer yoxdur, süni tənəffüs aparatları çatmır? Yəni ABŞ-da, İtaliyada bu aparatların çatışmazlığından nə qədər böyük faciələr yaşandığını oxumursunuzmu?
Həqiqətin tam içində olduğun halda onu qəbul etməməyin adı spektisizm deyil, inciməyin, bu artıq düşüncəsizlikdir!
Yəni anlamırsınız ki, bu xəstəlik paralel xəstəliyi olan şəxsləri dərhal məhv edir? Əgər bir nəfərin, məsələn, öncədən bronxial-astma, ağciyər və s. xəstəliyi varsa, koronavirusla mübarizəsi qat-qat çətinləşir.
Koronavirus bütün orqanlara təsir edir və adam şəkərli diabetdirsə, ağciyərində problem varsa və s. - o xəstəlikləri müalicə olunmayacaq səviyyəyə çatdırır.
COVİD-19-un dəhşəti odur ki, xəstəliyi olan, müqaviməti zəif orqanizmi daha tez sıradan çıxarır.
Yenə inanmırlar, “siyasətdir” deyirlər, “oyundur” deyirlər, “maska satmaq üçündür” deyirlər.
Dünya iqtisadiyyatı çökür, fövqəldövlətlər, nəhəng şirkətlər, korporasiyalar iflas həddindədir, bunlar deyir, oyundur, zarafatdır, bizi aldadırlar.
Və biz faktiki olaraq koronavirusa bu anlamsız yanaşmanın girovuna çevrilmişik. Onların ucbatından normal həyatımızı yaşaya bilmirik.
İnamsızların və özünü qorumayanların sayəsində ölüm bir addımlığımızdadır. Vəziyyət o həddə kritikdir ki, artıq qorxduğumuz başımıza gəlir: xəstəxanalarda yer yoxdur. Nisbətən yaxşı durumda olan xəstələri evə göndərirlər. İtaliyada, İspaniyadakı 3 ay əvvəlki vəziyyət indi ölkəmizdə təkrarlanır.
Halbuki çıxış yolları var. Qorunmaq mümkündür. Özünütəcridlə, sosial məsafəni gözləməklə, tibbi maska və əlcəkdən istifadə etməklə, gigiyenik qaydalara əməl etməklə özünü də, ətrafını da qoruya bilərsən. Koronavirusa qalib gəlməyin, infeksyanın kökünü kəsməyin yolu, qaydası budur. Sərt karantin rejiminə ciddi əməl edildiyinə görə bir çox ölkələr koronavurusa qalib gələrək, fövqəladə vəziyyət relimini ləğv edərək normal həyata qayıdır. Bizdə isə əksinə...
Dövlətin zəhməti də hədər gedir, insanları qorumaq üçün çəkilən xərclər də havaya sovrulur. Çünki cahillər korona dəhşətini başa düşmək istəmir. Videogörüntülər də, COVİD-19 virusundan sağalan xəstələrin danışdıqları da, bu infeksiyadan ölənlərin statistikası da, mediada, sosial şəbəkələrdə aparılan maarrifləndirmə işi də... təsirsizdir.
Gücsüzük. Polislər küçəyə çıxmağın qadağan edildiyi günlərdə - həftəsonları bu inamsızların “gizlənpaç” oyununa yorulmaqla məşğuldur.
Yeri gəlmişkən: qohumlarımdan biri danışır, Bakının adını çəkmək istəmədiyim ərazisində təzə “oyun” qurublar. Həyətə düşürlər, polis yaxınlaşanda tez blokun kodunu yığıb, qapının arxasına keçirlər. Polis kodu bilmədiyi üçün uzaqlaşır və bunlar yenidən alaqapını açıb, “qalib görkəmdə” həyətə çıxırlar.
Siz nə etdiyinizi qanırsınızmı? Siz hansı fəsadlara səbəb olduğunuzun fərqindəsinizmi?
Sərt karantin rejimi elan olunur, bir gün qalmış az qala Bakının yarısı rayonlara axışır. Rayona gedə bilməyənlər binaların damına çıxıb, “manqal keyfi” başladır.
Siz Əzrayılla çiling-ağac oynadığınızı doğrudanmı dərk etmirsiniz? Siz öz həyatınızı, doğmalarınızı nə böyüklükdə bir təhlükəyə atdığınızı dərk etmirsinizmi?
Gənclərə üzümü tuturam: sizin təsəvvürlərinizdə ölüm çox-çox uzaqdadır və bəziləriniz ümumiyyətlə ağrı, xəstəlik, ölüm faciəsini anlamırsınız, yaşınız imkan vermir, sağlamlığınız, gücünüz onu dərk etməyə mane olur. Bütün gənclər üçün xarakterikdir bu. Amma bir düşünün ki, ölümə meydan oxuyan sizlər ata-ananız, doğmalarınız üçün nə qiymətdəsiniz? Siz özünüzü yox, onları düşünün! Siz hər biriniz təkcə bir evin ümidi deyilsiniz, həm də bu ölkənin gələcəyisiniz: sizsiz dövlət yaşamaz, ölkə olmaz!
Sizin öz həyatınızı heç bir səbəb olmadan, laqeydliklə təhlükəyə atmağa haqqınız yoxdur!
Pandemiya – müharibədir. Bizə çox əziz olan insanları bu xəstəlik üzündən itiriririk.
Xahiş edirəm, noolar, özünüzü, o əziz insanlarımızı, o dəyərli kadrlarımızı qoruyaq, qorunaq. Yoluxmamağa, yoluxdurmamağa çalışaq.
Hələ yara istidir; hələ savaş davam edir. savaş gedərkən, itkilərin miqyasını da dərk etmək çətin olur – çünki itkilərin ardı gəlir. Biz hələ bu müharibədə itkilərimizin miqyasının fərqində deyilik. Amma bir müddətdən sonra, pandemiya geridə qalanda koronavirusdan dünyasını dəyişən tanıdıqlarımızın, dostlarımızın, həmkarlarımızın yoxluğu bizi çox incidəcək. Onların yerindən heç vaxt dolmayacaq bir boşluq baxacaq bizə. Böyük sarsıntı olacaq.
Şəxsən mənim üçün elə insanlar var. Əminəm, hər biriniz üçün var... Əminəm, onların ölməsini istəməzdiniz... İstəmirsiniz...
Bax, onların xatirinə, sevdikləriniz xatirinə, inanmasanız belə, özünüzü və yaxınlarınızı qoruyun!