Köhnə bir televizor idi, ağ-qara göstərən ekranı vardı. İki məkan arasında qalmışdım , çaqqaçaq çevirərəm - gah Bakıdayam, gah da Türkiyədə. Yəni cəmi iki kanal tuturdu - AzTV və TRT-ni. O dövrdə də indiki kimi vəziyyət elə gətirmişdi ki, qulaqlarımız qələbəyə aid bir xoş söz eşitmək istəyirdi. Bütün gün televizoru, yəni iki kanalı ələk-vələk edib onu axtarırdıq. Televizorda müharibədən danışırdılar, küçədə, evdə - hər yerdə adamların dil-ağzı Qarabağdı.
O zamanlar uzaqdan top səsləri gəlirdi. Atam deyərdi ki, bizimkilərdi, təlim keçirlər, Murovdan gəlir səslər. Ara sakitləşmişdi onda. Xəbər tuta biləcəyimiz yeganə şey bu balaca qutu – köhnə televizordu. Ancaq AzTV və TRT-ni göstərən rus televizoru.
TRT-dən xəbərlər başlayan kimi gözlərimi dikib qalırdım, Azərbaycana aid nəsə axtarırdım. Başqa bir ölkənin kanalının ağzından Azərbaycana aid bir xoş sözün çıxmasını istəyirdim nədənsə. Çox vaxt əbəs yerə olurdu bunlar.
O zamanlar TRT-dən tez-tez Kara Muratın, yəni Cüneyt Arkının filmlərini verirdilər. Kara Murat onda mənimçün adi bir obrazdan daha çox şey ifadə edirdi. Elə zənn edirdim ki, real bir qəhrəmandır, Azərbaycan istəsə, onu gətirib Qarabağda ermənilərlə vuruşdurardı - torpaqlarımızı alardıq onda.
Bir də Həzi Aslanov haqda film vardı. İnanmışdım ki, o filmdəki qəhrəman elə Həzi Aslanovun özüdür. Əlbəttə onda kino nədir, aktyor nədir – bilmirdim. Hər şey həqiqət idi, başqa cür ola bilməzdi. Anamdan da soruşmuşdum ki, Həzi Aslanov sağdırsa, niyə onu Qarabağa göndərmirlər. O zaman hansı cavabı vermişdisə, yadımda deyil, bəlkə də həqiqəti demişdi - mənim eşitmək istəmədiyim həqiqəti, yəni o aktyordur. Bəli, onda – mən uşaq olanda Həzi Aslanov sağ idi, bir gün tanklarını Qarabağa sürüb erməniləri qovacaqdı.
Müharibədən təzə çıxmışdıq və məğlubiyyət o zamanın uşaqlarını, yəni bizi elə öyrətmişdi ki, dünyanın üzərinə çökmüş bu qaramatı dağıdacaq güc axtarırdıq. Televizor isə kəlağayıya bürünmüş gözləri yaşlı qadınlar, əyninə böyük adam paltarları geyinmiş uşaqlar, harasa qaçan adamlar, qara libasda ağlaya-ağlaya üzlərini cıran arvadlardan başqa heç nə göstərmirdi. O zamanın filmlərində çoxlu qar vardı, dağ-dərə, silahlar, saqqallı əsgərlər vardı. Bir xoş söz deyənsə yox idi. Kəlağayıya nifrət edirdim onda, çünki onu ancaq ağlayan qadınların başında görürdüm. Bəd günün xəbərçisi kimi gəlirdi mənə nədənsə. Elə indi də görəndə ətim ürpəşir.
Bir gün atam “setkalı antenna” aldı. Televizorumuz çoxlu kanal tutmağa başladı – Lider, Spyes, ANS...
O zamanlar tez-tez politoloq Vəfa Quluzadə ANS-də çıxış edirdi. Hər dəfə Vəfa müəllim ANS-də görəndə atam deyərdi ki, bir bu kişinin dediklərinə inanıram. Atam da Vəfa müəllim kimi Qarabağın Rusiyanın dağılmasından sonra qaytarılacağına inanırdı. Atam sevmirdi Rusiyanı. Həmişə deyərdi ki, başımıza nə bəla gəlibsə, ruslardan gəlib. Bəlkə də bu sevməzliyi idi Rusiyanı “dağıdan” – Dərbənd, Qarabağ, Zəngəzur və Göyçəni bu böyük xarabalığın altından çəkib çıxaran. Atam Vəfa Quluzadəyə, mən də atama inanırdım. Atamla danışanda ümidim olurdu, sevinə bilirdim.
Atam üçün Qarabağ məsələsinin həll formulu sadə idi: tezliklə Rusiya dağılacaq Dərbənd də, Qarabağ da, Göyçə də, Zəngəzur da qayıdacaq. Rusiyanın da Çeçenistandan dağılacağına inanırdı. Həmişə işləyəndə “Aman Göyçə sənsiz qalmışam” mahnısını zümzümə edən atamın ən böyük arzusu Göyçə gölünü görməkdi. Tez-tez həyatında bir dəfə də görmədiyi Göyçə gölündən danışardı. Yana-yana deyərdi ki, dığalar adını dəyişib Sevan qoyublar.
Sözüm, məğlubiyyətin qulaqları xoş sözə kar edən səs-küyünədir. İndiki kimi onda da elə hey xoş söz axtarırdıq. Bunu Qarabağdan eşitməyəndə futboldan gözləyirdik. Kiçik bir qələbə böyüm ümidlərə - özünəinama yol açacaqdı, əlbəttə o zaman bunun fərqində deyildim. Amma hansı kanalı çevirsəm, Azərbaycan uduzurdu. Ya İngiltərəyə, ya İtaliyaya, ya Polşaya, ya Uelsə, ya Serbiya-Çernoqoriyaya...
O zamanlar Azərbaycan millisi Bakıda Serbiya-Çernoqoriya ilə oynamışdı. Oyundan əvvəl rəqibin baş məqçisi Azərbaycanı mütləq udacaqlarını demişdi. Hirsimdən ağlamışdım onda. Yəni niyə bizi belə zəif görürlər, axı güclüyük. Oyun başlayıb, rəqib verdiyi sözü tutur, bir topla udur. Oyun sonlara yaxınlaşır, biz hələ heç nə edə bilmirik. Gözlərimi yumub qulaqlarımı tuturam – bir “foks” göstərirəm ki, qol vuraq. Gözlərimi açıram ki, hesab bir-birdir. Səsim çıxmır, necə sevinəcəyimi bilmirəm, gözlərim səssizcə nəmlənir. Udqunuram durmadan, ürəyim şişib sanki içimdə, boğuluram az qala. Özümə gəlməmiş ikinci qolu vururuq, az sonra isə oyun başa çatır. Hakim fiti çalar-çalmaz özümü atıram kəndin küçələrinə, qaçıram dəli kimi o baş-bu başa. Qaranlıq küçələrdə sevincimə şərik olan kimsə yoxdur. Amma qələbə məni daha böyük ümidlərə kökləyir: Braziliyanı da udacağıq, Qarabağı da alacağıq, atamla Göyçəyə də gedəcəyik...