13 Avqust 2021 22:44
5 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyəti dövründə Qarabağ uğrunda milli ordumuzun apardığı mücadiləni haqlı olaraq I Qarabağ müharibəsi kimi adlandıranlar var.

Yüz il əvvəl də Qarabağdakı asilər üzərində qələbə qazanan Azərbaycan əsgərlərinin şücaətləri haqqında mühüm xatirələr yazılıb.

Daha əvvəlki yazılarımızda polkovnik İsrafil bəyin, zabitlərdən Əjdər Babazadənin xatirələrindən bəhs etmişdik. Xüsusilə Rusiyanın göstərişi ilə 1920-ci ilin mart ayında başlanan üsyan və məşhur Əsgəran döyüşü milli ordumuzun tarixində ən mühüm hadisədir.

Mühacirətdə “Kurtuluş” jurnalında Afşeranlı imzası ilə çap olunan “Milli Azərbaycan ordusunun hərb qabiliyyəti” adlı yazıda da 1920-ci il döyüşləri haqqında maraqlı məlumatlar yer alıb.

Sovet Azərbaycanında “Kommunist” qəzetində çıxan bir məqaləyə cavab olaraq yazılan bu yazıda Azərbaycan ordusunun gücündən bəhs edilib, tarixi bir cavab verilib:

“Hər halda bolşeviklər 1920-ci ildə öz çılpaq 11-ci ordularını bizim əsgərlərin hesabına geyindirdiklərini unutmayıblar”.

Azərbaycan ordusunun 1919-cu ilin oktyabrında Zəngəzur səfərində Dığ döyüşündə erməniləri məhv etməsindən bəhs edən müəllif 5 ay sonra başlayan növbəti üsyan haqqında xatirələrində bunları yazıb:

“Martda, Novruz bayramında əsgər və zabitlərin bayram keçirməsindən istifadə edən erməni asiləri bolşeviklərin təhriki ilə Əsgəran qalasına hücuma keçərək Əsgəran keçidini, Qarabağı Azərbaycana bağlayan yeganə yolu işğal edirlər. Heç şübhəsiz, əvvəlki vəziyyəti dərhal geri qaytarmaq lazımdı. Ona görə də bayramın ikinci günü 5-ci Bakı piyada, 8-ci Ağdaş, 4-cü Quba, bir tatar alaylarından və 2 eskadron parlament mühafizlərindən, 2-ci topçu alayından ibarət bölmə general Səlimovun komandanlığı altında hərəkətə keçir və Əsgəran altındakı hərb 1920-ci ilin 3 aprelində sabah saat 5-in yarısında başlayır.

Əsgəran qalası və Əsgəranın sol və sağ tərəflərindəki dağlar işğal edilir. Ermənilərin başında erməni çətə təşkilatlarının hərbi rəhbərlərindən məlum Dro dayanırdı.

Ordumuz çox ağır vəziyyət qarşısında idi: Qala və yüksək dağlara hücum etmək lazım gəlirdi. Bölmələrimizin kəşfiyyat qolu sayəsində ermənilərin Qalada və civarındakı yüksək yerlərdə külli miqdarda pulemyotlarının olduğu anlaşıldı.

Hücuma keçməzdən əvvəl Hərbiyyə naziri cəbhəyə gəldi. General Mehmandarovun cəbhədə olmasından ruh və qüvvət alan zabit və əsgərlər manevr edirmişlər kimi daima irəliləyirdilər.

“İrəli” deyə verilən komanda səsləri hər tərəfi canlandırırdı... Axşama doğru cüzi bir itki ilə Qalanı və Qalanın şərqindəki yüksək yerləri zəbt etmək mümkün oldu. Ermənilər qaçmağa başlamışdı. Dan yeri ağararkən bölməmiz erməniləri təqib edərək Keşişkəndi tutur və bütün Qarabağı asilərdən təmizləyir”.

Əsgəran döyüşü Azərbaycan Cümhuriyyətinin süqutundan öncə yaşadığı ən böyük qalibiyyət idi.

Buna görə də mühacirətdə Muğan səfəri ilə birlikdə bu döyüş qabardılır və ordumuzun tarixi ilə bağlı xatirələrdə mütləq qeyd olunur.

Təəssüf ki, Azərbaycan Cümhuriyyətinin işğalı asilərlə mübarizənin birdəfəlik həll edilməsinin qarşısını aldı. Buna görə də SSRİ-nin süqutu ilə birgə yenidən həmin asilərlə və himayəçiləri ilə üz-üzə qaldıq.

Nə xoşbəxtik ki, 44 günlük Vətən müharibəsində Qarabağdan asilərin böyük hissəsi təmizləndi.

Qalan asilərin təmizlənməsi üçün də Azərbaycan ordusu növbəti dəmir yumruğu endirməyə hazırdır...


Müəllif: Dilqəm Əhməd