Azərbaycanda siyasi partiya quruculuğu ötən əsrin əvvəllərindən başlayır. “Difai”, “Müsavat”, “Əhrar”, “İttihad” kimi siyasi təşəkküllər Azərbaycan adlı modern dövlətin qurulmasında və idarəçiliyində iştirak etdilər. Bu partiyalar arasında geniş kütlələri əhatə etməsi və 1918-ci ildə Cümhuriyyətin qurulmasındakı rolu baxımından ən məşhuru Müsavat firqəsi idi.
Bu firqənin mühacirətdə də davam etməsi, müstəqilliyin bərpası gününə qədər əmanət olaraq daşınması mühüm tarixi hadisədir. XX əsr Azərbaycan siyasi tarixinin əhəmiyyətli hissəsinə həm də Müsavat tarixi kimi baxa bilərik.
Mühacirətdə Məhəmmədəmin bəyə qarşı olan qüvvələr müəyyən təşəkküllər qurmağa çalışsalar da, bu partiyanın keçmişi, təcrübəsi onu heç bir qurumun ötməsinə imkan vermədi. Nəticədə mühacirətdə Azərbaycan istiqlal davasının bayraqdarı da Müsavat firqəsi oldu.
Bu yaxınlarda mühacirətdə çıxan nəşrləri yenidən gözdən keçirərkən diqqətdən kənarda qalan bir xəbərə təsadüf etdim. Belə ki, “Azəri Türk” jurnalının 1931-ci ilin mart ayında çıxan sayında bir bəyannamənin dərc olunduğunu gördüm.
Bəyannamədə yazılıb:
“Cərəyan etməkdə olan siyasi hadisələri addım-addım təqib edən münəvvər gənclik əvvəldən bəri milli Azərbaycan istiqlal mübarizəsini sönməz bir eşq ilə mənimsəyərək müxtəlif vəsilələrlə işbu qurtuluş mücadiləsində bütün səmimiyyəti ilə iştirak etmişdir. Bu gün çiyinlərində milli işləri bir vəcibə (tapşırıq) kimi daşıyan gənc fədailər bu dəfə münfərid (özbaşına) didişmələrdən qurtularaq məsailərini (fəaliyyətlərini) feyizli bir şəklə ifrağ (çevirmək) məqsədilə müttəhidən (birlikdə) bir mərkəz ətrafında toplanmaq və çalışmaq üçün “Azərbaycan Türk Realist Firqəsi” namı altında bir firqə təşkil etmişlərdir.
“Realist”lərin qayeyi-əsliyyəsi (təməl qayəsi) Azərbaycanı müstəvli (istilaçı) düşmənlərdən qurtararaq müstəqil, milli, demokratik əsaslar üzərinə qurulmuş bir xalq cümhuriyyəti qurmağa matuf (yönəlmiş) olduğundan Azərbaycan mübarizəsini müdafiə və tərvic edən (dəstəkləyən) bilümum məfkurə birliyi daşıyan milli Azərbaycan və digər antirus təşkilatlarla təşriki-məsai (əməkdaşlıq) etməyə amadə (hazır) bulunduğunu bəyanla bu məqsəd yolçularının yardımlarına məzhər olacağını ümid eylər.
“Realist” firqəsi yurdsevən bütün gəncliyi bu milli istiqlal bayrağı ətrafında düşmənə qarşı müttəhid cəbhə təşkilinə dəvət eylər.
Yaşasın Azərbaycan istiqlalı!
Qəhr olsun rus istilası...”
“ATR” firqəsi”.
Jurnal bəyannamənin ardınca bu məlumatı verib: “Azərbaycanın qurtuluşu üçün çalışan bu milli firqə içərisində pək çox fədakar və qiymətli kimsələrin bulunduğunu məmnuniyyətlə xəbər aldıq. Milli mübarizədə hamımızla bərabər olan və cəbhəmizi qüvvətləndirən bu firqəni candan alqışlar və müvəffəqiyyətlər təmənni edərik”.
Firqə haqqında başqa məlumat əldə edə bilmədik. Bu bəyannamənin Cümhuriyyətin Zəngəzurdan olan millət vəkili Məhəmmədsadıq Aranın jurnalında dərc olunduğunu və M.Rəsulzadəyə qarşı müxalif cəbhə aldığı illərə təsadüf etdiyini nəzərə alsaq, elə onun təsis etdiyini düşünə bilərik.
Görünür, mühacirətdə qurulan bu partiya adında realist sözü olsa da, real şəkildə fəaliyyət göstərə bilməyib.