19 Oktyabr 2023 21:42
13 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Otuz il əvvəl idi. 7-8 yaşım vardı. Məhəlləmizin böyüklərindən biri mən yaşda uşaqları da yığıb o zaman ailəmin yaşadığı Sumqayıtdakı Şəhidlər Xiyabanına aparmışdı.

Bir məzar daşı göstərdi, Vətən uğrunda şəhid olduğunu dedi. Başdaşından baxan gəncin siması bu gün dumanlı şəkildə xatirimdədir. Görünür, həmin adamın yaxını, qohumu, doğması imiş.

Başdaşındakı ağ-qara şəkli öpdük, ayrıldıq... Şəhid kimdir, ilk dəfə anladıq.
Yenə həmin illər idi. İnsanların Vətən və çörək uğrunda savaşdığı bir dönəmdə artıq qulaqlarımızın alışdığı bir xəbər gəldi: Raminin qardaşını snayper vurub, başının bir hissəsi parçalanıb. Beləcə də yayılmışdı... İlk dəfə üzünü cıraraq ağlayan qadınlar gördüm.

Uşaq idik. O yaşda yaşanılanlar uzun illər insanın yaddaşına hopur, bəzi hallarda həmişəlik travma yaşadır. Məktəb dövrümüz də belə keçdi. Lövhələrdən boylanan şəhid şəkilləri, 20 Yanvar, Xocalı qırğınlarının anım günləri, qəm ədəbiyyatı üzərində yetişən gənclik. Bütün bunlar baş verərkən ağ-qara televiziyada izlədiyimiz siyasi müzakirələr, dedi-qodular, ittihamlar insanı daha da ümidsizliyə düçar edir, anlamasaq da, böyüklərin üzlərindəki narahatlıq işlərin yaxşı getmədiyini göstərirdi.

Hadisələr sürətlə cərəyan etdi. Müharibə ilə qəfil üzləşən Azərbaycan siyasi təlatümlərlə də üz-üzə idi. Sürət Hüseynov qiyamı, Elçibəyin prezidentliyi buraxması, Heydər Əliyevin hakimiyyətə gəlməsi, Rövşən Cavadov üsyanı, Lissabon sammiti və s... Bunlar isə məktəbli dövrümüzdə hafizəmizə hopan əsas hadisələrdi.

Zaman keçir, çadırlar yığışdırılır, köçkünlər yavaş-yavaş yeni tikilən binalara köçürdülər. İllər sonra Gürcüstan kitabxanasının onlayn arxivində çadır şəhərciklərinin şəkillərini görəndə sarsılmışdım. Orada yaşayanların nələrdən keçdiklərini bir onlar, bir də Allah bilirdi. Çadırların ləğvi ürəyimizdə dərin yara açmışdı. Sanki çadırların mövcudluğu Qarabağın yaxında azad ediləcəyinə işarə idi. İndi isə həm çadırlar, həm də ümidlər yox olurdu...

Amma Azərbaycan heç bir zaman Qarabağsız bir həyatla razılaşmadı. Ümidsizliyin ən dərininə gömüldüyü, heç olmasa Sovet dövründəki vəziyyətin bərpasına razılaşdığı məqamlar oldu. Amma ermənilər bunu da istəmədilər, əksinə zaman keçdikcə iddia etdikləri Qarabağa aid olmayan tutduqları torpaqlardan da çıxmağı düşünmədilər, həmçinin Gəncəyə və çevrəsini də göz dikdilər.

Zaman insan ömrünə qənim olan ən şiddətli qılıncdır. İşğal edilən torpaqlar yerində durur, erməni iddiaları çoxalır, Azərbaycan təslimiyyətə məcbur edilir, yaşlı köçkün insanlar isə bir-bir vətən həsrəti ilə ölürdülər. Erməninin edə bilmədiyini də zaman edirdi.

Ölü nöqtədə tərpəniş yoxdu. Vasitəçilərin təşkil etdikləri görüşlərdən heç bir nəticə çıxmır, getdikcə adiləşən, nəhayəti əvvəldən bilinən rutinə çevrilirdi. Arada qazanan isə vasitəçilərin özləri olurdular. Necə ki, münaqişənin həllindən sonra özlərini sonuncu dəfə həyasızlığa vurdular...

Nəhayət, mübariz bir tərpəniş hüznü-ümumiyə qərq olmuş cəmiyyətimizə təkan oldu. Mübariz İbrahimov bizim İsrafilimiz oldu, ölü idik, suru ilə bizi diriltdi. Amma qiyamətin surundan bir fərqi vardı. Qiyamətdə artıq keçmişi düzəltmək mümkünsüz olacaq, bu dəfə isə Tanrı Qarabağ günahı ilə qarşısına gəlməyimizi istəmədi. Çünki müqəddəs torpaqların itirilməsini Tanrı Azərbaycana bağışlamayacaqdı.

Mübarizdən sonra anladıq. Münaqişənin hərbi həlli mümkündür. Vasitəçilər bilirdilər ki, ən uğurlu olduqları diplomatik masada bizi məğlub edəcəklər.

Təzyiqlərlə, hədələrlə mövcudla qane olmağımıza razı salacaqlar. Güclü Qərb dövlətləri ermənilərin arxasında idilər, erməni lobbisi istədiklərini edə bilirdi. Bütün bu prosesin qarşısını ancaq milli mücadilə ilə almaq olardı. Silahlanma vacib idi. Yeni ordu quruculuğu vacib idi. Bütün bunlarla yanaşı diplomatiyada yanımızda olan dövlətlərin sayının çoxalması vacib idi. Azərbaycanın 15 ili buna sərf edildi. 2020-ci ilə gələnə qədər artıq çox gücümüz vardı.

Amma biz yenə də sülhdən yana idik. Son çağırışlarımız edilir, əvvəlki kimi birgəyaşayışın mümkünlüyü izah edilirdi. Buna görə multikulturalizm siyasəti də qəbul edilmişdi. Amma nə oldu? Otuz illik təmas xəttindən deyil, Tovuz istiqamətindən hücuma keçdilər, ali rütbəli zabitlərimiz şəhid oldu. Mübarizdən sonra cəmiyyət ilk dəfə olaraq general Polad Həşimovun qisasının alınması ətrafında birləşdi. 2020-nin iyul ayı Azərbaycan tarixində bir milad oldu. Nəhayət, 27 sentyabrda Vətən müharibəsi başladı və Xankəndidə Azərbaycan Bayrağının ucaldılması ilə başa çatdı.

***

Oktyabrın 17-si ilk dəfə olaraq Türkiyənin Qars şəhərinə getdim. Hazırda bu sətirləri yazarkən Qarsda yağış yağır, damlaların səsi yüz illik tarixi gözlərimin önünə gətirir. Kazım Qarabəkir paşa, Naxçıvan uğrunda mücadilə, ermənilərin törətdikləri qətliamlar, Qars müqaviləsi, sərhədin o tayı kimi anlayışlar beynimi qurcalayır. Iğdırda olarkən İrəvanda doğulduğumu bilənlər soyağaclarının İrəvana uzandığını həvəslə söyləyirdilər.

XX əsrdə Iğdır və Qarsda yaşayan türklərin böyük qisminin kəbəsi İrəvandı. Bəzilərinin dədəsi oradan gəlmişdi, bəziləri dədələrinin hekayələri ilə böyümüşdülər. “Keçmiş” və “yeni” irəvanlının söhbətlərindəki mövzu iki yüz illik dövrü əhatə edirdi. Təəssüf ki, XIX ərin sonu XX əsrin əvvəllərində İrəvandan İrana, Türkiyəyə, Azərbaycana olan köçlərin tarixi geniş yazılmayıb.

Zülmə məruz qalanların az bir qismi xatirələrini qələmə alıblar. Bu xatirələr çox az tirajla çap olunub və ya keçmişin mətbuat səhifələrində unudulub. Amma əlimizdə də mümkün qədər material var.
2020-ci ildə Qarabağın hərbi həlli mümkün idi, oldu. Amma İrəvan və Qərbi Zəngəzur üçün ayrı planlarımız olmalıdır. İrəvanın türk yurdu olduğunu isbat edən tədqiqat əsərlərimizin sayı çoxalmalıdır. İrəvan mövzusunda çalışan tarixçilərə diqqət yetirilməli, onların fəaliyyətinə dəstək göstərilməlidir.

Ayın 17-si Qars qalasına qalxdım. Orada Türk Bayrağı və Mustafa Kamal Atatürkün təsviri vardı. Üzərində yazılmışdı: “Vətən sənə minnətdardır”.
Bu gün Qarsdan Xankəndiyə baxanda da eyni sözlər dilə gəlir: Əziz şəhidlərimiz, sevgili qazilərimiz! Vətən sizə minnətdardır!


Müəllif: Dilqəm Əhməd