27 Oktyabr 2023 11:22
14 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doğulduğum yurddan qaçqın düşəndə üç yaşım vardı.

Cəmi üç il ata-baba ocağının havasını udmuş, oradan günəşə baxmış, anamın laylasını dinləmişəm.

Valideynlərim fürsət tapıb İrəvan şəhərinin mərkəzində iki fotoşəklimi də çəkdirmişlər. Körpəlikdən xatirə qalsın deyə. Nə biləydilər ki o iki foto İrəvandan son xatirəm olacaqdı...

Yaddaşıma ilişib qalan başqa bir anım da var. Evimizin qapısı. Gedənlərin-gələnlərin, ölənlərin-qalanların şahidi olan bu qapı niyəsə hafizəmə hopub, oradan çıxmaq bilmir. Geriyə dönəcəyim, o qapını açıb keçmişin ruhlarını salamlayacağım günün müjdəçisi olduğu üçünmüdür?

Sonra Araz çayını, əlində qılınc olan heykəli xatırlayıram. Artıq Naxçıvanda idik, oradan da ta Xəzərin sahilindəki gənc şəhərə - Sumqayıta gedəcəkdik.

Uşaqlığım qəribə qoxulu bu şəhərdə keçdi. Qaçqın idik, çox keçmədi köçkünləri tanıdıq. Dərd dərd üstünə gəldi, havanı barıt və qan qoxusu bürüdü.

Çox uzun çəkdi.

2008-ci il. Azərbaycan Ordusunda adi bir əsgərdim. Qonşu ölkə ilə sərhədimizdə xidmət edirəm. Aşağıda böyük bir göl var. Vaxt uzun, düşüncələr dərin, həsrət amansız. Bir ağac görürəm, budaqlarının birinin kölgəsi qonşu tərəfi, digəri bizim tərəfi günəşdən qoruyur. Əcəba, bu ağac kimindir? Qəribə duyğular içində bir boşluğa yuvarlanır, dünyada ən qalib varlığın puçluq olduğunu düşünürəm. Hər şey axırda ona doğru getmirmi deyə.

2014-cü il. Hiss edirəm ki, ölkənin içindəkilər deyil, kənardakılar məni daha çox cəzb edir. Ömür yolu parçalananlar, vətəndən uzaq düşənlər, qürbətdə qalanlar, həsrətlə ölənlər. Niyəsə özümü onların vətəndəki və vətəndən uzaqdakı ömürlərini birləşdirməklə mükəlləf biri olaraq hiss edirəm. Niyə axı, nəyə lazımdır? Bir ömürdür, yaşandı, bitdi. Hər kəs bir cür yaşayır, onlara da qədər bunu yazıb. Amma olmur, onların izinə düşüb yaşadıqlarını yazmaq, soraq gətirmək keçir ürəyimdən.

Çox uzun çəkdi.

Bir məktub parçasından, bir məzar daşına qədər... Bir xatirədən, bir əlyazmaya qədər... Nə varsa toplayıram, yazıram, yenidən axtarıram. Qapı-qapını açır, gedəndə xəzinə aparmasalar da, öləndə bir tarix miras buraxmışdılar.

Həmişə bu məsələni düşündüm. Bu maraq haradandır? Tarixi sevməkmi? Tarixin dövrləri, mövzuları çoxdur. Niyə mühacirət? Bəlkə, körpə uşaq ikən yaşanılan qaçqınlıqmı?

21 oktyabr 2023-cü il. Qarsdan Ani xarabalıqlarına doğru gedirəm. Demişdilər ki, oradan İrəvan görünür. Tur avtobusundan endiyimiz zaman 14 yaşlı bələdçi özündən böyük tarixi bilgi verir: “Bura Ermənistanla sıfır sərhəddir”...

Sıfırdan sonsuzluğa baxıram. İrəlidə qarşı tərəfin əsgəri qüllələri görünəcək deyirlər. Oraya doğru gedirəm. Tam sərhəddəyəm, aşağıdan sərhəd simləri, yarğan və çay görünür. Urmiyadan olan bir kişi çayın adının Qarasu olduğunu deyir. Sərhədin yanında Səlcuqlu dövründə tikilən Mənüçöhr məscidi ucalır. Təslisdən tövhidə sığınıb camiyə girirəm, üzüm Kəbəyə, qəlbim İrəvana doğru Tanrıya dua edirəm. Məscidin pəncərəsindən qarşı tərəfdəki yad bayraqlar görünür...

Şəkillər çəkdirib, sosial mediada paylaşıram. Həmkarım, dostum Vüqar Hüseynov bilgi verir: “Olduğun yer Aninin arxasındakı kanyondur. Bir az qabaqda Süngüdərəsidir. Onunla üzbəüz uzaqdan görünən kəndimizin uc hissəsidir, Güllübulağın. Qarşısında Mağaracıq kəndidir, amma balaca kənd idi deyə seçilmir. Çayın adı Qızılçaxçax olub vaxti ilə. Arpaçayın kiçik qoludur. Uşaq vaxtı kənddə təpəyə çıxıb Aniyə o qədər baxmışam ki. 2006-da Türkcell Türkiyənin ən böyük bayrağını düzəltdirib Aniyə sancmışdı, deyirdilər Gümrüdən belə görünür. Dayandığın yerdən Gümrüyə hava yolu ilə 28 kilometr olmalıdır”.

Həmin Türk bayrağı Aniyə girişdə ucaldılıb. Nə zamansa qarşısındakı digər türk bayrağını salamlamaq üçün...


Müəllif: Dilqəm Əhməd