15 Aprel 2015 14:48
2 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir sıra qohumluq əlaqələri mövcuddur ki, bu gün həyatımızda onların hərəsinin öz yeri var. Məsələn: əmioğlu, dayıoğlu, bibioğlu, xalaoğlu (“oğlu” sözlərinin yerinə “qızı” sözünü də yazmaq olar), kürəkən, yeznə, qayın, kirvə, baldız və s. Daha sonra estetik qohumluqlar gəlir ki, bura daxildir: sinif yoldaşı, əsgər yoldaşı, tələbə yoldaşı, partiya yoldaşı və s.

Məsələn, canım üçün, bu saat Azərbaycanda imkanlı bir yerdən qız almaq dövlət universitetini qırmızı diplomla bitirməkdən irəlidir. Daha bundan sonra əziyyət çəkib oxumaq, işləmək nəyə lazımdır? Bir arvad almaqla hər şeyi əldə etmək mümkündürsə, demək, imkanlı, tərəfli yerdən qız almağın əsl mahiyyətini anlamayan oğlan həyatdan xəbərsizdir.

Babam, nənəm danışırdı ki, kəndimizdə cavanların 90%-i kolxoz sədrinin qızını istəyirdi. Nədi-nədi alsa, ən azı kəndin hesabdarı işləyəcək. Kənddə də hesabdar olmaq bütün günü əli pulla oynamaq deməkdi. Hələ orası da var ki, kolxoz sədrinin qızı alınandan sonra keçirdilər baş hesabdarın, kassırın qızına. Kassırın qızını almaq sənin lotoreyanın “06”-ya düşməyinə bərabərdir. Kolxoz sədrinin oğluna qızını vermək artıq saman altında həll edilir. Kənd üçün bu çox çətin məsələdir. Çünki, kolxoz sədri də öz oğluna rayon rəhbərlərindən birinin qızını almaq istəyir. Bu da müşkül məsələdir. Çünki rayon rəhbərləri də Bakı şəhərindəki rəhbərlərdən birinin qızını almaq istəyir.

Burda başqa bir yol da var. Oğlanlar kənd rəhbərinin qızını almağa gücü çatmayanda rayondan qız almaq fikrinə düşürlər ki, heç olmasa rayona köçə bilsinlər. Rayondakı qızlar da Bakıya gəlin köçmək istəyirlər ki, zarafat deyil, heç olmasa paytaxtda yaşasınlar. Rayon oğlanları da Bakıya köçmək üçün şəhərdə qız gəzirlər. Şəhərdəki oğlanlar özlərinə bir balaca koma düzəltmək, vergilər idarəsində ən azı qapıçı işləmək üçün imkanlı adamların qızlarını axtarırlar.

Bunları kim belə öyrədib görən? Həyatmı, cəmiyyətmi? Bilmirəm. Bir onu bilirəm ki, bu yazdıqlarımı həyata keçirən oğlanlar Azərbaycanda bəy balası kimi dolanırlar. İşi, altında çeşkası, yeşkası bəy oğlu bəy kimi əlinin altında “həyatını düzgün qura bilməyənləri” işlədirlər.

Bütün bunlardan sonra anlayıram ki, Azərbaycanda arvad doğurdan da böyük qüvvədir. Özü də bu güc indi əmələ gəlməyib, təkcə bizim başımızda görünməyib, dünya xalqlarının taleyində də var belə şeylər. Tarixə nəzər salaq. Xəzərlər Girdiman dövlətinə hücum eləyəndə Cavanşir tez Xəzər hökmdarının qızı ilə ailə qurdu. Arvad məsələni həll elədi. Hökmdar Xosrov Pərviz o zaman ayıldı ki, ölkəsi ağır vəziyyətdədir, xaricdən hərbi müdaxilənin qarşısını almaqdan ötrü dünyalar qədər sevdiyini burda qoyub Rum qeysərinin qızı ilə evləndi. Arvad məsələni yoluna qoydu. Lap müasir zəmanəmizdə Gürcüstan prezidenti Saakaşvili Hollandiyadan qız aldı. Bununla da gürcü və holland münasibətləri ideal bir səviyyəyə yüksəldi.

Hərdən öz-özümə fikirləşirəm ki, Qarabağ məsələsinin ən başlıca həlli yollarından biri Ermənistan prezidentinin qızını bir Azərbaycan oğlunun alması ola bilər. Məsələ o saat həll olunacaq. Bilmirəm, bizimkilər bu düzgün variantdan niyə istifadə etmirlər. Özü də ki, arvad erməni qızından ola. Həll olunmamış məsələ qalmaz. Onların bu sahə üzrə gözəl təcrübəsi var. Bu qədər qırığın-qiyamət nəyə lazım axı? Ermənistan prezidentinin bir qızını al, məsələ həll olunub getsin. Ancaq, orasını da düşünürəm ki, burda incə bir nüans da var. Qorxuram ki, bizim kişi erməni qızını yox, erməni qızı bizim kişini bişirib torpaqlarımızdan bir az da alsın.

Hə qardaş! Arvad böyük qüvvədir. Mən şəhərdə ola-ola gedib kənddən qız sevirəm. Ancaq kənddəki dostlarımın hərəsi şəhərdə tanınmış bir adamın qızını aldılar. Birini konkret tanıyıram. Arvad əvvəlcə onu Vergilər Nazirliyinə apardı, ürəyi toxtamadı. Maliyə nazirliyinə apardı, yenə ürəyi toxtamadı. Sonra bilmirəm nə nazirliyinə apardı. İşi xod gedir indi. Altında pradosu, mərkəzdə evi, pulu və s. Allah sağlığına qismət eləsin. Kişi ağıllı adamdı. Qaz vurub qazan doldurur.

Azərbaycanda yaxşı yerdən arvad almaq uğrunda mübarizə indi özünün ən yüksək səviyyəsinə çatıb. Ancaq bu mübarizədə mənim can verən bir məhəbbətə yazığım gəlir. Kənddə atları suvarmağa aparan çoban qızını düşünürəm.


Müəllif: Kəramət Böyükçöl