14 May 2015 16:47
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arzu Şirinova

Azərbaycana təzyiqlər olacağını, qarayaxma kampaniyasına start veriləcəyini, “insan haqları” adı altında çox sinələrin yırtılacağını gözləyirdik.

Çünki 2012-ci ildə ölkəmizin ev sahibliyi etdiyi “Evrovizion” təcrübəsi vardı. O zaman da bu sayaq olmasa da, buna bənzər qarayaxmalar oldu Azərbaycana. Ancaq bu dəfəki qarayaxmanın düyməsini basan təşkilatçıların sayı yetərincədir. Məsələn, ABŞ-da bu kampaniyanın təşkil olunması National Endowment for Democracy (NED) təşkilatına həvalə edilib. Eyni zamanda, bildirilib ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, dolayısı ilə dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Hətta bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsaitin ötürüldüyü bildirilir. Kampaniyanın haradan idarə olunduğu və bu prosessin arxasında hansı maraqların dayandığı artıq hər kəsə bəllidir. 907-ci düzəliş üzün illərdir ki, bizə bir ünvanın yolunu göstərir. 907-ci düzəliş barədə söhbət düşəndə Mark Tvenin Amerika Konqresi haqqında dediyi sözlər yada düşür. Yazıçı haqlı olaraq qeyd edir ki, "ABŞ Konqresi axırıncı qanuni cinayətkar sinifdir". Bu illər ərzində Konqresin fəaliyyətini incələdikcə Amerika siyasətinin bu günə qədər Azərbaycan da daxil olmaqla bir çox ölkələrə ədalətsiz davranışının şahidi ola bilərik.

Əslində, "Əsrin müqaviləsi"nin imzalanmasından, Azərbaycanın inkişaf yoluna qədəm qoymasından sonra faktiki olaraq 907-ci düzəliş ölkəmiz üçün təsirsiz bir sənədə çevrildi. Lakin bu sənədin qüvvədə qalması ABŞ-ın Azərbaycana yönəlik siyasətində ikili standartların qüvvədə qalması kimi dəyərləndirilməlidir...

Bu kampaniyanın ilhamvericilərindən biri də "Freedom House" təşkilatıdır. Bu il də növbəti dəfə ənənəsinə sadiq qalaraq Azərbaycanı qeyri-azad ölkələr sırasında göstərib. "Freedom House"nin hicab məsələsiylə bağlı Azərbaycana qarşı bəyanatı hələ də yaddaşlardan silinməyib. Həmin vaxt təşkilatın direktor müavini Reyçel Denber daha da qabağa gedərək dindar vətəndaşların hüquq və azadlıqlarının təmini sahəsində olan çatışmamazlıqlardan, hicaba qadağadan danışdı. Onun yanaşmasına görə, hicabın qadağan edilməsi din azadlığına, o cümlədən dini atributlardan istifadə hüququna zəmanət verən beynəlxalq insan hüquqları standartlarına ziddir: "Bu standartlar, eyni zamanda, dövlətin şəxsi həyat hüququna zəmanət verməsini tələb edir. Qızların hicab taxmasına qadağa qadınların bərabər hüquqlarının təmini və ayrı-seçkiliyə yol verilməməsi barədə öhdəliklərin pozulmasıdır. Azərbaycanda hakimiyyət qızların məktəblərə hicabla gəlməsinin qadağan edilməsi zərurətini təsdiqləyən real arqument irəli sürməyib. Həm də qadağalar qanunverici deyil, inzibati səviyyədə tətbiq olunub".

"Freedom House" birinci dəfə deyil ki, Azərbaycanla bağlı qərəzli mövqe sərgiləyir. Bu qurumun başında duranlar sanki pusquya yatıb, Azərbaycanda nəyinsə baş verməsini gözləyirlər. Gözləntiləri maraqlarını təmin etdisə, başlayırlar bir-birinin ardınca bəyanatlar verib, mövqelər açıqlamağa. Bu bəyanatları və mövqeləri də Azərbaycanda fəaliyyət göstərən, lazım gələndə dövlətin maraqlarını tapdağa çevirən mətbu orqanların rəhbərləri pəh-pəhlə öz qəzetlərində və yaxud saytlarında yerləşdirirlər.

Bir məsələyə də diqqət yetirək, həmin vaxt "Freedom House" təşkilatının direktor müavini Reyçel Denber beynəlxalq standartlardan danışır və Azərbaycanda qızlara hicabın qadağan olunmasını pisləyir, eləcə də ölkəmizə götürdüyü öhdəlikləri xatırladırdı. Gəlin görək beynəlxalq hüququn müdafiəsilə məşğul olan bir təşkilat özü bu hüququn qorunması üçün hansı işləri görüb bu günə qədər? Məsələn, Azərbaycanın 20 faiz torpaqlarını Ermənistan ordusunun işğal etməsinə, işğal nəticəsində yurd yerlərindən didərgin düşən qaçqın və məcburi köçkünlərin dörd il bundan əvvələ qədər olan dözülməz həyat şəraitinə, ermənilərin işğala məruz qoyduqları Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi abidələrin, qəbir daşlarının, məscidlərin viran qoyulmasına niyə etiraz səsini qaldırmayıb? Xüsusi hesabat hazırlayaraq bütün dünyaya həqiqətin hansı tərəfdə olduğunu bəyanlamayıb? Azərbaycanda məktəb yaşında olan qızlara hicaba qadağanı pisləyən "Freedom House" təşkilatı nədən Dağlıq Qarabağda və ətraf rayonlarda ermənilərin əsir götürdükləri və əsir düşərgəsində heyvani əməllərlə alçaltdıqları Azərbaycanın qızlarının haqlarını, hüquqlarını nədən müdafiə etməyib? Nədən bəyanatlar verib 13-15 yaşlı qızların namusuna təcavüz olunduğunu və bu əməllərin sahiblərinin beynəlxalq hüquq qarşısında məsuliyyət daşıdıqlarını bildirməyib? Guya din təssübkeşi kimi yaxasını cıran "Freedom House" nədən ermənilərin dağıtdıqları və sonradan mal tövləsi kimi istifadə etdikləri məscidləri görməməzlikdən gəlir? Bu gün isə Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etdiyi və bu Oyunların mükəmməl keçirilməsi üçün səfərbər olduğu bir vaxtda bu təşkilat yenə də ölkəmizə qarşı qarayaxma kampaniyasından əl çəkmir. Ermənilərin dəyirmanına su tökən, düşmənimizin maraqlarına bütün fəaliyyəti boyunca qulluq göstərən Leyla Yunusların, Xədicə İsmayılovaların və bu sırada olanların hüquqlarının müdafiəsinə qalxıb.

Bu sualların yalnız bir cavabı var-"Freedom House" təşkilatı özünün maraq dairəsində olan məsələlərə münasibət bildirməklə məşğuldur. Eyni zamanda, məsələlərə ikili standartlarla yanaşmaq bu təşkilatın əsas vəzifələrindən biridir. Belə olmasaydı Danimarkada, Hollandiyada, Fransada və digər xristian ölkələrində müsəlmanların peyğəmbəri olan Məhəmməd peyğəmbər təhqir ediləndə, müqəddəs kitabımız Qurani-Kərim yandırılanda sözünü deyərdi və bu hadisələri pisləyib xirstianların ayrı-seçkiliyə yol verməsinin doğru olmadığını bildirərdi. Və yaxud bu gün Ermənistanda aksiya keçirən, bu zaman təhqir olunan əsgər analarının hüquqlarını müdafiə etmək məqsədilə Ermənistan hakimiyyətini tənqid edər, bəyanat verərə və bu ölkədə insan haqlarının pozulduğunu, erməni əsgər analarının tələblərini müdafiə edərdi. Bu təşkilat həmin tələbləri müdafiə etmir. Çünki erməni əsgər analrı Sarkisyan hakimiyyətinin, dünyadakı erməni lobbisinin işğal siyasəti nəticəsində həlak olan övladlarının haqını tələb edirlər. Övladlarının müharibəyə cəlıb olunmasını, başqasının torpağı uğrunda ölməsindən beziblər. Bunları etməyən, Azərbaycanın Dağlıq Qarabağ probleminə ermənilərin baxış bucağından baxan bir təşkilatın ölkəmizə irad tutmağa və ümumiyyətlə, nəsə deməyə haqqı yoxdur.

Bakida keçiriləcək ilk Avropa Oyunları ərəfəsində və bundan sonra da Azərbaycana qarşı qarayaxmalar davam edəcək. Necə ki, Avropa Parlamentində dinləmələr olub və vətən xaini Əlikram Hümbətov bu dinləmərə dəvət alıb. Azərbaycanı parçalamağı qarısına məqsəd qoyan bu separatçının Azərbaycanın əleyhinə nələr dediyi bəllidir. O da bəllidir ki, Avropa Parlamentində lövbər salan ermənipərəst deputatlar bu dinləmələrdən maksimum dərəcədə faydalanmaq, ilk Avropa Oyunlarında ölkəmizə gələcək idmançıların, turistlərin beyinlərini qarışdırmaq arzusundadırlar. Ancaq bütün bu çabalar əbəsdir.

Azərbaycan müstəqillik qazandığı bu illər ərzində, əsasən də son 10 ildə dəfələrlə sübut edib ki, tolerant bir dövlətdir, sülh və əminamanlıq üçün danışıqlara hazırdır, qonaqpərvərdir, irqindən, millətindən asılı olmayaraq hər kəsə sayğı ilə yanaşır, kimsənin torpaqlarında gözü yoxdur və işğal altındakı torpaqlarını da kimsəyə güzəştə getməyəcək. Azərbaycan dəfələrlə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib və hər dəfə də yaxşı mənada təəccübə səbəb olan işlərə imza atıb. Bu dafə də belə olacaq. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, öncə Vətəndir. Vətənin nüfuzu və şərəfidir. Dövlətin, Vətənin nüfuzuna kölgə salmaq istəyənlərə isə bir sözü var vu xalqın-biz ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirib tarixə yazacağıq. Siz isə tarixə yalnız qarayaxma kampaniyası aparanlar və heç nəyə nail olmayanlar kimi düşəcəksiniz!


Müəllif: