15 İyun 2015 20:38
2 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

O qədər demişəm ki, heç nə insan ölümünə bəraət qazandıra bilməz. İnsan ölməməlidir, insan yaşamalıdır, çünki insan dünyada hər şeydən qiymətlidir. Və anlamaq lazımdır ki, insan ingilis də ola bilər, fars da, rus da, fransız da, lap erməni də. Həmişə fərdi namusu milli qeyrətdən üstün tutduğumuz üçün cəmiyyətimizdə gülməli cinayət hadisələri baş verir. Ər qadını baltalayır, qardaş bacını bıçaqlayır və s. Yüzlərlə belə faktlar saymaq olar. Deyirəm ki, bunların hamısı düşüncəylə bağlı problemlərdir. Elə məsələlər var ki, onlar fikirdə həll olunmalıdır, Allah haqqı.

Nədənsə, Rafiq Tağının sözü olmasın, bizdə əxlaq deyəndə cinsiyyət orqanı yada düşür. Bu cür düşüncə tərzi ilə necə deyərlər, qabağa getmək mümkün deyil. Cəmiyyət bu düşüncədən xilas olmalıdır, ata canı. Bu düşüncə bizim ən böyük düşmənimizdir. Bu düşüncə bizim vaxtımızı alır.

Məsələn, bu gün homoseksualı başa düşməyən və onu qəbul eləmək istəməyən cəmiyyətdə yaşayırıq. O zaman sual verək. Müharibə vaxtı erməniyə əsir düşən qızlarımız barədə nə bilirik? O qızlardan, gəlinlərdən xəbərimiz varmı? Bilirikmi ermənilər o qız-gəlinlərlə necə rəftar edirlər? Buna necə dözürük?

Ruslar bilirsiniz niyə güclüdür? Çünki namus-qeyrəti paçanın arasında axtarmırlar, onlar üçün namus-qeyrət fərdi məsələ deyil. Məsələn, bir rus qadını savadlı ürək cərrahı ola bilər, əməliyyat eləyib həyata qaytardığı kişidən xoşu gələ bilər, həmin kişini evinə dəvət eləyə bilər, viski süzə bilər, bir az əhval-ruhiyyəsini yuxarı qaldırandan sonra soyunub yatağına girə bilər.

Anlamıram ki, indi o qadını qardaşı gəlib öldürməlidir? Yox. Çünki o, yaxşı cərrahdır, işini yaxşı bilir, deməli, namusludur. Tutalım, o qadına görə, gənc və istedadlı homoseksual İsa Şahmarlını qəbul eləmək mənəviyyatsızlıq sayılmır. Savadlı ürək cərrahı rus qadınının düşüncəsidir bu. Əri və iki-üç uşağı ola-ola başqa kişiylə yatıb-duran savadsız və bezdarnı, nəfsinin qulu olan qadının fikri deyil. Yaxud, illərlə Rusiyada yaşayan və Azərbaycana arvadını baltalamağa gələn görməmiş və mənasız, məzmunsuz kişinin fikiri deyil.

Bilirəm, homoseksualı bir insan kimi müdafiə eləyəndə sənə qarşı çıxanlar olur. Anlamırlar ki, onların da cəmiyyətlə bağlı arzuları var, məsələn, iki homoseksual ələ-ələ tutub rahat gəzib-dolansınlar. Və heç kəsin onlarla işi olmasın. Çox çətindir başa düşmək? Sual verək. Hər gün şahidi olduğumuz cinayətlər (qardaş bacısını öldürür, ər arvadını öldürür və s. ) cəmiyyət üçün daha təhlükəlidir, yoxsa iki homoseksualın əl-ələ tutub rahat gəzib-dolanması?

Hiss edirəm, beyninizdə sual doğdu, olmaz ki, nə o cür cinayətlər baş versin, nə də iki homoseksual əl-ələ tutub gəzsin? Deyirəm ki, olmaz, mümkün deyil. Artıq inkişaf etmiş cəmiyyətlərdə bu məsələlər çoxdan öz həllini tapıb. Tutalım, onlar üçün qeyrətsiz o kəsdir ki, savadsız həkimdir, qeyrətsiz o kəsdir ki, savadsız müəllimdir, qeyrətsiz o kəsdir ki, harınlamış və rüşvətxor məmurdur. Onlar üçün humanist və savadlı bir homoseksual savadsız bir həkimdən daha qeyrətli, savadsız bir müəllimdən daha namuslu, rüşvətxor məmurdan daha şərəfli və ləyaqətlidir.


Müəllif: Kəramət Böyükçöl