18 Avqust 2015 17:42
2 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənə elə gəlir, hər fahişənin yerinə bir kişi tutulmalıdı. Ona görə ki, ən birinci fahişələri kişilər yaratdı. Əvvəl onları sevdi, sonra unutdu. Mən nə qədər fahişə tanıyıramsa, hamısının kədərli bir sevgi tarixçəsi var. Əvvəl onlara sevgi məktubları yazdıq, qarşılarında diz çöküb yalvardıq. Əllərini öpən, saçlarını sığallayan, özümüz yazmasaq da, başqa bir şairin sevgi şeirinin üzünü köçürdüb onlara verən də kişilərdi.

İndi də bəh-bəhlə deyirlər ki, filan yerdə “fahişə yuvası” aşkarlandı. Sizdən xahiş edirəm, “fahişə”sözünün yanından “yuva” sözünü pozun. Axı yuva olan yerdə fahişə ola bilməz. Belə yuvalar əslində, kişilərin istehsalıdı.

Məsələn, sənin yadındadı kənddən şəhərə gələn bir qızı necə sevdin? Aylı gecələrdə onun saçlarını sığalladın, arvadını, uşağını ondan gizlətdin. Hər gün onunla evlənəcəyini dedin, gözəl-göyçək uşaqlarınız olacaq söylədin. Onu göyün yeddinci qatına qaldırdın və elə oradan yerə çırpdın. Özü də kənd qızı, necə sadəlövh idi. Sənə necə inanırdı. Sonra onu unutdun. Yazıq tək qaldı. Sevməyə adam axtardı. Yenə aldandı. Həyatını qurmaq istədi, yenə alınmadı. Axırda fahişəyə çevrildi. Onu hansı sözlərlə aldadırdın, yadına gəlir?

Hər kişi bu yolla bir qız aldadır. Aldadıb fahişəyə çevirir. Fahişəxanalar böyük sevgilərin qəbirstanlığıdı. Fahişələr dünyanın ən təmiz və pak insanlarıdı. Çünki onlar ancaq aldananlardı. Aldadanlar deyillər. Bütün fahişəxanları kişilər tikib. Hər kişi ora bir qadın qoyub.

İndi qəzetlərdə, saytlarda tez-tez bir söz işlədirlər: “Fahişə yuvası”. Xoşları gəlməyən hər hansı bir yerə bu damğanı çox asanlıqla vururlar. Bu gün bərk axtarılan ancaq fahişə yuvalarıdı. Bundan asan bir şey yoxdu. İstirahət mərkəzində bir qadını asanlıqla yaxalamaq olar, vəssalam. Sonra saytlara, qəzetlərə bu informasiyanı ötür, ancaq bir şərtlə. Başlığa “fahişə yuvası aşkar edildi” cümləsini çıxart və yarımçılpaq bir qadın şəklini də yazının görkəmli yerinə qoy. Bax, əsl iş budu.

Bütün fahişələr unudulmuş sevgilərdi. Bir dəfə bara getdim. Nə qədər qadınlar yan-yana düzülüb siqaret çəkirdi. Onların sifətlərinə diqqətlə baxdım. Fikir verdim, qədim bir sevginin nişanələri hələ də siqaret tüstülərinin arasında necə görünürdü. Onları bu günə biz kişilər salıb. Araq badələrini əllərinə kişilər verdi. Dodaqlarının arasına siqaret qoyub, sonra da böyük qayğı ilə biz yandırmışıq.

Kişilərin qadınlara mənəvi və fiziki təcavüzünün qurbanlarıdı fahişələr. Cəmiyyətin ağır xəstəliyi olan bu proses, deyək ki, bu təcavüz getdikcə daha da dərinləşir. Onları sevən də biz, fahişəyə çevirən də biz, onlara fahişə yuvası quran da biz, sonra onları tutan da biz. Axı belə haqsızlıq olmaz...


Müəllif: Kəramət Böyükçöl