29 Avqust 2015 16:21
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir cameənin adamlarıyıq. Xüsusi yaxın dost münasibətimiz heç zaman olmayıb, amma aramızda bir xətir-hörmət, salam-əleyk olub həmişə, düşünürəm hələ uzun illər də davam edəcək. Azad tərzi-halına və kitaba olan sevgisinə simpatiyam var, təbii, onu da bilirəm ki, kitaba münasibətini tək biznesə yox, həm də həyat tərzinə çevirmək bacarığı, gerçəkdən, alqışa layiq bir sevda.

***

Söz bizim çörək ağacımızdı. Biz - bilirsiniz də nə qədərik? Şair, yazıçı, jurnalist, müəllim, linqvist, nə bilim, korrektor, lap qiraət ustası. Çörəyi sözdən çıxanlar. Sevirik gözəlim sözü, amma sözün gücündən xəbərdarıqmı? Tam yox.

***

Söz kitabdan düşür və “Kunderanı oxumusan?” soruşur. Oxumadığımı söyləyirəm. Məsləhət görür - mütləq “Varlığın dözülməz yüngüllüyü”nü oxu. “Amma bu haqda bir yazım var, əvvəl yazımı oxu”- deyir. “Əvvəl əsər, sonra yazı” deyirəm. Müəllifsə israrlıdı: “Yazı açar olacaq”. Oxuyuram. Əvvəl Şahbaz Xuduoğlunun yazısını, sonra Milan Kunredanın əsərini. Sözün nə bəla, nə sirr, nə müəmma olduğuna bir daha əmin oluram.

***

“Varlığın dözülməz yüngüllüyü” - rusların sevmədiyi romandır. Niyə? Roman 68-ci ilin Praqa hadisələrini tam dolğunluğu ilə vətəndaş mövqeyindən əks etdirir deyə. Sovetlərin Çexoslovakiyaya hərbi müdaxiləsi bütöv bir nəsli məhv edir - millət özü özünü qırır, yadelli işğalı vətəndaş savaşına çevrilir və sovetin istibdad maşını işə düşür. Həbslər, qətllər, hər cür azadlığa - söz, düşüncə, fikir azadlığına ölüm... Tam irtica. “Varlığın dözülməz yüngüllüyü” tarixi gerçəkliyi məhz ruslara nifrət fonundan işıqlandırır, zira başqa cür olması qeyri-mümkün. 90-ın yanvarında Bakını qanına qəltan eləyən rus tanklarını gördüyümüzdən bu anti-rus romanındakı hadisələri gerçək xatirələrimizə transfer edə bilirik deyə yazar da, qəhrəman da cana yaxın, ruha xoşdur.

***

“Varlığın dözülməz yüngüllüyü” həm də bir sevgi hekayəti, bir yox, iki və daha çox, eyni zaman kəsiyində iki və daha çox sevgi, daha çox xəyanət, daha çox ətir, daha çox şəhvət, hisslər, insanın xislətinə xas olan hisslər... İştə insan. Düşünən və sevən... düşünməyi və sevməyi sevən..
Tanrının yaratdığı mükəmməl varlıq, amma...

**

Romanın bir üçüncü qatı da var - fəlsəfi qat. Kunderaya görə, “dözülməz yüngüllük”dən ibarət olan insan həyatı adi təsadüflər sırasıdır, başqa heç bir şey. Bir telefon nömrəsini səhv yığmaqla təsadüfən elə qığılcım yaranar ki, həyatının sevgisini taparsan. Bu təsadüfi sevgidən səni heç nə ayıra bilməz, lap xəyanətlər də. Yaxud bir reklamçı, məsələn, bir klinika haqda çarx hazırlayar. O klinikadan narazı bir kəs təsadüfən çarxı görüb də etiraz edər, bu xırda toqquşmadan da, bəlkə də, o çağacan yaşanmayan duyğular, tək düşüncələrin yox, lap bədənlərin də görünməmiş vəhdəti yarana bilər. Milan Kunderaya görə, insan üçün dəyərli olan məhz belə təsadüflərdir, ssenari üzrə, planlı şəkildə inkişaf edən həyat hadisələri yox, məhz təsadüflər. Öz həyatınıza baxın. Ömrünüzü dəyişən təsadüflər azmı olub?

***

Kunderanın qəhrəmanı Tomaş xanımı Terezayla yol gedir. Maşın aşırımı keçə bilmir. Yüksəklikdən dərənin dibinə aşır. Tomaş da, Tereza da həlak olurlar.

***

Ş.Xuduoğludan sitat: “Tomaş (romanın qəhrəmanı-müəl.) biçarəliyin rəmzidir. Özünü ifadə edə bilməyənin rəmzidir. Tomaşın həyatını yaşayıram. Bircə maşın qəzası hələ baş verməyib”. STOP!
Ş.Xuduoğlu bu yazını 2014-ün avqustunda yazıb. Hamımızı sarsıdan o dəhşətli faciə 2015-in fevralında baş verir. Tomaşın həyatını təhil edən müəllif öz həyatı barədə “Bircə maşın qəzası hələ baş verməyib” yazır. Bu cümlənin özündə sanki qəzanın baş verəcəyinə bir əminlik var, duyursunuzmu? Sanki ürəyinə gəlib əvvəl, sonra da başına gəlib. Və realda qəza, doğrudan da, baş verir. O maşın qəzasında Ş.Xuduoğlunun xanımı həlak olur, özü sağ qalır.

***

Söz, fikir maddiləşir deyirdilər. Maraqlı ehtimal olsa da, tam inanmırdım. Roman və roman haqda yazılan resenziya bu ehtimalın həqiqiliyini təsdiqlədi.

***

Sözlə ehtiyatla davranmaq lazım. Danışanda da, yazanda da son dərəcə ehtiyatla. Sözün sirri, gücü, enerjisi, təkanı, təsiri varmış. Milan Kunderanı isə mütləq oxuyun. Bircə dəfə yaşayırıq və Kunderanın təbirincə desək, “Einmal ist Keinmal” (açması - romanda).

P.S. Şahbaz Xuduoğlu, həssas məqamlara toxundumsa, məni məzur tut, yazmaya bilmədim.


Müəllif: Afaq Vasifqızı