Evimizdə bir “VEF” radiosu vardı. Atamla əmimin lap arxa otaqda qapını bağlayıb xarici radiostansiyalara gizli-gizli qulaq asdığını indiki kimi xatırlayıram. O da yadımdadı ki, həmin radiodalğaları “vurmaq” üçün dövlət hansısa yayım maneələri törədərdi.
Bu üzdən Azərbaycan və rus dillərində olan verilişlərin səsi vaxtaşırı “boğular”, sonra yenə açılardı və mənə evdə möhkəm-möhkəm tapşırardılar - “bax, məktəbdə heç kəsə demə ki, biz radioya gizlin qulaq asırıq”. Məktəbdə bu haqda susardım, təbii, Kubinka məktəbində əsasən alverçi balalarından ibarət olan uşaqlar üçün BBC abbreviaturası kiminsə xalası, bibisi anlamından uzağa getməzdi axı.
O alverçi balalarına bir az yuxarıdan aşağı, bəzən - qızıl dişlərini yaxud boyunlarındakı qızıl zəncirlərini göstərib forslandıqları zaman hətta ikrahla baxdığım da xatirimdədir. Biz belə idik - sovet dövrünün üzdə guya bərabər, əslində, tam fərqli uşaqları.
***
Soyuq müharibənin pik nöqtəsində lap uşaq idik. Yazıb oxumağı təzə öyrənirdik, amma qızlar bir yerə topalaşan kimi əllərimizi göyə açıb “qurban olum, Ay Allah, Vyetnama kömək et” deyib üzü göyə yalvarırdıq. Hara idi Vyetnam, Amerika əllərini Vyetnamdan niyə çəkməliydi (belə bir məşhur şüar da vardı) - bunları anlamasaq da təbliğat maşınının bar-bar bağırdığını kor-koranə təkrar edirdik, hətta biz, hətta körpələr də.
***
Sovet cəmiyyəti guya əxlaqlı insanlardan ibarət olsa da, o zamanın da cinayətkar dəstələri, adamöldürənləri vardı. Xırda uşaqları oğurlayıb zorlayırdılar. Bakıda konkret hadisə barədə eşitməsək də Rostovdan, Rusiyanın başqa şəhərlərindən dəhşətli cinayətlərin xəbərləri gəlirdi. O dəhşətlərin xofu indi də yadımdadı. Çox sonralar - 90-cı illərdə həmin manyakın adı da bəlli oldu. Çikatilo 12 il müddətində 53 nəfəri qətlə yetirmişdi.
***
Bir müddət əvvəlsə, ilk SSRİ-Amerika telekörpüsündə - o zaman sovet xalqı bütünlüklə həmin efirə tamaşa edirdi - qadınlardan biri “SSRİ-də seks yoxdu” bəyanatını vermişdi. SSRİ-də seks var idi, təbii, 280 milyon adam yerdən çıxmamışdı ki, sadəcə, sarsaq zəmanə həyat reallıqlarına ideologiya pərdəsindən baxırdı və dövrün məşhur tabuları vardı, o tabuları qırmaq olmazdı. Hərçənd məhz seksual zəmində cinayətlərin, qətllərin sayı tükənmək bilmirdi. Çikatilo da məhz belələrindən idi.
***
Aprel ayında Rusiyada nümayişi qadağan edilən, bu günlərdə isə Connekt TV ilə göstərilən “44-cü uşaq” (ruslar filmin adını “nömrə 44" kimi tərcümə ediblər) filmində qəhrəmanın prototipi həmin o Çikatilodur. ABŞ, Böyük Britaniya, Çexiya və Rumıniya kinematoqrafçılarının birgə istehsalı olan film SSRİ-nin 50-ci illərini göstərir - gərgin süjet xətti Stalin dövrünün dəhşətlərini elə əks etdirir ki, həyəcansız seyr edə bilmirsən. İstintaqsız və məhkəməsiz edamar olub, bəli. Amma bu qədərmi asan? Elə kabinetdəcə? Sovet hökuməti insanların nəfəsini kəsib, bilirik, amma bu qədərmi aşkar? Film həyatın tam əksi olmalı deyil deyəcəksiniz, bədii təxəyyül olmasa olmaz ki. İsveç rejissoru Daniel Espinosanın filmi dünya üçün hələ də qapalı qalan məqamları əks etdirir - Stalin dövrünü. Bu ziddiyyətli dövrün bir adı var - diktatura. Və diktaturaya məruz qalan insanların nəvələri dədə-babaları haqda gerçəkləri bilməlidirlər, filmdə həmin hadisələr lap abartılmış olsa belə. Rusiyanın mədəniyyət siyasətini müəyyənləşdirənlərsə hələ də hər hadisədə ideoloji yük axtardıqlarından ”44-cü uşağ"ın nümayişini qadağan ediblər. Onların ardınca Belarus, Qazaxıstan və hətta Gürcüstanda da film qara siyahıya düşüb. Əslinə qalsa, “44-cü uşaq” sənədli film deyil ki, 44 uşağın canına qıyan bir caninin ifşasına həsr olunan kriminal trillerdir. Bir zamanlar vətəndaşı olduğumuz və hələ də unutmadığımız bir ölkəni təsvir etdiyi üçün baxmağınız məsləhətdi. Gördüklərinizin tam həqiqət olduğuna inanmaya da bilərsiniz.