5 Sentyabr 2015 14:51
1 160

-Nə, kəş nədi?

Yadımdadı, çobandan indicə eşitdiyim sözün mənasını soruşdum, ləzzətlə gülümsünüb ikimizə - yad qonağa və mənə baxdı, sonra nua boyu axan sızqa seli göstərdi: “Kəş budu. Hardansa axıb gəlir...” Bizim tərəflərdə dərəyaxası qabarıqların arasına da “nua” deyirlər.

Yadındamı, Fəxri Uğurlu, Uzunca yaylağı? 1999-cu ilin avqustunda səninlə səfərə çıxmışdıq. Onu da xatırlayıram: Acıdərəni enəndə ayın tarixi yada düşdü, “bugünkü gün, avqustun 5-də Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə imtahan vermişəm, - dedin, - həm də ”Azərbaycan gəncləri" qəzetində ilk hekayəm çap olunub..."

Həmin hekayəyə Xalq yazıçısı Elçin uğurlu yol yazıbmış.

Əvvəl Şamaxı yaylaqlarına, bizimkilərə baş çəkib alaçıqda gecələdik, səhər hava buludlayıb damcılayanda - kəşin suyu bollamışdı - kəsə yolla Uzuncadan Dəmirçi kəndinin üstə endik, yolda bacıoğludan alıb at da çapdın. Yadındamı?

Dağlardan gəlib dağlara gedəsiydik, üzümüz Qəbələ tərəfidi. Uzun söhbətlər eləyirdik, gələcəyin xəyalları keçmişin xatirələrindən qat-qat çoxudu. Laçının Oğuldərə kəndindən köçüb Qəbələnin Soltan Nuxa kəndinə binə salmış bibigilə, Fəxrinin bibisigilə gedirdik.

Həmin axşam o nə yuxuydu beynimdən şırımlanıb gözümdən tökülürdü, başımı aşağı dartırdı, Fəxri də çoxdan görmədiyi ellisi və bibisinin yoldaşıyla arasıkəsilmədən danışırdı. Uzun söhbətlər vardı.

***

Onlarda əksər kişilər, qadınlar bir-birinə əmioğludu, əmiqızıdı. İki gün sonra yaxın kənddə daha bir qohuma - əmioğlu evinə yön saldıq, cəmi bir neçə saatlıq qonaq üçün az qala toğlu kəsəcəkdilər. Nə zülmlə qarşısını aldıq.

Ev yiyəsi gizlincə qoyunlara yaxınlaşdı, Fəxri duyuq düşdü... Eləcə bir müddət əli bıçaqlı qoyunlara baxdı.

Yadındamı, Fəxri Uğurlu, səninlə yola çıxmışdıq? Mənim yadımdan Vaqif kişi çıxmır...

***

Vaqif kişi, Fəxrigilin qohumu Vaqif kişi, Ağa müəllimlə əmioğlu Vaqif kişi.

Vaqif kişinin Qarabağ müharibəsində itkin düşmüş oğlundan, həm də elə öz tay-tuşundan və qohumdan Fəxrinin o zamankı “Yol” qəzetində yazdığı kiçik yazını mən sonradan xatırladım. İndisə Qəbələnin daha bir kəndinə, itkin oğulun, şəhid əsgərin atasını ziyarətə gedirdik. Mən heç vaxt o mənzərəni olduğu kimi yazıb çatdıra bilmərəm, buna uzaqbaşı cəhd eləyərəm. Həmin gün Günəş tutulmuşdu, göydən yerə qara-qorxaq gün işığı düşürdü.

Biz maşından enəndə bir tikilinin qənşərində, bozlama düzəngahda (köçkün harda qalasıdı ki) bilmədim Vaqif kişi uzaqdan iymi aldı, yoxsa kimsə ona simsiz tellə xəbərmi verdi... Mən onu bilmədim. Ancaq bir kişi üzü bizə doğru, Fəxriyə sarı qaçırdı deyim, uzanırdı deyim, uçurdu deyim.

Bir-birinə sarılanda onlar, onları tək buraxdım. Yan-yörədə heç kəs ata-oğula bənzər iki adama yaxın durmadı.

Bir-birinə sarıldılar, ancaq bilmədim oxuyurlar, danışırlar, ağı deyirlər... Bir səs eşidilirdi, qınamayın, hətta mən əvvəl elə bildim Vaqif kişi gülür, qəhqəhə çəkib gülür. Fəxrini oğlu itkin düşəndən üzü bu yana görmədiyindən sevincək olub indi, uğunub gedib elə bildim.

Sonra, nəhayət, sonra başa düşdüm ki, yox... Vaqif kişinin gözəl səsi vardı.

***

Vaqif kişinin gözəl səsi vardı. Axşam həyətdə süfrə yığışandan sonra əl elədi, sazı gətirdilər. Yadımdadı, gündüz Günəş tutulmuşdu, gecə teşt boyda, iri Ay çıxdı. Vaqif kişi asta, pəsdən, bədahətən bir qoşma oxuyurdu. Nə oxuyurdusa axırda Fəxri deyirdi. Qoşmanın rədifi Fəxriydi... Sonra qəhərləndi, yarıda saxladı...


Yadındamı, Fəxri Uğurlu, səninlə səfərə çıxmışdıq. 1999-cu ilin 5 avqustunda.

...Bu gün sentyabrın 5-di. Fəxrinin ad günüdü. Həmin yayı, Qəbələdə gördüyüm mənzərə, Vaqif kişinin itkin oğlunun iyini Fəxridən alması yadımdan çıxmır. Bəzən yazmaq istədiyin adamı yaşamağa qoymur.

Cəsarətlənib sənin ad günündə bu yazını canımdan qovdum. Fəxri, yadındamı, səninlə səfərə çıxmışdıq, əziz dostum, qardaşım, ad günün mübarək!


Müəllif: Qurban Yaquboğlu