17 Sentyabr 2015 12:26
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu elə belə də adlandırırdılar - rusların baş qaraçısı. Mixay Volontir milliyyətcə moldovan olsa da, yaratdığı obraz, bəlkə də, sovet kinosudakı ən müsbət qaraçı obrazı, qaraçıların ümumiləşdirilmiş kino qəhrəmanı idi. Və bu qəhrəman sayı 12 milyona çatan bir toplum haqda, qaraçılar haqda o zaman mövcud olan ümumi təsəvvürü dəyişdirə bilmişdi.

Rus sovet kinosundakı məşhur Budulay obrazını yaradan Mixay Volontirin ölümü bu qəribə millət, bu maraqlı və ipə-sapa yatmayan, minillər boyu öz yaşam qaydalarını dəyişməyən bir toplum barədə bildiklərimi xatirimdə canlandırdı. Və əslində bildiklərimiz bilmədiklərimizlə müqayisəyə də gəlməz, çünki mənbə az, məlumat məhdud, araşdıran da lap tək-tükdür, bir əldəki barmaqların sayı qədər.

***

Bir fərziyyəyə görə, eranın birinci minilliyində Hindistan padşahlarından biri İran şahına xatir-hörmət əlaməti olaraq düz 1000 qul bağışlayır. İranda məskunlaşan həmin o 1000 nəfəri tarixçilər müasir qaraçıların əcdadı sayırlar. Adi insanlarsa elə günü bu gün də bütün Avrasiya boyu yayılan bu qəribə insan qrupunu əsasən bir cəhətə görə tanıyır və qiymətləndirirlər - onlar pul dilənir, adam aldadır, torba tikirlər. Görən dad eləyir, rastına çıxan yan qaçır. Bir də var hər məkanın öz qaraçıları - qaraçılığı həyat tərzi seçən kəslər. Bunlar da qaraçı köçü kimi, tayfa halında yaşayır, küçədə-bacada dəstə tutub gəzir, ən sadəlövh insanları şikara çevirirlər.

***

İstanbulu köybəköy, ilçəbəilçə gəzirik. Şəhərin memarlıq abidələri də, muzeyləri-heykəlləri də, gəzməli-görməli məkanları da, qədimi və müasir alış-veriş mərkəzləri də artıq yeni informasiya daşımadığından, sadəcə, doğma və sevimli məkanlar kimi qəbul edildiyindən heç görmədiyimiz adi yaşayış massivlərini incələməkdi məqsəd. Adi deyərkən - hamısı dəniz sahilinə döşənmiş, körpülər və qayıqlarla əhatələnmiş yarımadalar, yaşıllıqlar və mavi suların bir-birinə dinc bərabər keçidi, bir də gözəlim İstanbulun bir azadlıq nəfəsi. Bundan doğma bir mənzərə təsəvvür etmək belə çətin. Gözəl yerlər dünyada nə çox. Amma doğma olanı barmaq hesabı qədər. Bu doğmalıq ovqatında məsti-xumar olarkən bir də onu görürəm ki, iki qadının əhatəsindəyəm. Bakırköy turistik mərkəzlərdən aralıdır deyə əcnəbi axını mərkəzdəki kimi deyil. Seyrəklikdi. Qadınların hər birinin əlində bir xırda qızıl gül, rəsmən zor ilə gülü ovcuma basırlar. Nəsə aksiyadır - düşünürəm - yaşıllar partiyasıdı, ya nədi, hərçənd geyimləri də köylü geyimi, amma burası Türkiyə, insanların siyasi əqidə məsələsi geyimlə ölçülməz ki. Qadınların böyük tayı danışmağa başlayınca nə baş verdiyini anlayıram. Gül-filan bəhanəymiş. Adi qaraçılardı, gül verib fal açmaq adıyla pul qoparmaqdı məqsədləri. Bir xeyli çənə-boğaz etdikdən sonra güllərini də qaytarıb canımı qurtarıram. Mən əldən çıxan kimi bir gənc qızı əhatələyib tovlamağa başlayırlar. “Biz bir yerdəyik” deyib uşağı onların caynağından qurtarıram, qaraçılar qır-saqqız olsalar da qızı tovlanıb ovlanmadan xilas edirəm. Osmanlı türkü olsa da, İstanbula o da mənim kimi gəlmə. Deyir, həyatında ilk dəfədi çingənəylə rastlaşıb. Pul-paramızı qoruya bildiyimiz üçün ikimiz də sevincək həmin yerdən uzaqlaşırıq. Bizim qaraçı adlandırdıqlarımıza onlar çingənə deyirlər Və çox maraqlıdı - qaraçılar harada olurlarsa olsunlar, yerli camaat onlara fərqli adlar qoyur, və bu adların bir çoxu məhz qara-qura, çirkli-mirkli mənasına gələn sözlərlə əlaqəli.

***

İstanbulu xatırladım, bir hadisə də düşdü yadıma. İstanbul səfərlərinin birində Bill Geyts ailəsi ilə Bosfordakı məşhur asma körpünün yanında gəzişirmiş. Boğazdakı xırdavat alverçilərindən yaxasını qurtarmaq üçün əlini cibinə salıb alış-veriş edir. Bu vaxt əlindəki pullardan biri - 100 dollarlıq əsginas yerə düşür, amma Bill Geyts əyilib pulu götürmür. Hoteldə xanımı nədən belə etdiyini, 100 dolları nə səbəbə yerdən götürmədiyini soruşur. 10 dollarlıq fincan üçün türk satıcı niyə axı bir yüz dollar da artıq qazanmalıydı? Bill Geyts həyat yoldaşına deyir: “100 dollar əlimdən düşəndə beynimdə Microsoftun yeni proqram təminatının son versiyasını düşünürdüm və 100 dollardan ötrü fikrimi yayındırıb, 100 milyonluq bir büdcəni itirə bilməzdim”. Hə, İstanbul real arzular və xəyallar şəhəri. Və hər kəs ya daha çox qazanmağa, ya da daha az itirməyə amadə. Elə o qaraçılar da..

***

Sovet məkanının baş qaraçısının - Budulay obrazının mahir ifaçısı Mixay Volontirin 81 yaşında dünyasını dəyişməsi görün nələri xatırlatdı. Mənsə İstanbuldakı tamam başqa hadisələri sizlərlə bölüşəsiydim. Qalsın gələn dəfəyə. Sağlıq olsun.


Müəllif: Afaq Vasifqızı