8 Oktyabr 2015 12:16
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu fransız sözlərindən ikincisi bizə daha yaxındı, “dejavü”nü deyirəm. Bizdə nə çox elə məkan ki, sual verincə aldığın eyni cavablardan məhz bu hala düşürsən - burada nə zamansa olduğun gəlir ağlına. Yəni dejavü. Mişlensə hələ ki, bizlik deyil. Paris əhlinin sintaksisi haradan yadıma düşdü? Yay səyahətlərindən sonra Bakıda restorana gedincə bir daha əmin oldum ki, bizdə elə həmən həməndir.

***

1900-cü ildə Parisdə Andri Mişlen adlı bir sahibkar sürücülər üçün məlumat kitabı buraxmaq fikrinə düşür. Yollar, texniki xidmət stansiyaları, dayanacaqlar, kafelər - əl-qərəz, sürücünün karına gələ bilən hər şey barədə məlumatı toplayır bir kitaba. Bəzi iaşə obyektlərinin də qarşısına ulduz qoyur, yəni “bu ulduzlu kafedə yeməklərin qiyməti məqbuldu” mənasında. İllər keçdikcə kitab təkmilləşir və kafelər artıq üç ulduzla fərqləndirilməyə başlayır. Bir ulduz - yaxşı restoranı, iki ulduz - əla restoranı, üç ulduzsa elə restoranı işarələyir ki, beləsinə görə yolunu dəyişib başqa bir şəhərə getməyə də dəyər. O gün bu gün, dünyanın məşhur restoranları Mişlenin ulduzlarını almaq həvəsində.

***

İş elə gətirir ki, günün birində belə ulduzlu restoranda nahar etmək bəndənizə də nəsib olur. Avropa paytaxtlarından birində qərara gəlirik ki, nə olar olar, gedək görək. Reklam olmasın deyə - adını çəkmədiyim bu məkanda nahar eləmək üçün mütləq qabaqcadan masa sifariş etməlisən. Durum elə belə gedim - olmaz. Cəmi iki nəfərlik masaya fraklı-kəpənəkli-əlcəkli düz 8 ofisiant xidmət edir. Amma heç biri də rus Allahı kimi başının üstünü kəsdirmir, hərə öz yerində əmrə müntəzir, sadəcə, baxışlarını izləyirlər. Gedib əllərini yuyursansa, Parisin ən ünlü şirkətlərinin sabunlarından, əl kremlərindən tutmuş çeşidli gellərinə, ətirlərinə qədər - hər şey güzgünün önündə, özü də tam məccani. Faydalan - könlün istəyən qədər. Nahar öncəsi təqdim edilən aperetiv də havayıdır. Bu restoranlarda masaya duz qoyulmaz. Müştərinin duz istəməsi aşpazı təhqir eləmək kimi bir şeydir. Xorəyi aşırı duzlu yediyimdən aşpazı bir növ “təhqir eləmiş” sayılıram. Burada yeməklərin çeşidi bol, qiyməti fantastik, həcmi isə lap kiçikdir. Ye və dadı damağında qalsın ki, doymaq üçün başqa bir təam da sifariş edəsən. Bu məkanın musiqisi kübarca, həzin, rəqs etmək istəyənlər bura yox, barlara üz tutarlar.

***

Fua-qra Avropanın, elə dünyanın da ən “hörmətli” qəlyanaltıları sırasında. Demək, qazı ya ördəyi böyüdüb bordayırlar. Özü də necə? Quşu elə dar qəfəsə salırlar ki, 3-4 həftə yerindən tərpənə bilmir, üstəlik zorla boğazına yemək təpirlər, amma bizimkilər kimi zərərli kimyəvi qatqılar yox, yüksək keyfiyyətli qidalar. Quş elə kökəlir, elə toppuşlanır ki, daha dərisinə sığmır, qara ciyəri normadan on dəfə böyüyüb partlamaq həddinə çatır. Bax həmin zorla şişirdilmiş ciyərdən hazıranır fua-qra. Heyvan hüquqlarını qoruyan müxtəlif təşkilatlar bu üsula qarşı çıxsalar belə - etiraf edim ki, yeməyin dadı hələ də damağımdadı. O qədər fərqli daddı ki, yedikcə doya bilmirsən.

Mişlenin ulduzuna layiq görülən restoranlarda adi xorək bişməz, burada hər yemək ustad aşpazın orijinal müəllif əsəridir. Hər şey o qədər fərqli ki, yemək yarıya çatanacan yediyini hələ test etməklə məşğul olursan - əcəba ağzımdakı nədi, bu məxsusi dad nəyin dadıdı, belə fantastik təamı görəsən necə hazırlayıblar? “Bunu mən də bişirə bilərəmmi?” sualı ümumiyyətlə müzakirə olunmur. Düşbərə-qutab deyil ki, nənənin zərgər işini xatırlayasan. Bu, başqa bir aləmdi. Belə restoranda lap bircə dəfə oldunsa, hesab elə ki, həyat nədi - anladın.

***

Bizdə dejavüdü, başqa variantımız yox. Adlı-sanlı və çox bahalı məkanlar xaric, böyük əksəriyyətin getdiyi adi restoranlardan hansına üz tutsan eyni sözü eşidəcəksən - tikə, lülə, dana basdırması. Ən yaxşı halda toyuq çığırtması təklif oluna bilər. Və biz bu təqdimatla hələ bir turizmi inkişaf etdirmək də istəyirik. Pis arzu deyil, amma bu gedişlə çətin işdi vallah.


Müəllif: Afaq Vasifqızı