Öldü. İndi buna sevinmək lazımdı. Ona görə yox ki, əzablarıyla hamını usandırmışdı. Hərçənd bu da vardı. Ancaq hər şeydən qabaq öz canını əziyyətdən qurtardı. Mən evtanaziyanın əleyhinəyəm.
Bəşəriyyətin böyük hissəsi könüllü ölümü rədd eləyir. Allahın verdiyi canı yalnız Allah alsa yaxşıdı. İnsan öz bədəninə ölüm hökmü kəsə bilməz.
Amma vaxt-vədə tamamdısa, canını əlacsız xəstəlik basıbsa, təslim ol. Başqa nə edəcəksən? Əcəl gələndə üstünə qışqırmazlar.
Artıq neçənci aktrisadı çarəsiz mərəzə tutulanda, Əzrayıl gəlib qapını kəsdirəndə və xəncərini qaldırıb kandarda dayananda məlum olur ki, binəvanın dərman almağa pulu çatmırmış. Məlum olur ki, evsiz-eşiksizmiş. Məlum olur ki, kasıbdan-kasıb yaşayırmış. Heç ailə də qurmayıbmış.
Bəlkə də günəşli günlərdə pis günlər çox uzaq görünür, ölümü yox sanırsan, qocalıq yada düşmür. Günəşli günlərin sərxoşu azmı olur? Gözəl günlər şərab kimidi.
Diqqət eləyəndə, necə deyərlər, faktları yan-yana düzəndə görürsən, öz sonunun ən böyük cavabdehi elə adamın özüdü.
Necə olur ucqar kənddən gəlib şəhərdə quru yerə çubuq sancan, dişiylə-dırnağıyla çörək qazanan, böyük təhqirlərdən qorunmaqçun bəzən kiçik təhqirləri uda-uda yaşayan birisi ailə olur, ev olur, özünə koma qaraldır, digəl kinolara çəkilən, şöhrətli səhnələrdə oynayan, tamaşaçı alqışının məstedici əhatəsindən ziyafətlərə, məclislərə qaçan xalq artistinin, əməkdarın - cazibədar xanımın dünyadan köçəndə ayağını uzatmağa evi nədi, evciyi də olmur? Başqalarından yardım umacaq qədərində kasıb yaşadığı aşkarlanr?
Bəlkə onlar hər şeyi adına böyük sənət deyilən kiçik rollara qurban veriblər? İnsafa qalsa, elə böyük sənət fədaisi də olmayıblar. Sadəcə dövran sürüblər...
***
Tbilisi prospektiylə Həsən Əliyev küçəsinin kəsişməsində, ortalamada vaxtilə bir yaşıl çəmənlik salınmışdı. Yaşıllığa qulluq göstərənlər arasında bir qarı da vardı, qıra kimi əyilmiş həmin qarını səhər-axşam avtobus pəncərəsindən görmək mümkünüdü.
Bir dəfə böyrümdə oturmuş bir kişi telepatik bir duyğuyla - marağımı sezmişdi - əlində su fışqıran şlanq tutmuş qarını göstərdi: “Bizim məhlədə yaşayır. Oğlanları da pis qazanmır. Ancaq o, heç kəsə möhtac olmaq istəmir...”
O yaşda qadınçun təzyiqlə su vuran şlanqı tutmaq doğrudan çətiniydi...