3 Noyabr 2015 12:27
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ani ayaq saxlayıb ətrafa baxırsan, insanları sağdan-sola, soldan-sağa tələsən görürsən. Cümlə aləm hardansa harasa axır. Dünya tünlükdü. İnsan əlindən rahatlıq yoxdu, amma hamı həm də bir az yazıqdı, qayğılıdı, yəni dolana-dolana ünvana sağ-salamat gedib çatmaqçun əlləşir.

Yaxud həmişə gedib-gəldiyin yolu birdən dəyişirsən və ənənəvi marşrutdan çıxırsansa, əlin üzündə qalır. Heyrətlənirsən. Dükana girirsən, hamı dükandadı, dəlləyə gedirsən, növbədi, xəstələnirsən, heç demə, klinikalarda xəstə əlindən tərpənmək mümkün deyilmiş. Elə bil, bütün xəstəliklər infeksiyaya çevrilib.
Fısıldaya-fısıldaya, ürəyində ümidlə söhbət eləyə-eləyə gözləyirsən... Aptekə baş vurursan, hə-ə, hərənin əlində bir resept... Dərdə dərman axtaran nə çoxmuş.

Üstünüzə sağlıq, bir balaca naxoşlamışdım, həkimə dəyəsi oldum. Allah köməyi olsun, yaxşı adammış, ümidli bir reseptlə məni yola saldı. Mən ondan razı qaldım, o məndən. Mən onun üzünə təbəssüm elədim, o da mənim.

Dərmanların qiymətiylə bağlı fərmanlar verilir. Səhiyyə Nazirliyi apteklərdə reydlər keçirir, monitorinqlər aparır, sonra da nəticələri press-relizə yazıb yayır. Ancaq... başa düşürəm, jurnalist nə gördü yazmalı deyil. Bəlkə də əksinə, yazmalıdı, çünki jurnalistika həm də rəsmən tanınmış “demaqogiya”dı.

İlk məşhur aptekdə dörd dərmandan birinə quş qoyub yoxdu dedilər, kürkümə birə düşdü, canım vicələndi. Toxtaqlıq verdilər: “Axtarın, tapılacaq...”

Düzdü, çox da dəhşətli mənzərəylə qarşılaşmadım. Qaranlıq düşmüşdü, zəif yağış çisələyirdi, apteklərdə üşüyən adamların tələsə-tələsə dərman soraqlaması bir elə təəccüblü görünmürdü. Belə məlum olurdu ki, bəzi dərmanlar mən axtaran da daxil paytaxtda it-bata düşüb, göyə çəkilib, yağlı əppək olub it aparıb. Buna görə də geniş prospekt boyu loqosundan yaşıl işıq saçılan hər qapıdan girəsi oldum.

Bir aptekdə dərmanlarla yanaşı isti çay-kofe və qoğal satılırdı. Əlbəttə, nuş eləmək pis olmazdı, bir şərtlə: Əvvəlcə dərmanımı versinlər. Hicablı əcazçı mənə başqa apteki məsləhət gördü. Alnına “Aptek” yazılı bir tikiliyə girəndə hər ehtimala qarşı soruşdum: “Bura aptekdimi?” Dünyalar yola salmış qadın gülümsədi: “Gəlin. Əlbəttə, aptekdi...”

Zənnimcə, sualı doğru vermişdim. İçəridə divara pal-paltar satıldığı güman olunan çoxlu rəf bərkidilmişdi. Məşhur geyim brendləri vurulmuşdu. Qızdırıcıların işləməsinə rəğmən dərman saxlanan soyuducu gözə dəymirdi. Həmin axşam dərmanları siyirməyə dəst-dəst yığılmış çox aptek gördüm.

Beləcə irili-xırdalı, bəzən balaca deşiyə bənzər aptek-köşklərdən boylanan adam başlarına müraciət eləyə-eləyə gəldim çıxdım “28 May” metrosunun həndəvərinə.

Yolboyu yalnız bir aptekdə axtardığımı almaqdan imtina elədim. Mənə çox baha göründü. Ancaq sonda, sonuncu aptekdə 4 manat yuxarı qiymətə razılaşdım. Geri qayıtmaq gecidi. Məndə adətən belə olur, ilk fürsəti qaçırıramsa, daha şanssız oluram. Yazılmamış qanundu.

...Bilmədim bir axşamın təəssüratını maraqlı çatdırdım, ya yox. Deyəsən, Lev Tolstoydu, bir insanın bütün ömrü boyu yaşantılarını günbəgün qələmə almağı arzulayırmış. Yüksək əyarlı istedad tələb edən belə bir cəhddə bulunmaram əsla.

Ancaq qaranlığı hələ təzə olan bir axşamda tar-kamanın ifasıyla çiskin, aptek və reseptdən ibarət bir “kompozisiya”nı sunmaq istədim.


Türkiyəli qardaşlarımız demiş, xeyirli-uğurlu olsun!


Müəllif: Qurban Yaquboğlu