5 Noyabr 2015 12:49
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danışır, verilən sualları bir-bir cavablayır və az qala hər sözünə bir parça şeirlə qüvvət verir Əminə Yusifqızı. AzTV-nin "Sevilənlər" layihəsinin növbəti verilişini lentə alırıq. Qocaman aktrisa 8-ci onilliyin lap həndəvərində. Amma bu yaşda da şux, çəlimsiz canıyla belə qamətli, qürurlu, ən əsası məntiqli, hafizəli, nikbin və Sözə sevdalı. Deyir - "məni yaşadan şeir olub, poeziya olub". Sənətkarın gözlərindəki parıltı bizə - yaradıcı heyətə də keçir. Studiyada Sözün yaratdığı enerjinin elə bir qığılcımı cövlan edir ki, sanki bütün pavilyon sehrlənmiş - auditoriyadakı tələbələrdən tutmuş texniki işçilərə qədər. Növbəti "Sevilənlər"in də çox maraqlı olacağına artıq adım kimi əminəm.

***

Səslənən poeziyamızın sevilən nümunələridi - Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cəfər Cabbarlı, Rəsul Rza, Fikrət Qoca, İslam Səfərli qələmindən çıxan incilər - bəzisi nəğmələrdə yaşayan, bəzisi sanki elə bizim nəslin hafizəsində ilişib qalan, bəzisi televiziyanın fond yazılarında, arxivlərdə qorunan, bəzisi də köhnə kitabların saralmış vərəqlərində yol gözləyən - kitabı kim açar, kim açmaz, kim oxuyar, kim oxumaz - Allah bilir.

Kadrarxası söhbətimizdə Əminə xanım ömrünü həsr etdiyi bu janrın - bədii qiraətin bugünkü acınacaqlı vəziyyətindən danışır. O, öz epoxasının adamı, gənc yazarlardan tam bixəbər. Sözə və səsə hakim olduğu üçün bir də qiraət tədrisindəki naqislikdi onu incidən. "Şeiri tədris edən müəllimlərin danışığını eşitsəz, dəli olarsız, - deyir, - nə diksiya var, nə düzgün orfoepiya, nə məntiqi vurğu, nə səs, şeiri dərk eləmək də yoxdu".

***

Bosforu dörd əhatələyən o sevgi şəhərinə çoxumuz aşiq. İstanbula hər gedişində Gülhanə parkındakı ceviz ağacını axtaran, buluda, balığa, gəmiyə, yosuna, dənizə Nazimin gözlərilə baxan tək mən deyiləm ki. Son səfərimdə gördüklərim də elə o havada - şeir havasında, amma Nazimin yazdığı "kurşun kibi ağır" havada deyil, sevdalı bir şeir havasında. İstanbul (sonradan öyrənirəm ki, bütün Türkiyə) yeni bir aksiyaya qoşulmuş. Və heç bir rəsmi razılaşma, ya bizlərin adət etdiyi kimi yuxarıdan göstəriş-filan olmadan - adi insanların könüllü istəyi ilə. "Şeir sokakda" adlanan aksiyaya qol qoyanlar daşa-divara şeir yazırlar. Səkilərin qırağı, körpülərin altı, qapıların girəcəyi, hasarların üstü - şəhərin arxitekturasına ziyan vurmayan bütün yerlərdə məşhur şairlərin bir beyt şeirini divara həkk edirlər. Məsələn - "okyanusta ölməz də insan, gidər bir kaşık sevdada boğulur. Cemal Süreyya" yazısı kimi. Şeirlər hər yerdə. Hər yer şeir - dayanacaq da, kafedəki masalar da, elanların yapışdırıldığı şalbanlar da, ağla gələn və gəlməyən yerlər. Şeirlər küçələrə çıxmış - sanki bir az hava almaq üçün, əslində insanlara hava vermək, zövq aşılamaq, ovqat yaratmaqdı məqsəd. Hər şeirin bir müəllifi olsa da əsl sahibi milyonlarla oxucu sayılmazmı? Bu aksiyada şeirlər söz sahibinin ixtiyarında.

Öyrənirəm ki, "Şeir sokakda" sloqanıyla başlayan layihənin ilki Fransada baş tutub - 1960-larda. Türkiyədə bu işə üç il əvvəl qol qoyublar. "Dəftəri qapat. Şeir sokakda!" yazısıyla başlayan bu aksiya yalnız küçələrdə tamamlanmayıb, virtual aləmə də keçib. Bu sloqanla onlarla internet-səhifə yaranıb, insanlar küçəyə cizdikləri şeirin həmən fotosunu çəkib sosial şəbəkələrdə yerləşdirib, beləcə şeir yenidən dəbə minib. Baxdıqca həzz alır, gördükcə oxuyur, oxuduqca düşünür, xatırlayır, sözü yaşadırsan. Bundan yaxşı nə var ki? Gəl ki, belə gözəl işə də əmma qoyanlar var. "Şeir küçədə deyil, kitabda olmalı" söyləyən mühafizəkarların fikrincə, türk şeiri yollara çıxdı, havasını dəyişdi, küçələri dolaşdı, yetər, artıq qayıdıb gəlsin yerinə - kitablara, rəflərə və bir daha küçələrə düşməsin gərək. Halbuki hər şairin qələmə aldığı şeir elə küçələrdəki tək-tək insanlar üçündür, sonucda milyonlarla oxucuya aid. Oxunmayacaqsa, sölənməyəcəksə, sevilməyəcəksə, bir insanın mənəvi ehtiyacını ödəməyəcəksə - nə mənası.

***

Əminə Yusifqızı şeir dedikcə bu İstanbul olayını elə-belə xatırlamıram. Bəlkə biz də bir cəhd etsək, küçələrdəki "bura zibil tökənin..." hədələrini divarlardan bilmərrə silib də yerini şeirə, bədii sözə təslim etsək, poeziyamızın inci sətirlərini hafizələrdən küçələrə, ağacların gövdəsinə, yolların səkisinə çıxarsaq, söz sahiblərinin sözünü də, özünü də xatırlatsaq - bu sətirləri oxuyan hər kəsə nələr vermiş olarıq, nələr - bir ovuc sevinc, xoş təbəssüm, bir gənclik xatirəsi, bəlkə də yaşamaq üçün bir təkan, bir ümid, bir qucaq sevda, inam, xoşbəxtlik. Daş divarlardakı küçə adları nə deyir ki, bizə? Tutaq ki, Səməd Vurğun və ya İslam Səfərli küçəsi. Elə bu? Bu yazıya bir sətir şeir, bir ovuc sevgi, bir udum nəfəs, bir çimdik duyğu da qatılsa - nə gözəl. "Şeir sokakda" deyib biz də başlasaq, ömrümüzə rəng gələr, rəng. Niyə də olmasın ki?


Müəllif: Afaq Vasifqızı