14 Noyabr 2015 12:19
1 356

Yadınızdadı o üç misra? Onda hələ Ələkbər uşağıdı, Mirzə deyildi. Onu molla yanına qoymuşdular təhsil almağa, sonra da orucluq ayında savabı bol ilk Ramazan orucu tutmağa məcbur eləmişdilər, o isə yazmışdı:

Tutdum orucu İramazanda,
İki gözüm qaldı qazanda,
Mollam da döyür yazı yazanda...

Mən Mirzə Ələkbər Sabirin şair başlanğıcını bu misralarda görürəm. Onun uşaq qəlbinə iman yox, şeir hakimiydi.

***

Qeyri-standart adamlar var. Başqalarından fərqli həyat sürürlər, onları düzəltmək qeyri-mümkündü; öyüd-nəsihətdən faydalanmırlar, bir sözlə, istədikləri kimi yaşayırlar. Əliağa Vahid inqilabçı olmayıb, amma ipə-sapa yatan, özgələri kimi yaşayan da deyildi. İçəniydi, iki dəfə evlənmişdi, deyilənə görə, qəzəllərini xanəndələrə satırmış. Əhli-kefidi.

Amma şairidi. Mən onu bu misrasından sevdim: "Demə Məcnunə dəli, bəlkə də, Leyla dəlidir..."
Qəribədi, onun cəmi bir fəxri adı var, o da müharibə illərində verilib. Əməkdar incəsənət xadimi adı. Deyilənə-yazılana inansaq, bu adı meyxanalarına görə alıb. İkinci Dünya savaşı zamanı Azərbaycanın da daxil olduğu sovet məkanında faşizm əleyhinə təbliğat kampaniyalarına qoşulubmuş. 1929-cu il təvəllüdlü rəhmətlik atam faşistlərin məğlubiyyətinə Vahidin qoşduğu bir meyxananı mən uşaq olanda əzbər deyirdi. Ha çalışdım, yadıma sala bilmədim.

Deyilənə görə, Vahidi müharibəyə aparmaq istəyirlər, hərbi formanı geyinir, özünə baxıb deyir: "Kül başuva, ay Hitler, gör üstünə kim gəlir..."

Vahiddə Bakı-Abşeron mühitinin koloriti var. Məncə, onun şeirləri elə bu bölgənin ləhcəsinə uyğun deyilib oxunmalıdı. Məsələn, belə: "Demə Məcnunə dəli, bəlkə də, Leyla DƏLİDÜR..." Belə oxuyanda daha ləzzətli çıxır.

***

Vahidin incə mətləblərə toxunan, adamın tüklərini biz-biz eləyən - xüsusən, muğamların müşayiətiylə - misraları var. Biz orta məktəbdə oxuyanda (nə onda, nə də sonralar Əliağa Vahidin yaradıcılığı orta məktəbdə tədris olunmayıb) onun bir qəzəli "Azərbaycan dili" dərsliyinin tapşırıq bölümünə bütöv salınmışdı. Ondan bir beyt hələ də yadımdadı:

Mən ağladıqca nigarım gülərdi göz yaşıma,
Gülərkən ol güli-xəndanı kim görüb o desin.

Yaxud buna baxın:

Bu yaman gündə mənim bircə ümidim sənsən,
Sənsiz heç bir kəsə aləmdə gümanım yoxdur.

***

Bu il Əliağa Vahidin anadan olmasının 120 ili tamam oldu. Ölümündən 50 sənə ötdü. Hesablamada sizə əziyyət vermədən deyim ki, Vahid 1895-ci ilin martında anadan olub, 1965-ci ilin oktyabrında dünyasını dəyişib.

1990-cı ilin, yəqin ki, mart ayıydı. Filarmoniyanın altındakı kiçicik bağda Əliağa Vahidə qoyulmuş heykəlin açılış mərasimiydi. Qəribədi, yenə qəribədi, bu nə heykələ oxşayırdı, nə də büstə; heykəldən kiçiyidi, büstdən böyük. Postamenti də yoxudu, Vahidin bitkiyə bənzədilmiş heykəl-büstü eləcə yerə qoyulmuşdu.

Törənə o zamankı prezident Ayaz Mütəllibov da qatılmışdı. Sadə mərasimiydi. Nə gur adam varıdı, nə də hamıya göz qoyan mühafizəçilər.

***

Heç kəsə sirr deyil ki, heykəllər də hərəkət edir. Ucalır, enir. Bir neçə il qabaq "Tarqovı"da təmir aparılanda Nəsiminin heykəlini müvəqqəti götürmüşdülər, təzədən yerinə qaytardılar.

Vahidi isə qaytarmadılar. Həmin o məşhur yarıheykəl-yarıbüstü İçərişəhərdə "İçərişəhər" metrosu tərəfdən girişə "yola saldılar". Niyə? Vahid İçərişəhərli deyil, Masazır kəndində doğulub. Heç vaxt metroya da minməyib. Bəs onda niyə?

Demə Məcnunə dəli, bəlkə də Leyla dəlidir...


Müəllif: Qurban Yaquboğlu