16 Noyabr 2015 15:05
1 032

Bakıdan Parisə qısa məsafə 3500 kilometrdən artıqdı. Ancaq müasir dünyada təhlükələrin eni-uzunu kilometrlərlə ölçülmür.

Görünür, elə bu səbəbdən sosial şəbəkələrdə bəzi yurddaşlarımızın Parisdəki İŞİD terrorundan sonra Fransa bayrağına bürünməsinə hətta bu ölkənin ənənəvi ermənipərəst mövqeyi də mane olmadı. Təzə dərd əvvəlki problemləri yaddan çıxardı. Fransız qədər fransız olduq.

Məsələ terrordan, birbaşa günahkar sayılmayan insanların qətlindən gedirsə... unutqan olmaq ayıb deyil. Həmin o məşum, məlun, məchul axşam (yerli vaxtla saat 21-dən, Bakı vaxtilə gecə 12-dən sonra) kimisi teatrda konsertə, kimisi stadionda futbola baxır, kimisi restoranda şam eləyir, küçədə-bulvarda gəzişir, istirahətin dadını çıxarırmış. Parisin axşamları işıqlı, gecələri zil qaranlıq olur – deyirlər.

Dinc mülki həyat insanları çeşidli yerlərə, fərqli ünvanlara səpələyir. Hamı da arın-arxayın... Hardan biləydilər?

İndi bir çoxları – elə həmin sosial şəbəkələrdə – Suriya savaşını misal göstərir, orda qırılan insanları Paris olaylarına qiyas gətirir, bəzi ekspertlər terrorçuların məqsədlərindən birinin məhz bu olduğunu deyirlər. Yəni buyurun, cənablar, siz də ölə bilirsiz; biz də sizi öldürə bilirik, zira siz də insansız, biz də.

Son məlumata görə, Paris terrorunda ölənlərin sayı 128-di, Suriyada ölənlərin sayı isə 350 mini keçib. Ölülərin statistikası nəsə statistika deyil, alayı bir şeydi. Burda rəqəmlər yox, ölənlərin gözləri görünür.
Hadisə axşamının mistikası da var. Cümə günü ayın 13-nə düşmüşdü: miladi təqvimlə noyabrın 13-ü, hicri-qəməri təqvimlə səfər ayının 1-i idi. Həmin tarixi nəhs sayan dünyagörüş (xurafat) Qərblilərin özünə məxsusdu. Bəziləri həmin təqvimi xristian peyğəmbəri İsanın çarmıxa çəkiməsiylə əlaqələndirir. Qədim romalılar da, yunanlar da bu təqvimi sevməzlərmiş.

İslam aləmində isə cümə müqəddəs gündü. Müsəlmanların belə bir deyiminə rast gəldim: “Cümə həftənin, Ramazan ilin, Həcc ömrün ölçüsüdü”. Qurani-Kərimdə ayrıca “Cümə” surəsi də var.

Əlbəttə, hər pis, bəd, nəhs hadisədən nikbin nəticələr də çıxarmaq mümkündü, çünki hər şey niyyətə bağlıdı. Misalçün, dünya anlayacaq ki, terrorla mübarizədə “sənin-mənim” anlayışı ola bilməz. Bu baxımdan “İyirmilər”in Antalya görüşündə Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın jestləri, üz cizgiləri, elə nitqinə daxil edilmiş sözlər də bundan xəbər verirdi. Yəni İŞİD də qorxuncdu, PKK da, YPG də. Terror terrordu, alası-bulası, yaxşısı-pisi olmur.

Yeri gəlmişkən, bəziləri terrora gün, tarix seçərkən G20-nin Antalya sammitini qeyd eləməyi unutmurlar. Yəni bu terror aksiyasını bütünü dünyaya, dünya liderlərinə mesaj və xəbərdarlıq kimi dəyərləndirirlər. Doğrudu, amma bu elə terrorçuların özlərinin əleyhinədi – böyük güclər terrorizmə qarşı mübarizədə anlaşma üçün əlverişli imkandan yararlanacaq, istişarə edəcəkdilər (etdilər də).

Paris təkcə Qərb sivilizasiyasının möhtəşəm paytaxtlarından biri deyil, bu şəhər yalnız inqilab beşiyi sayılmır, həm də mədəni və azad insanların ünvanıdı. Ancaq insanlar hər yerdə təxminən eyni cür ölürlər.
Amerikalı qrupun konsert verdiyi “Bataklan” teatr salonunun arxa qapısınıdan tamaşaçıların necə çıxıb qaçdığı üzbəüz binada görüntüyə alınıb. Axı, onlar belə “konsert” gözləmirdilər. Yerə uzanmış ölülərin yanından keçir, üstündən atılır, qaçıb canlarını qurtarırdılar.
Ölülər bundan inciməzlər...


Müəllif: Qurban Yaquboğlu