19 Noyabr 2015 16:59
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Space”də işlədiyim vaxtlardı - “Səhər” departamentinin rəhbəriyəm. Kanalın yeni başçısı o zaman ən son və qəribə tele-eksperimentləri məhz bizim departamentdə sınaqdan keçirir. O çağlar hələ sınaq zamanı və adı gedən kanal bugünkü kimi çal-çağır meydanına çevrilməyib.

Əl-qərəz, növbəti eksperiment bu ki, efirdə yeni “Şair və şairə” rubrikası hazırlayaq. İcrası çox asan. Bir şair çağırırsan və bir şairə. Və bu iki yaradıcı insan öz şeirlərini oxuyur. Amma və lakin bu şeirlər mütləq sevgi şeirləri olmalıdı və şairlər bu şeirləri bir-birinə söyləməlidirlər, lap aşiq-məşuq misalında, hələ süzgün baxışlar, naz-qəmzə, əda, ehtiras-filan da yaranmış olsa – xub, lap əla, demək ki, işi bacarıqla öhdələdin. Yəni rubrikanın missiyası bu – insanlar baxsınlar, görsünlər, duyğulansınlar və bir-birini sevsinlər, lap elə səhər-səhər. “Qardaşım, bu, Azərbaycan efiridi, bura çağırdığımız da artist-martist deyil, müəllifdi, özünə hörmət eləyən bu hoqqaya getməyəcək, mental məsələlər var, şairə olanda nolar – onların da əri, qardaşı var, necə yəni efirdə duyğu-ehtiras-filan, yox bir qaşqaldaq”. Bu və digər şəkildə etirazını bildirirsənsə də deyilir ki yox, missiya budu və missiyanı gerçəkləşdirmək lazım. Ağa deyir sür dərəyə və o rubrikanı bir neçə ay elə dərəyə sürməli olursan, ta dərənin dibinə yuvarlanana qədər. O arada efirə çıxmaq üçün sinov gedən, sevdalı obrazılar yaratmaq nədi, lap az qala sevgi səhnəsi göstərməkdən belə çəkinməyən şairçiyəzlər də gördüm, ləyaqətli, istedadlı, özünə və sözünə hörmət edən şairlər də. Bu hadisəni niyə xatırladım? Şairlərin keyfiyyətini dəyərləndirmək üçün bundan da əlverişli şərait ola bilməzdi ki, həmin rubrika da məhz bu cəhətinə görə dəyərli oldu. O ara tanıdığım istedadlı şairlərdən biridi Qismət. Ünsiyyətimiz quru “Salam-əleyküm” səviyyəsindədi, amma cavan oğlanın yazdıqlarını ləzzətlə oxuyuram və çalışıram ki, nəzərimdən qaçmasın, izləyirəm, xoşladığım imzalardan biridi çünki.

***

Bakını sevən, əzizləyən, vəsfinə təriflər yağdıran söz adamları çox olub, çox da olacaq. Yüzlərlə, minlərlə təyin, məcaz, metafora, bənzətmə arasında biri də Qismətə aid – “mollası villalar tikdirən şəhər”.

***

Hər şeyin – mollanın da, mollanın villasının da, kilolarla brilyantın da, şəxsi zirzəmilərin də günahını, səbəbini özgə yerdə axtarmayın. Günahkar bəllidi – biz və bizim kimilər.

***

Yaxın adamlardan birinin yasıdı. Yaşı 70-ə çatmayan bir hörmətli kişi dünyasını dəyişib. Rəhmətliyin illərlə qapısını açmayan eli-elatı yığışıb hüzr yerinə, qara-qura arvadlar xorla bərkdən-bərkdən ağlaşırlar. Arada fikrim qalır eşitdiyim sözlərdə - rəhmətliyi qoyuna-quzuya bənzədən də olur. “Lənət şeytana!” deyib zəngin xəzinəmiz olan folklorumuz barədə acı-acı düşünürəm – sən bir təfəkkürə bax. Ölənin qızı isə şəhər adamıdı, qışqırıb eləmir, ağı-filan bilməsə də ağlayır için-için. Məclis sakitləşincə kişinin qohum-əqrabası qıza dil-ağız eləyir – “sağ ol, ay bala, dədəni yaxşı ağladın”. Aha. Stop! Şou baş tutub. Qanunvericilərin ümumi səsverməsi qızın xeyrinədir. Bəli. Dədəsini yaxşı ağlayıbmış. Bu sətirləri oxuyan kişi oxucular heç təəccüblənib eləməsin. Bizim yaslarımız da özünəxas göstəri misalında. Arvadların ağlaşması da, sözü birindən alıb başqasına ötürməsi də, zilə qalxıb bəmə enmələrin tənzimlənməsi də kortəbii-filan deyil, konkret ssenarisi olan şoudur, şou. Ta ki aş gəlincə. Aş süfrəyə gəldimi hər şey unudulur. Unudulan bəzi qərarlarımız kimi.

***

Əgər verilən qərarlar unudulmasaydı... Qaldırılan məsələlər, həm də rəsmi dairələrdə qaldırılan məsələlər dərin bir quyuya atılmasaydı – bu məmləkətin şairi öz baş kəndini tərif edəndə “mollası villalar tikdirən şəhər” yazmayacaqdı. Onda bu şəhərin mollaları elə adi maaşabaxan adam kimi dolanasıydılar. Adi maaşabaxanın həddi nədi villa tikdirə? Qəfil xəstələnib dava-dərman alanda xərcə-borca düşür qaragün. Allahın kəlamını pulla satan nadürüstlərsə millətin başına corab hörüb pulunu mənimsəyir. Ki, gündəlik azuqənin və icbari qırx günlük dua alverinin hesabına özünə villalar tiksin. Sonucda tikir də. Sizsə, mənim keçəl-küçəl qardaşlarım, yas məclislərindən şan-şöhrət kimi istifadə edib cüvəllağı mollaların cibini doldurmaqla məşğulsunuz. Hamısı da şou bitincə elinizdən-gününüzdən olan beş-on ağzıgöyçəkdən alqış qoparmaq naminə. Niyə axı? Sonucda Bakı da olur “mollası villalar tikdirən şəhər”… yazıq deyilmi Bakıya?

***

Molla və villa sözləri arasında qoşa “L” samitindən başqa bir uyğunluq olmadığı gün kimi aydındı. Biri – molla – ideyaca ibadət əhli olduğundan rüşvətdən uzaq, haramdan azad sayılsın gərək. İkinci söz – villa – çox nadir hallarda halal pulla tikilər, bu məmləkətdə milyonlarla manatı halallıqla qazana bilənlər barmaq hesabı qədər az. O da aydındı ki, indi bu sətirləri oxuyub da hirslənən adətpərəst və dinpərəst qardaşlar xorla soruşacaqlar ki, bəs “yetim əlində qoğal əcaib”? Mənsə “gözü çıxan qardaş göz qabağında olar” deyəcəm. Dünənəcən mollalıq eləyənlər tutulub damlanan kimi hər birinin neçə milyonuq villaları üzə çıxır. Hamısı da haram, oğurluq. Mollası, oğrusu, məmuru villalar tikdirən şəhər olmasın Bakı. Qoy o villaları millətin istedadlısı, savadlısı, ağıllısı tikdirsin. Pis söz denirəm ki.

Afaq Vasifqızı

P.S. Təmtəraqlı yas süfrələri yığışdırılsın, tək halva-çörək qalsın demişdilər, bəs noldu?


Müəllif: Afaq Vasifqızı